Bəzən həyatda elə insanlara rast gəlirsən ki,
onların əməksevərliyi, zəhmətə qatlaşması,
sənətə vurğunluğu, dünyagörüşü, savadı, Vətənə
bağlılığı adama ruh verir. Belə insanlardan biri
də Abşeron rayonu Saray qəsəbəsindəki 2 nömrəli
orta məktəbin riyaziyyat müəllimi İsrael
Hümbətovdur. O, 1932-ci ildə Qərbi Azərbaycanın
dilbər güşələrindən biri olan Zəngəzurun Gərd
kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
1950-ci ildən pedaqoji fəaliyyətə başlayan
İsrael müəllim artıq 60 ilə yaxındır ki,
riyaziyyatın sirlərini şagirdlərə sevə-sevə
öyrədir. 1971-ci ildən Saray qəsəbəsində çalışan
İ.Hümbətovun Azərbaycan təhsilinə verdiyi
töhfələr danılmazdır. Belə ki, şagirdlərindən 8
nəfəri elmlər doktoru, 25 nəfərə yaxını isə
elmlər namizədidir.
Ömrünün
böyük hissəsini müəllimliyə həsr edən İsrael
müəllim peşəsinin vurğunudur və axır nəfəsinə
qədər bu şərəfli peşəni davam etdirəcəyini
bildirir. O, çoxillik təcrübəsi olmasına
baxmayaraq, həmişə axtarışda olur, yeni təlim
metodlarından istifadə etməyə çalışır.
Şagirdləri öz nəvələri kimi sevən və onların hər
şıltaqlığına əsl pedaqoq kimi yanaşan İsrael
müəllim üçün məktəb ən çox sevdiyi riyaziyyat
fənni ilə - rəqəmlər və düsturlar aləmi ilə
bağlı məkandır.
İsrael Hümbətovla müəllimlər otağında
söhbətləşərkən pedaqoji kollektivin ona olan
hörmətini görməmək mümkün deyildi. Müəllimlərin
hər biri onun haqqında xoş sozlər söyləyir və
belə müəllimlərin olmasını məktəbin və
təhsilimizin fəxri kimi qiymətləndirirdilər.
İsrael müəllimin şagirdi olmuş, indi isə onunla
çiyin-çiyinə işləyən ingilis dili müəllimi
Məhəmməd Abbasov xatirələrini yada salaraq onun
böyük pedaqoq və gözəl insan olduğunu
vurğuladı. O, İsrael müəllimin dərin biliyindən,
həyat təcrübəsindən bəhrələndiklərini, daim
məsləhət və tövsiyələrinə ehtiyacları olduğunu
bildirdi.
Onun haqqında danışanlardan biri də İsrael
müəllimin keçmiş şagirdi, Şirvan Peşə Liseyinin
direktoru Mayis Qarayev idi. M.Qarayevə zəng
edib müəllimi haqqında fikirlərini öyrənmək
istədiyimizi söylədikdə çox sevindi və onun
haqqında danışmağı şərəf bildi. O, İsrael
müəllimi ziyalı, sözün əsl mənasında,
riyaziyyatçı və inteqral həllinin mahir bilicisi
kimi qiymətləndirərək, onunla qürur hissi
keçirdiyini, uzun illər keçməsinə baxmayaraq
hələ də müəlliminin öyrətdiklərinin böyük
qismini yadında saxladığını və həmişə o bilikdən
bəhrələndiyini vurğuladı. M.Qarayev İsrael
müəllimin yaxşı pedaqoq olmaqla bərabər, həm də
gözəl insan, məsuliyyətli ailə başçısı və
vətənpərvər olduğunu da bildirdi.
İsrael müəllimin dediklərindən:
- Mən də bütün müəllimlər kimi öz biliyimi
şagirdlərə yüksək dərəcədə öyrətməyə çalışmışam.
Bunun üçün həmişə öz işimə ciddi yanaşmışam. Hər
bir insan qarşısına məqsəd qoymalı və bu məqsədə
nail olmaq üçün əziyyətə qatlaşmalıdır. Mənə elə
gəlir ki, riyaziyyatdakı uğurlarım bir Allah
vergisidir. Yaxşı yadımdadır, kəndimizdə
uşaqları I sinfə qəbul edirdilər. Məni də
valideynlərim məktəbə apardılar. Sinif müəllimim
rəqəmlərlə bağlı bir-iki sual verdi. Mənim heç
birinə cavab verə bilmədiyimi görüb
valideynlərimə növbəti ildə gəlməyimi bildirdi.
Doğrusu, uşaq olsam da, bu, mənə çox pis təsir
etdi və biz evə qayıtdıq. Həmin gecə yuxuda
müəllimin verdiyi suallara aydın cavablar
verdiyimi gördüm və səhəri gün ağlayıb məktəbə
getmək istədiyimi valideynlərimə bildirdim.
Valideynlərim məni təkrar müəllimin yanına
apardılar və həmin gün müəllim nə sual verdisə
dərhal cavab verdim. Doğrusu, hamı təəccüb
içində idi. Bu, əsl möcüzə idi və mən həmin
gündən başa düşdüm ki, riyaziyyatçı olacağam. Bu
gün Allahın mənə bəxş etdiyi bu biliyi
yorulmadan, həvəslə şagirdlərə öyrədirəm və
peşəmlə fəxr edirəm. Müstəqilliyimizin ilk
illərində, bütün müəllimlər kimi, mən də maddi
sıxıntılar içərisində əziyyət çəkirdim. Lakin
məktəbi tərk etmək, başqa işlərlə məşğul olmaq
heç ağlıma belə gəlmirdi. Şükürlər olsun, bu gün
respublikamız inkişaf yolundadır və Azərbaycan
təhsili uğurla irəliyə doğru addımlayır. Buna
görə hamımız sevinirik və dövlətimizin başçısı,
ölkə Prezidenti cənab İlham Əliyevə
minnətdarlığımızı bildiririk. Arzu edirəm ki,
hər bir azərbaycanlı gənc Vətənimizə layiqli
övlad olsun və ulu öndər Heydər Əliyevin bizə
miras qoyduğu dövlətçilik ənənələrini qoruyaraq
respublikamızın adını şərəfli və uca tutsunlar.
Niyazi RƏHİMOV |