| 
								
								Berlində Azərbaycan elm və mədəniyyət həftəsi 
								başlanmışdır. Həftənin təntənəli açılış mərasimi 
								Almaniya paytaxtının tarixi hissəsində yerləşən 
								"Gendarmenmarkt" meydanındakı məşhur 
								"Konzerthaus Berlin" konsert zalında olmuşdur. 
								Mərasimdə hər iki ölkənin elm və mədəniyyət 
								xadimləri, görkəmli siyasətçilər, hökumət 
								üzvləri, diplomatlar, habelə Avropanın bir sıra 
								ölkələrindəki Azərbaycan diasporunun 
								nümayəndələri iştirak etmişlər.  
								
								Mərasimdə giriş nitqi söyləmiş Humbold 
								Universitetinin rektoru Yan-Hendrik Olberts 
								Almaniya ilə Azərbaycan arasında əlaqələrin 
								möhkəmlənməsində bu cür tədbirlərin böyük 
								əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu 
								həftə ikitərəfli münasibətlərin sürətli 
								inkişafına müsbət töhfə verəcəkdir. Azərbaycanın 
								AFR-dəki səfiri Pərviz Şahbazov, Azərbaycanın 
								təhsil naziri, professor Misir Mərdanov, AFR 
								federal təhsil  və  elmi  tədqiqatlar  naziri,  
								professor Annete Şavan və Humbold 
								Universitetində yeni açılan "Azərbaycan tarixi" 
								kafedrasına rəhbərlik edəcək  professor  
								Eva-Mariya  Aux  da tədbir iştirakçıları 
								qarşısında çıxış etmişlər. Xüsusi qeyd etməliyik 
								ki, Almaniyada bu il keçirilən Azərbaycan elm 
								və  mədəniyyət  həftəsi bu  əlamətdar hadisə ilə 
								eyni vaxta düşmüşdür və həftənin proqramının  
								ən  mühüm  bəndi  məhz  həmin  kafedranın  
								təntənəli  şəkildə  açılmasıdır.  
								
								Mərasimin təntənəli hissəsindən sonra konsert 
								olmuşdur. Konsertdə Azərbaycanın xalq artisti 
								Yalçın Adıgözəlovun və almaniyalı maestro Ulrix 
								Rilinin rəhbərliyi ilə "Berlin Classic Players" 
								kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin, 
								Fikrət Əmirovun, Qara Qarayevin, Aqşin 
								Əlizadənin əsərləri səslənmişdir.  
								
								Açılış mərasimi başa çatandan sonra təntənəli 
								qəbul olmuşdur.   
								
								
								Vüqar SEYİDOV, AzərTAc-ın xüsusi müxbiri
 Berlin
 |