BDU-nun rektoru, akademik Abel Məhərrəmov İran
İslam Respublikasının ölkəmizə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Məmmədbağır Bəhramini qəbul edib. BDU-nun
yaranma tarixi, inkişaf mərhələləri, beynəlxalq
əlaqələri haqqında danışan rektor universitetin
İran İslam Respublikasının ali təhsil ocaqları
ilə ikitərəfli əlaqələrindən bəhs edib. Səfirin
həm elm və təhsil, həm də diplomatiya sahəsində
fəaliyyətini yüksək qiymətləndirən rektor, bu
görüşün ölkələrarası əlaqələrə, o cümlədən elm
və təhsilin inkişafına xüsusi töhfə verəcəyini
bildirib. Azərbaycanın İranla dost və qardaş
ölkə olduğunu, bu münasibətlərin hər iki ölkə
Prezidenti səviyyəsində davam etdiyini də xüsusi
vurğulayıb.
BDU-da
60 ildən çoxdur ki, fars dili və ədəbiyyatının
tədris olunduğunu bildirən A.Məhərrəmov qeyd
edib ki, son illərdə doktoranturada təhsil almaq
istəyən iranlı tələbələrin sayı artıb. Bu, elmi
müstəvidə əməkdaşlığın genişlənməsindən,
əlaqələrin formalaşmasından xəbər verir.
Rektor həmçinin Dağlıq Qarabağ problemindən
danışıb və münaqişənin həlli istiqamətində
müsəlman dövlətlərinin birlik və bərabərliyinin
xüsusi əhəmiyyətini qeyd edib.
Səfir M.Bəhrami Azərbaycanla İranın
sivilizasiyaya, mədəniyyətə, eyni dinə malik
qardaş və dost ölkələr olduğunu bildirib,
əlaqələrin, xüsusən elm sahəsində münasibətlərin
daha sıx olmasının vacibliyini diqqətə çatdırıb.
Səfir Bakı Dövlət Universiteti ilə Tehran
Universitetinin daha sıx əməkdaşlığında, tələbə,
müəllim mübadiləsində, birgə konfranslar və
layihələrin həyata keçirilməsində maraqlı
olduğunu bildirib. Qeyd edib ki,
universitetlərarası əlaqələr nə qədər güclü
olsa, bu, birlik üçün o qədər əhəmiyyətlidir.
Dağlıq Qarabağ münaqişəsindən danışan səfir
əlavə edib ki, onun dövləti münaqişənin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həllini istəyir.
Rektor, akademik Abel Məhərrəmov səfirin
təkliflərinə böyük önəm verdiyini,
nanotexnologiya, mikrobiologiya, tibb sahəsində,
eləcə də digər sahələrdə əməkdaşlığın daha
səmərəli və sıx olmasının vacibliyini qeyd edib.
Sonda səfir akademik Abel Məhərrəmovu, rektor
isə, öz növbəsində, Tehran Universitetinin
rektorunu ölkələrinə dəvət ediblər. Qərara
alınıb ki, həmin görüşlərdə universitetlərarası
əməkdaşlıq məsələlərini nəzərdə tutan müqavilə
imzalansın.
BDU-nun Mətbuat və informasiya şöbəsi |