Şərur şəhər uşaq bağçasının yeni binası
istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən Şərur Rayon İcra
Hakimiyyətinin başçısı İbrahim Məmmədov rayonda
aparılan tikinti-quruculuq işlərindən
danışmışdır.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov
bağçanın istifadəyə verilməsi münasibətilə
kollektivi, bağçanın xidmətindən istifadə edən
ailələri, uşaqları təbrik edərək demişdir: - Ulu
öndər Heydər Əliyev uşaqlara qayğını dövlət
siyasətinin mühüm istiqamətlərindən biri kimi
dəyərləndirirdi. Ümummilli liderin bu sahədə
yolunu uğurla davam etdirən Prezident İlham
Əliyevin 2007-ci il 12 aprel tarixli Sərəncamı
ilə "Azərbaycan Respublikasında məktəbəqədər
təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu
illər)" təsdiq olunmuşdur. 2009-cu il ölkəmizdə
"Uşaq ili" elan edilmişdi. Bu proqram və
il çərçivəsində muxtar respublikada 2005-2010-cu
illər ərzində fəaliyyətdə olan 15 uşaq
bağçasından 10-u yenidən quruldu və ya yenidən
tikilərək istifadəyə verildi. Hazırda Naxçıvan
şəhərinin 2-ci mikrorayon massivində 200 yerlik,
Culfa şəhərində isə 160 yerlik uşaq bağçası
tikilir. Obyektlər bu il istifadəyə veriləcəkdir.
Muxtar respublikada 15 uşaq bağçası fəaliyyət
göstərir. Bağçalarda 1770 uşağın təlim-tərbiyəsi
ilə 513 tərbiyəçi - müəllim, dayə və xidməti
heyət məşğul olur. Bağçalar üçün yaradılmış
şərait ulu öndərimizin müəyyənləşdirdiyi dövlət
siyasətinin yerinə yetirilməsinin göstəricisidir.
Açılışı bildirən lent kəsildikdən sonra
iştirakçılar binada yaradılan şəraitlə tanış
olmuşlar.
AzərTAc |