| 
								
								2010-cu ilin sonuna qədər 1000 təhsil 
								müəssisəsinin Azərbaycan təhsil şəbəkəsinə 
								(AzEduNet) qoşulması ilə əlaqədar işlər 
								yekunlaşmaq üzrədir. Təhsil Nazirliyinin 
								nəzdində Təhsil Sisteminin 
								İnformasiyalaşdırılması İdarəsindən verilən 
								xəbərə görə, bu ilin sonuna kimi Azərbaycanın 
								orta məktəblərinin ümumi sayının 22%-i  artıq 
								genişzolaqlı İnternetə qoşulacaqdır.  Beləliklə, 
								Azərbaycan təhsil şəbəkəsi ölkənin 45 şəhər və 
								rayonunun təhsil müəssisələrini əhatə 
								edəcəkdir.   
								
								Qeyd etmək lazımdır ki, 2007-ci ildə 
								genişzolaqlı İnterneti olan məktəblər ümumi 
								sayın 3%-ni, 2008-ci ildə 4%-ni, 2009-cu ildə 
								11%-ni əhatə edirdi.   
								
								Hər bir təhsil müəssisəsində ilkin olaraq 
								kompleks hazırlıq işləri həyata keçirilir. Buna 
								bütün kompüter və proqram təminatının 
								standartlaşdırılması aiddir. Daha sonra məktəbdə 
								bütün kompüter siniflərini, direktorun otağını, 
								müəllimlər otağını və kitabxananı birləşdirən 
								lokal şəbəkə quraşdırılır. Bundan sonra isə 
								məktəbin Azərbaycan təhsil şəbəkəsinə qoşulması 
								təmin edilir. Bütün texniki işlər AzEduNet 
								təşkilatı tərəfindən həyata keçirilir. |