Azərbaycan Dillər Universitetində Təhsil
Nazirliyi, "Azəriqazbank", "Azərsun" Şirkətlər
Qrupu və "British Council"in dəstəyi ilə
"Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji
və ədəbi aspektlər" mövzusunda ikigünlük
beynəlxalq elmi konfrans 26 noyabrda öz işini
yekunlaşdırdı. ADU-nun Heydər Əliyev adına
muzey-lektoriyasındakı bağlanış mərasimində elmi
işlər üzrə prorektor, professor Dünyamin Yunusov
keçirilən konfransın əhəmiyyətindən danışdı.
Sonra bölmə rəhbərləri hesabatlarında müzakirə
etdikləri məsələlərin səmərəliliyini daha da
artırmaq üçün bir sıra rəy və təkliflərini
bildirdilər və bu cür konfransların mütəmadi
keçirilməsinin məqsədəmüvafiq olduğunu qeyd
etdilər. Beynəlxalq konfransın xaricdən olan
nümayəndələrinə sertifikat təqdim edildi. Sonda
konfransın yekun sənədi qəbul edildi.
Konfrans çərçivəsində 4 bölmədə 250-yə yaxın
məruzə dinlənildi. Bu məruzələr dil,
mədəniyyət, kulturologiya, tərcümə, informasiya,
qarşılıqlı əlaqələr və digər sahələri özündə əks
etdirirdi. |