Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın
dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə
Respublikasının enerji və təbii sərvətlər,
səhiyyə, daxili işlər, xarici ticarət, gömrük
nazirliklərinin və digər aparıcı dövlət
qurumlarının nümayəndələri noyabrın 29-da
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında keçirilən
"dəyirmi masa"da iştirak etmişlər.
Tədbirdən öncə qonaqlar DİA-nın elmi
kitabxanası, informasiya texnologiyaları,
geostrateji araşdırmalar mərkəzləri ilə,
həmçinin akademiyanın professor-müəllim
heyətinin elmi əsərlərindən ibarət sərgi ilə
tanış olmuşlar.
"Dəyirmi masa"nı giriş sözü ilə açan
akademiyanın birinci prorektoru, professor
Əlikram Abdullayev Türkiyə-Azərbaycan
münasibətlərinin inkişafından, dövlət qulluğu
sahəsində hər iki ölkənin həyata keçirdiyi
islahatlardan söz açmışdır. Natiq dövlət
qulluqçularının yetişdirilməsi istiqamətində
Dövlət İdarəçilik Akademiyasının Türkiyə və Orta
Şərq Dövlət İdarəçiliyi İnstitutunun
əməkdaşlığından bəhs etmiş, DİA-nın fəaliyyətini
əks etdirən geniş təqdimatla çıxış etmişdir.
Dövlət qulluğu ilə bağlı problemlərin
müzakirəsinə həsr edilmiş tədbirdə Türkiyə və
Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun
prorektoru, professor Kamil Ufuq Bilgin çıxış
edərək əməkdaşlığın davam etdirilməsinin
əhəmiyyətindən danışmış, görüşün səmərəli
keçdiyini qeyd etmişdir.
"Dəyirmi masa"ya qatılan DİA-nın
professor-müəllim heyəti fikir mübadiləsində
iştirak etmişdir. |