Son illər ölkəmizdə milli ənənələri qorumaqla
Avropa təhsil məkanına inteqrasiya prosesinin
sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu
sahədəki təcrübəsinin öyrənilərək yayılması,
orta ümumtəhsil məktəblərində, ali təhsil
müəssisələrində informasiya- kommunikasiya
texnologiyalarının (İKT) geniş tətbiqi
istiqamətində kompleks tədbirlər həyata
keçirilir. Sevindirici haldır ki, ölkəmiz İKT
sektorunun inkişaf etdirilməsi üzrə regionda
lider dövlətə çevrilmişdir. Bu liderliyi qoruyub
saxlamaq, inkişaf etdirmək üçün informatikanın
öyrənilməsi, həmin sahəyə diqqətin artırılması
zəruridir. Yaşadığımız dövrün vacib şərtlərindən
biri də məhz insanlarda məntiqi və alqoritmik
təfəkkür tərzini, məsələlərin səmərəli həlli
üsullarının seçilməsinə yönəlmiş yaradıcı və
əməli düşünmə qabiliyyətini formalaşdırmaq,
həmçinin onların gündəlik qarşılaşdıqları
problemlərin həlli ilə bağlı tələb olunan
zəruri informasiyaları kompüter vasitəsilə ala
bilmələri üçün texniki bacarıq və vərdişlərin
aşılanmasıdır.
İnformatika
zehnin inkişafına kömək edir, məntiqi təfəkkürün
formalaşmasında, mühakimə və dərketmə
qabiliyyətinin yüksəldilməsində, elmi, praktik
biliklərin genişlənməsində, yeni ixtisaslara
yiyələnməsində əhəmiyyətli rol oynayır. Dəqiq və
humanitar elm sahələrinin inkişafında, texnika,
müasir texnologiyaların təkmilləşdirilməsi
prosesində ortaya çıxan problemlərin həllində
insanların yaxın köməkçisinə çevrilir. Bu
baxımdan əksər dünya ölkələrinin təhsil
sistemində informatikanın ən mühüm və vacib
fənlərdən biri kimi öyrənilməsinə xüsusi diqqət
yetirilir.
Elə bu günlərdə AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunda Rusiya Federasiyası
Prezidenti mükafatı laureatı, professor Vladimir
Kiryuxin və İnformatika üzrə Rusiya Olimpiada
Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi
Marina Svetkova ilə keçirilən görüşdə də məhz
həmin məsələlər ətrafında fikir mübadiləsi
aparıldı, informatika üzrə beynəlxalq
olimpiadalarda uğurların əldə olunması üçün
hazırlıq mərhələləri, yüksək səviyyəli kadr
hazırlığı ilə bağlı bir sıra təkliflər
dinlənildi, bu sahədə beynəlxalq təcrübədən
bəhrələnməyin zəruriliyi qeyd edildi.
Tədbirdə Təhsil Nazirliyinin Təhsilin
idarəolunmasının məlumat sistemləri şöbəsinin
müdiri İsmayıl Sadıqov, Bakı Dövlət
Universitetinin dosenti, fizika-riyaziyyat
elmləri namizədi Ramin Mahmudzadə, tanınmış alim
və mütəxəssislər, bir sıra ümumtəhsil
müəssisələrinin informatika müəllimləri, ötən il
informatika üzrə keçirilən beynəlxalq
olimpiadada ölkəmizi təmsil edən məktəblilər
iştirak edirdilər.
Görüşdən əvvəl rusiyalı qonaqlar yaxınlarda
institutda istifadəyə veriləcək ən son
texnologiyalarla təchiz olunan yeni
Tədris-İnnovasiya Mərkəzinə baş çəkdilər. Burada
distant təhsilin, xüsusi proqramların
reallaşdırılması üçün yaradılan şəraitlə,
tədrisin keyfiyyətinə nəzarət sistemləri,
informatika fənni üzrə ümumrespublika
olimpiadalarının, elmi konfrans və seminarların,
"dəyirmi masa"ların keçiriləcəyi otaqlarla tanış
oldular.
Tədbiri İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev
açaraq Azərbaycanda informasiya cəmiyyəti
quruculuğunun dövlət siyasətinin tərkib
hissəsinə çevrildiyini, ölkə başçısı cənab İlham
Əliyevin rəhbərliyi altında bu siyasətin ardıcıl
və məqsədyönlü şəkildə həyata keçirildiyini
bildirdi.
Direktor rəhbərlik etdiyi institutda fasiləsiz
keyfiyyətli təhsilin təmin edilməsində
informasiyalaşdırma, İnternet mühitində sosial
şəbəkələr və müstəqil təhsildə onların rolu,
proqram mühəndisliyi, informasiya cəmiyyətində
təhsil hüququ, informasiya mədəniyyəti, İT
ixtisasları üzrə mütəxəssis hazırlığı, distant
təhsil nəzəriyyələri və digər istiqamətlərdə
aparılan elmi araşdırmalar haqqında ətraflı
məlumat verdi. İnstitutun fəaliyyəti və inkişaf
perspektivlərindən söz açan R.Əliquliyev "Elektron
Azərbaycan" Dövlət Proqramı və "Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı
(2008-2012-ci illər)" çərçivəsində innovasiya
texnologiyalarının inkişafı, intellektual
resurslarının artırılması, İKT-nin müxtəlif
problemlərinin tədqiqi, informasiya cəmiyyətinin
elmi-nəzəri əsaslarının araşdırılması,
regionlarda orta ümumtəhsil məktəblərində
informatika fənninin tədrisi və s.
istiqamətlərdə həyata keçirilən tədbirlərdən, o
cümlədən İTİ-nin Tədris-İnnovasiya Mərkəzində
görüləcək işlərdən danışdı.
"Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı
(2008-2012-ci illər)"nın əsas məqsədinin
təhsilin bütün pillələrində müasir İKT-nin
səmərəli tətbiqi və istifadəsi ilə vahid
ümummilli təhsil mühitinin formalaşdırılması,
əhalinin bütün təbəqələri üçün keyfiyyətli
təhsil almaq imkanlarının təmin edilməsi, habelə
ölkənin təhsil sisteminin dünya təhsil məkanına
inteqrasiya olunması üçün şərait yaratmaq olduğu
vurğulandı. Elektron təlim texnologiyalarından
istifadə bacarığının mütləq şərtlərdən biri kimi
dəyərləndirildiyini bildirən Rasim Əliquliyev
yüksək texniki biliklərə malik pedaqoji
kadrların hazırlanmasının bu gün Azərbaycan
təhsil sisteminin qarşısında duran ən mühüm
vəzifələrdən biri hesab edildiyini qeyd etdi. O
daha sonra təhsil sistemində İKT
infrastrukturunun inkişaf etdirilməsi
istiqamətində həyata keçirilən tədbirləri görüş
iştirakçılarının diqqətinə çatdırdı.
Çıxışında vahid informasiya mühitinin
yaradılması üçün təhsil müəssisələrinin
İnternetə çıxışının təmin edilməsi, distant
təhsil kurslarının təşkili, milli elektron
resurslarının yaradılması, virtual pedaqoji
cəmiyyətlərin fəaliyyət göstərməsi,
telekonfransların, forumların təşkilinin vacib
şərt olduğunu vurğulayan direktor keyfiyyətli
təhsil sisteminin təmin edilməsi üçün İKT-nin
imkanlarından səmərəli istifadənin
zəruriliyindən danışdı, bu istiqamətdə
informatika üzrə olimpiadaların keçirilməsinin
mühüm əhəmiyyət kəsb etdiyini söylədi.
Məlumat üçün bildirildi ki, ilk dəfə informatika
üzrə beynəlxalq olimpiada YUNESKO-nun
təşkilatçılığı ilə 1989-cu ilin mayında
Bolqarıstanın Pravets şəhərində keçirilmişdir. O
zamandan etibarən hər il məktəblilər arasında
informatika üzrə keçirilən beynəlxalq olimpiada
(İOİ) dünyada kompüter texnologiyaları üzrə ən
nüfuzlu müsabiqə hesab edilir. Bu mötəbər bilik
yarışmasında dünyanın 80-dən çox ölkəsi təmsil
olunur. Hər bir ölkədən yalnız 4 məktəblinin
qatıldığı olimpiadada iştirakçılar alqoritmik
məsələlərin həlli, proqramlaşdırma sahəsində öz
biliklərini nümayiş etdirirlər. Müsabiqənin
qalibinə "Dünyanın ən qabaqcıl kompüter alimi"
titulu verilir.1994-cü ildən ölkəmiz də bu
olimpiadada iştirak etməyə başlamış, müxtəlif
illərdə gümüş və bürünc mükafatlar
qazanılmışdır. Qeyd olundu ki, ölkəmizdə
beynəlxalq standartlara uyğun informatika üzrə
ümumrespublika olimpiadaları isə hər il Heydər
Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi və AMEA
İnformasiya Texnologiyaları İnstitutunun birgə
təşkilatçılığı ilə keçirilir.
Çıxış üçün söz alan BDU-nun dosenti Ramin
Mahmudzadə gənclərin İKT biliklərinin
təkmilləşdirilməsi, informatika, proqramlaşdırma
sahəsində istedadlı tələbə və məktəblilərin
aşkara çıxarılması, onlara dəstək məqsədi
daşıyan informatika üzrə olimpiadaların müasir
dövrdə böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Bu sahədə bilik və təcrübəsini azərbaycanlı
həmkarları ilə bölüşmək üçün ölkəmizə gələn
rusiyalı həmkarlarına gələcək fəaliyyətlərində
uğurlar arzuladı.
İnformatika üzrə Rusiya Olimpiada Mərkəzinin
direktoru, pedaqoji elmlər namizədi Marina
Svetkova elm və texnologiyanın inkişafının,
qabaqcıl innovasiya sisteminin nəzəri,
metodoloji və tətbiqinin elmi əsaslar üzərində
formalaşdırılmasının vacibliyini qeyd etdi.
"E-Rusiya" Dövlət Proqramı çərçivəsində vahid
e-təhsil sisteminin rəqəmsal məktəblərin
inkişafı istiqamətində 2007-2010-cu illərdə
həyata keçirilən layihələr haqqında məlumat
verən çıxışçı innovasiya texnologiyalarının
dinamik inkişafının yeni məzun modelinin
hazırlanmasını zəruriləşdirdiyini dedi.
Rusiyada son 5 ildə məktəblərdəki İKT resursları
vasitəsilə informatika sahəsində distant
təhsilin həyata keçirildiyini görüş
iştirakçılarının diqqətinə çatdıran qonaq müasir
tələblərə müvafiq olaraq informasiya mühitinin
formalaşdığını, şəbəkə müsabiqə və
olimpiadalarının reallaşdırıldığını söylədi.
Qeyd olundu ki, müxtəlif profilli siniflərin
mövcud olduğu informatika təmayüllü məktəblərdə
informasiya mərkəzinin təşkilinə xüsusi önəm
verilir, region məktəblərində şəbəkə profilli
biliklərin formalaşmasına, məktəb saytlarında
olimpiada bölməsinin yer almasına diqqət
yetirilir. Ölkəmizdə İKT sahəsində əldə olunan
müvəffəqiyyətlərin onları sevindirdiyini deyən
Marina Svetkova bura gəlişlərinin əsas
səbəbinin respublikamızın qabaqcıl elm və təhsil
müəssisələri ilə əməkdaşlıqlarının
genişləndirilməsi və öz təcrübələri ilə
azərbaycanlı həmkarlarını tanış etmək olduğunu
bildirdi.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun
Tədris-İnnovasiya Mərkəzində yaradılan innovativ
mühitin müzakirə edilən problemlərin həlli
istiqamətində əhəmiyyətli rolu olduğunu qeyd
edən professor Vladimir Kiryuxin institutda
elmlə təhsilin vəhdəti istiqamətində görülən
işləri yüksək qiymətləndirdi.
O, Rusiyanın orta ümumtəhsil məktəblərində
informatikanın tədrisi metodiki sisteminin əsas
komponentlərinin və onların tədris prosesində
qarşılıqlı əlaqəsinin öyrənildiyini deyərək
İKT-nin tətbiqi ilə bağlı hazırlanmış proqram və
dərsliklərdən söz açdı. İnformatika üzrə
olimpiadaların istedadlı tələbə və məktəblilərin
aşkara çıxarılması, onlara dəstək verməsindən
əlavə beynəlxalq yarışların qaliblərinin ali
məktəblərə imtahansız qəbulu baxımdan da
əhəmiyyətli olduğunu bildirdi. Beynəlxalq
olimpiadalarda qalib olmaq üçün mərhələli
şəkildə mükəmməl hazırlıq keçməyin vacibliyini
diqqətə çatdıran professor V.Kiryuxin bununla
bağlı 20 illik təcrübəsindən danışdı, beynəlxalq
yarışlara həsr etdiyi kitablar haqqında maraqlı
açıqlamalar verdi.
Görüşdə həmçinin informatika fənninin
fundamental anlayışları, informatika
dərslərinin inteqrasiyası prosesində şagirdlər
tərəfindən dərsin əsas mahiyyətinin
qavranılması, tədris prosesində adıçəkilən fənnə
diqqətin artırılması, kadr hazırlığı
istiqamətində mövcud problemlər və s. mövzular
ətrafında geniş fikir mübadiləsi aparıldı,
suallar cavablandırıldı.
Samirə KƏRİMOVA |