| 
								
								Aprelin 13-də Azərbaycan Dillər Universitetində 
								(ADU) Təhsil Nazirliyi və Azərbaycan Təhsil 
								İşçiləri Azad Həmkarlar İttifaqı Respublika 
								Komitəsinin birgə təşkil etdiyi ümummilli 
								liderimiz Heydər Əliyevin anadan olmasının  
								87-ci ildönümünə həsr olunmuş ali məktəb 
								tələbələrinin  bədii yaradıcılıq festivalı 
								keçirildi. Tədbirdə ADU-nun rektoru, millət 
								vəkili, professor Səməd Seyidov, universitetin 
								professor-müəllim heyəti və tələbələri iştirak 
								edirdilər. Şair Baba Vəziroğlu, bəstəkar Faiq 
								Sücəddinov,  xalq artisti Yalçın Rzazadə  
								münsiflər heyətinə daxildilər. 
								
								Tədbirdə qeyd edildi ki, Azərbaycan xalqının 
								ümummilli lideri Heydər Əliyevin milli mənəvi 
								dəyərlərimizə xüsusi diqqəti və ona böyük önəm 
								verməsi ölkəmizdə milli özünüdərk prosesinin 
								uğurla getməsinə geniş rəvac vermişdir. Mədəni 
								irsimizin qorunub saxlanmasında, inkişaf 
								etdirilməsində, onun geniş təbliğində, dünya 
								miqyasında şöhrət tapmasında ulu öndərimiz 
								Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri 
								olmuşdur.  
								
								Bədii yaradıcılıq festivalının əsas məqsədi ali 
								məktəb tələbələrini milli vətənpərvərlik, 
								mədəniyyətimizə, incəsənətimizə, milli 
								adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, 
								eyni zamanda incəsənət sahəsindəki istedadlarını 
								üzə çıxarmaq və inkişaf etdirməkdir. 
								
								Festivalda ADU-nun tələbələrindən ibarət "Dalğa" 
								rəqs qrupu müxtəlif rəqslər nümayiş etdirdi, xor 
								kollektivi "Heydər atamız", "Təbiəti qoruyaq" və 
								s. mahnılar ifa etdi, vətənpərvərlik ruhunda 
								şeirlər səsləndirildi. Eyni zamanda ulu öndərin 
								həyat yolunu əks etdirən kinosüjet təqdim edildi. 
								
								Festivalda Azərbaycanı Eurovision-2009 
								müsabiqəsində uğurla təmsil edərək ilk üçlüyə 
								qatılmağı bacaran ADU-nun regionşünaslıq 
								fakültəsinin 4-cü kurs  tələbəsi  Aysel 
								Teymurzadə "Falling" və "Always on my mind" 
								mahnılarını səsləndirdi. ADU tələbələrinin 
								hazırlığından məmnunluğunu bildirən münsiflər 
								heyəti tələbələrə uğurlar arzuladı. Rektor Səməd 
								Seyidov tələbələrə, münsiflər heyətinə, həmçinin 
								Aysel Teymurzadəyə təşəkkür etdi.  
								
								Sonda Azərbaycan Dillər Universitetinin himni 
								səsləndirildi. 
								
								Şakir CƏFƏROV |