Dekabrın 2-də Təhsil Nazirliyi Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Pedaqoji fakültəsində
Dünya Bankının dəstəyi ilə "Təhsil
nailiyyətlərinin qiymətləndirilməsi üzrə
magistratura proqramı" mövzusunda tədbir
keçirdi. Tədbirdə Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsinin əməkdaşları,
pedaqoji fakültənin professor - müəllim heyəti
və qonaqlar iştirak edirdilər.
ADPU-nun pedaqoji fakültəsinin dekanı, professor
Fərrux Rüstəmov tədbirin əhəmiyyətindən
danışaraq bildirdi ki, qiymət müəllimin
öyrənənin şəxsiyyətinə təsir göstərmək, onu
təlimə istiqamətləndirmək və motivləşdirmək
məqsədilə istifadə etdiyi çox qüvvətli
amildir.
Obyektiv qiymət təhsilalanda adekvat
özünüqiymətləndirmə və öz fəaliyyətinə, onun
nəticələrinə tənqidi münasibət formalaşdırır.
Müasir dövrdə ali təhsil sistemində pedaqoji
sistemin bütün elementlərini aşkarlamağa imkan
verən diaqnostik texnologiyaların yaradılması
sahəsində ciddi axtarışlar aparılır.
Professor Fərrux Rüstəmov onu da əlavə etdi ki,
respublikada ilk dəfə pedaqoji fakültənin
ibtidai sinif müəllimi ixtisasında "Təhsil
nəticələrinin qiymətləndirilməsi" fənni 30 saat
həcmində tədris olunur və universitetdə
"Azərbaycan Respublikasının ümumi təhsil
sistemində qiymətləndirmə konsepsiyası", təlim-
tərbiyə prosesində monitorinq və qiymətləndirmə
və s. öyrədilir.
Dünya Bankının beynəlxalq məsləhətçisi
Algirdas Zabulionis sözügedən proqram
barəsində ətraflı çıxış etdi və təhsil
nailiyyətlərinin qiymətləndirilməsi sahəsində
elmi- nəzəri yanaşmaları və onun
xüsusiyyətlərini şərh etdi. Həmçinin təhsildə
qiymətləndirmə üzrə magistratura proqramlarının
ümumi məqsədlərini söylədi . Təhsil üzrə
bakalavriat məzunlarına təklif edilən ikiillik
magistratura kursu təhsildə nailiyyətlərin
qiymətləndirilməsinin əsas prinsiplərini dərk
etməyə imkan yaradır.
Tədbirdə ADPU-nun professoru Seyidağa Həmidov,
dosent Yaqut Rzayeva, fizika-riyaziyyat və
informatika təmayüllü liseyin direktoru,
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
Tariyel Talıbov və başqaları çıxış etdilər.
Tədbir diskussiya formasında başa çatdı.
Şakir CƏFƏROV |