Son
illər yeniyetmə və gənclərimiz arasında idmana
maraq artmaqda, bu sahədə qazanılan
nailiyyətlərin sayı çoxalmaqdadır. Azərbaycan
idmançılarının olimpiya oyunlarında, dünya və
Avropa çempionat və birinciliklərində, bir çox
mötəbər turnirlərdə göstərdikləri uğurlu
nəticələr təbii ki, azərbaycanlı kimi hər
birimizi sevindirir.
Bu günlərdə daha bir həmyerlimizin idman
uğurunun sevincini yaşadıq. Bolqarıstanın Sofiya
şəhərində gənclər arasında keçirilmiş Avropa
birinciliyindən növbəti qələbə ilə Vətənə dönən
Vüqar Tofiq oğlu Şirinli yetirməsi olduğu
"Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt
filialının rəhbərliyinin və məşqçi-müəllimi
Emin Baydullayevin ona olan ümidlərini
doğruldub.
2002-ci
ildən "Təhsil" Respublika İdman Mərkəzinin
Sumqayıt filialında cüdo ilə məşğul olan Vüqar
bir müddətdən sonra artıq öz yaşıdları arasında
fərqləndi, əldə etdiyi yüksək nəticələri ilə
tanındı. 2007-ci ildən yeniyetmə və gənclər
arasında keçirilən istər Azərbaycan, istərsə də
Avropa birinciliklərində, beynəlxalq
turnirlərdə, dünya kuboku yarışlarında iştirak
edən Vüqar öz rəqiblərinə qalib gələrək mükafata
layiq yerlər tutub. 2010-cu il də gənc idmançı
üçün növbəti uğurlu illərdən biri hesab oluna
bilər. Belə ki, o, bu il 10-12 mart
tarixlərində Sumqayıt şəhərində gənclər arasında
keçirilən Azərbaycan birinciliyində I yerə,
23-25 iyul tarixlərində Polşanın Cltneva
şəhərində keçirilən Avropa kuboku yarışlarında
da I yerə, 17-19 sentyabr tarixlərində
Bolqarıstanın Sofiya şəhərində keçirilən Avropa
birinciliyində III yerə layiq görülüb.
Vüqar hər dəfə Vətənə qalib kimi dönəndə özünü
xoşbəxt saydığını deyir. Gənc idmançı xüsusilə
xarici ölkələrdə keçirilən nüfuzlu yarışlarda
tatami üzərinə bir amalla - rəqibinə qalib
gələrək üçrəngli bayrağımızı yüksəkliyə
qaldırmaq arzusu ilə çıxdığını bildirir.
Samirə HÜSEYNQIZI |