Kurikulum - qloballaşmanın yetirməsi
Qərbdə kurikulumlar daha çox "aşağıdan yuxarı"
prinsipi ilə formalaşıb.
Orada bineyi-qədimdən müəllimlər şagirdlərin
nitq bacarıqlarını inkişaf etdirmək üçün
müxtəlif çalışma modelləri düşünür və tətbiq
edirdilər. Sonra rasionalist Qərb aqilləri bu
fəaliyyət modellərinin nəyə xidmət etdiyi haqda
düşünməyə başladılar. Beləliklə, təlim
məqsədləri formalaşdı. Bu məqsədlər müəyyən
məzmun standartları altında qruplaşdırıldı.
Nəhayət, məzmun standartları əsasında strateji
məzmun xətləri müəyyənləşdirildi. Orada
kurikulum belə yarandı.
Bizdə
bu proses bir qədər fərqli şəkildə baş verdi.
Çünki kurikulumdan əvvəl təhsilimizin məzmunu,
fəlsəfəsi tamam fərqli idi: biz nitq
bacarıqlarını yox, dilçiliyi, ədəbiyyatı yox,
ədəbiyyatşünaslığı öyrədirdik. Lakin zaman
yetişdi, dünya təhsilində baş verən qloballaşma
bizi də ağuşuna aldı. Təhsilin konsepsiyası
dəyişildi, yeni məzmun xətləri - strateji
məqsədlər elan olundu. Onların əsasında hər bir
sinif üçün məzmun standartları təsbit olundu.
Bir sözlə, Milli Kurikulum yarandı.
Artıq Azərbaycan məktəblərinin 1-3-cü
siniflərində tədris kurikulum üzrə yazılmış
dərsliklər əsasında aparılır. Lakin kurikulum
standartlarının təhsilə daxil olması o qədər də
rahat baş vermir.
Təhsil strateqləri məzmun standartlarını elan
etdilər. Taktiki məsələlər - standartların
tədrisdə reallaşdırılması yolları dərslik
müəlliflərinin və müəllimlərin öhdəsinə
buraxıldı. Standartların mahiyyətini dərk etmək,
onlara uyğun çalışma modelləri düşünüb tapmaq,
hər bir dərsin təlim məqsədini müvafiq
standartla və bütün bunları müasir təlim
texnologiyaları ilə uzlaşdırmaq o qədər də asan
məsələ deyil. Dərslik müəllifi buna müvəffəq
olsa belə, bəzən müəllimlər bu və ya digər
çalışmanın hansı standarta xidmət etdiyini
müəyyənləşdirməkdə çətinlik çəkirlər. Halbuki
məqsədi aydınlaşdırmadan göstərilən fəaliyyət
səmərəli nəticə verə bilməz.
Dilin tədrisində "dörd dirək" prinsipi
Əslinə qalsa, fənn kurikulumları keçmiş tədris
proqramlarından daha sadə, doğma və həyatidir.
Sadəcə olaraq məzmun standartlarının mahiyyətinə
varmaq, onların son nəticədə nəyə xidmət
etdiyini dərk etmək lazımdır.
Orta məktəbdə Azərbaycan dili tədrisinin son
məqsədi nədir?
Bir cümlə ilə bu suala belə cavab vermək olar:
hər bir azərbaycanlı üçün onun doğma
cəmiyyətində ünsiyyət rahatlığını təmin etmək.
Başqa sözlə, cəmiyyətin hər bir üzvü çətinlik
çəkmədən başqalarından məlumat qəbul etmək, öz
hiss və düşüncələrini onlara çatdırmaq
bacarığına malik olmalıdır. İnformasiya qəbul
etmək və informasiya ötürmək prosesi yazılı və
şifahi yolla baş verir. Biz dinləməklə və
oxumaqla informasiya alırıq, danışmaqla və
yazmaqla informasiya ötürürük. Beləliklə,
ünsiyyət prosesində dörd nitq bacarığından
istifadə edirik: dinləmə, danışma, oxu, yazı.
Milli Kurikulumun qaynaqlandığı Qərb
yanaşmasında dilin tədrisi bu dörd dirək
üzərində qurulub. Bu yanaşmaya görə, sözügedən
dörd bacarıq sadəcə dil fənninə aid olan
komponentlər deyil, metabacarıqlardır, yəni
elmin və praktikanın bütün sahələrində istifadə
olunan vasitələrdir. Təsadüfi deyil ki, ABŞ və
Avropa universitetlərinin bir çoxu əcnəbiləri
TOEFL və IELTS imtahanlarının nəticələri
əsasında qəbul edir. Bu imtahanlar məhz nitq
bacarıqlarının yoxlanması üzərində qurulur.
Qəliz elmi-kütləvi mətni oxuyub qavradığını
nümayiş etdirmək, səlis və maraqlı danışmaq,
ədəbi dilin normalarına uyğun yazmaq,
dinlədiyini təfərrüatı ilə anlamaq və öz fikrini
bildirmək - bütün bunlar intellekt
göstəriciləridir. Qərb pedaqoqları belə hesab
edirlər ki, bu dörd bacarığa yüksək səviyyədə
yiyələnmiş hər bir şəxs elmin istənilən
sahəsində uğur qazana bilər.
Bizə elə gəlir ki, bu bacarıqlara malikik. Oxuya
da bilirik, yaza da; danışmağımıza söz ola
bilməz; dinləməyə də nə var ki. Məişət
səviyyəsində, bəlkə də, belədir. Lakin
kurikulumda bu bacarıqlarla bağlı daha yüksək
tələblər qoyulur.
Oxu
Hər bir şəxsin intellekti, ilk növbədə, onun oxu
bacarığı əsasında qiymətləndirilir. Gəlin
razılaşaq ki, 10-cu sinif şagirdinin oxuyub
anladığı mətnləri 2-ci sinif şagirdi anlaya
bilməz.
Bir neçə il bundan əvvəl mərkəzi qərargahı
Avstraliyada yerləşən Beynəlxalq Pedaqoji
Araşdırmalar Mərkəzi 14-15 yaşlı məktəblilərin
riyazi biliklərini və oxu bacarığını yoxlamaq
üçün dünyanın 57 ölkəsində test imtahanları
keçirdi. Riyaziyyat üzrə orta yerlərdə
qərarlaşan Azərbaycan oxu üzrə 55-ci yeri tutdu.
(Sonuncu iki yer Qırğızıstan və Qətər
respublikalarına nəsib oldu).
Bu faktda təəccüblü bir şey yoxdur. Heç kimi də
qınaq obyekti etmək olmaz. Sadəcə olaraq, bu
vaxta qədər orta məktəbimizdə Azərbaycan dilinin
tədrisi nitq bacarıqları üzərində deyil,
dilçilik üzərində qurulmuşdu. Biz oxu bacarığını
inkişaf etdirməyin və qiymətləndirməyin
yollarını bilməmişik.
İllər boyu bizdə oxu bacarığı dedikdə, oxu
texnikasının səviyyəsi nəzərdə tutulub.
Düşünürdük ki, əgər şagird səlis oxuya bilirsə,
deməli, oxu bacarığına yiyələnib. Oxuyub qavrama
bacarığını yoxlama texnologiyası isə milli
təhsilimizdə çox zəif olub. Ən yaxşı halda
verilmiş mətndən hər hansı nəqli cümlə
çıxarılıb, sual cümləsi şəklində tapşırıq kimi
qoyulurdu.
Müasir metodika oxuyub anlamanı inkişaf etdirmək
və yoxlamaq üçün çoxlu miqdarda rəngarəng
çalışma modelləri təqdim edir: mətndən
çıxarılmış cümlənin (abzasın) mətndəki yerini
tapmaq, qeyri-ardıcıl verilmiş mətnin
ardıcıllığını bərpa etmək, mətndəki hadisələrin
səbəb-nəticə əlaqələrini müəyyən etmək, mətnə və
onun hissələrinə başlıq vermək, mətndəki elmi
məlumatları qrafik informasiya şəklində təqdim
etmək və s. Onlarla belə model var ki, şagirdin
tənqidi, analitik, yaradıcı təfəkkürünü
formalaşdırır. Düşünülmüş metodika üzərində
qurulan mütaliə insanın dünyagörüşünü
genişləndirir, söz ehtiyatını zənginləşdirir,
nitq mədəniyyətini inkişaf etdirir.
Dinləmə
Elm və texnikanın inkişaf etdiyi, audiokitab və
dərsliklərin geniş yayıldığı bir dövrdə biz çox
vaxt məlumatları səsli informasiya şəklində
qəbul etməli oluruq. Ali məktəbdə mühazirələrə
qulaq asır, diskussiya və debatlarda opponenti
dinləyib ona münasibət bildiririk. Odur ki,
dinləyib anlama bacarığının həyatımızda rolu
getdikcə artır.
Oxu kimi, dinləmənin də məqsədi informasiya
qəbul etmək, anlamaqdır. Lakin oxu ilə
müqayisədə dinləmə çox yüksək səviyyədə
diqqətcillik tələb edir. Burada informasiyanın
anlaşılmaz hissəsinə dəfələrlə qayıtmaq imkanı
yoxdur. Mətni bir dəfə dinlədikdən sonra ona
adekvat reaksiya vermək lazım gəlir.
Əgər kurikuluma qədərki dövrdə oxu və yazı
bacarıqlarına az-çox diqqət yetirilirdisə,
şifahi nitq bacarıqları - dinləmə və danışma
ümumiyyətlə diqqətdən kənarda qalmışdı. Bu
bacarıqların inkişaf etdirilməsi və
qiymətləndirilməsi metodikası yalnız kurikulum
meydana gəldikdən sonra formalaşmağa başladı.
Danışma
Azərbaycanlı uşaqların və yeniyetmələrin
əksəriyyəti hətta doğma dildə belə öz fikrini
səlis ifadə etməkdə çətinlik çəkir və bu mənada
ingilis, fransız, türk həmyaşıdlarından geri
qalır.
Bir neçə il əvvəl Ankarada olarkən hər yerdə
gözümə "dershane" reklamları dəyirdi. O vaxt
bunun nə olduğunu bilmirdim. Kitab mağazalarının
birində 11-12 yaşlı bir uşağın satıcıdan
"Maltepe dershanesi"nin kitablarını istədiyini
eşitdim. Fürsətdən istifadə edib uşaqdan
"dershane"nin nə demək olduğunu soruşdum.
- Dershanemi, efendim? - deyə o, bir qədər
təəccüblə üzümə baxdı.
Hiss olunurdu ki, bu ritorik sualı fikrini
toplamaq üçün verir. Bunun ardınca o duruxmadan,
çaşmadan "dershane"nin dəqiq tərifini
səsləndirdi:
- Öyrəncilərin okul dışında sınava hazırlıq
yapdıqları yerə dərshanə deyilir, əfəndim.
"Aha, deməli, dərshanə bizim hazırlıq kursları
kimi bir şeydir", - deyə düşündüm və birdən
ağlıma gəldi ki, görəsən bizim şagirdlərdən
hazırlıq kursunun nə olduğunu soruşsam, bu türk
balası kimi səlis və dəqiq tərif verə
bilərlərmi.
Danışma bacarığı o zaman inkişaf edir ki, insan
ÖZ fikirlərini ifadə etməyə çalışır. Müəllimin
dediklərini və ya dərslikdə oxuduqlarını
mexaniki olaraq təkrar etməyə çalışan şagird
danışmır, tutuquşuluq edir və onda heç vaxt
anlatma vərdişləri inkişaf edə bilməz. Nitq
bacarıqları tənqidi təfəkkürlə və sərbəst
ünsiyyətlə üzvi surətdə bağlıdır.
Yazı
Yazı da özünüifadə bacarığıdır. Danışma kimi,
onun da əsas məqsədi hiss və düşüncələri,
məlumatları başqalarına çatdırmaqdır. Lakin
danışma ilə müqayisədə yazıda ədəbi dilin
normalarına daha çox diqqət yetirilir.
Orta məktəbdə yazı bacarığının inkişafı bir neçə
mərhələdən ibarətdir: 1) hüsnxət normalarına
riayət etmək, 2) orfoqrafik normalara uyğun
yazmaq, 3) alınmış məlumatı öz sözləri ilə ifadə
etmək, 4) hiss və düşüncələrini yazıda ifadə
etmək. Bunun üçün üzündən köçürmə, imla, ifadə,
inşa və ya esse kimi formalardan istifadə
edilir.
Yazı bacarığında ən çətin mərhələ 4-cü
mərhələdir. Əslinə qalsa, fikirləri ədəbi dilin
normalarına uyğun yazılı ifadə etmək, bu,
bacarıq üzrə son məqsəddir. Buna görə də onun
rüşeymlərini lap aşağı səviyyələrdə yaratmaq
lazımdır. Bunun geniş yayılmış növü essedir.
Lakin təəssüf ki, bizdə esse üçün çox zaman
mücərrəd mövzular seçilir. İstənilən fəaliyyət
növündə olduğu kimi, inşa yazısı da
motivasiyadan başlamalıdır. İnşa yazmağa
hazırlaşan şagirddə yatmış fikirləri oyatmaq,
verilmiş mövzu ilə bağlı onun beynini və
duyğularını qıcıqlandırmaq lazımdır. Şagirdi elə
bir vəziyyətə gətirmək lazımdır ki, onda öz
fikirlərini ifadə etmək zərurəti yaransın.
Yazı fəaliyyəti çox zaman digər məzmun
standartları ilə inteqrasiya olunur. Məsələn,
ifadə - dinləmə ilə yazının inteqrasiyasıdır.
Esse də oxu ilə inteqrasiya olunsa, daha yaxşı
nəticələr əldə etmək olar. Bu zaman oxunmuş mətn
yazı fəaliyyəti üçün motivasiya rolunu oynaya
bilər. Əsərin qəhrəmanına məktub yazmaq, mətnin
müəyyən hissəsini oxuduqdan sonra davamı ilə
bağlı öz variantını yazmaq və s. yazıda
özünüifadə bacarığını inkişaf etdirən maraqlı
üsullardır.
5-ci dirək, yoxsa bünövrə?
Ana dili kurikulumunda əsas məzmun xətlərindən
biri də dil qaydalarıdır. Bu xətt mahiyyət
etibarilə digər məzmun xətlərindən fərqlidir,
çünki dil qaydaları, adından da göründüyü kimi,
bacarıq deyil, qaydalar toplusudur. Lakin onu da
qeyd etmək lazımdır ki, kurikulum bu qaydaların
sadəcə olaraq əzbərlənməsini deyil, nitqə tətbiq
olunmasını tələb edir. Bu mənada dil qaydaları
nitq bacarıqlarını inkişaf etdirmək üçün bir
vasitədir, obrazlı desək, dörd dirək üçün
bünövrədir və ya onların üzərində qurulmuş
damdır.
Dil qaydalarını nitq bacarıqlarına dair məzmun
standartlarının içində "əritmək" də olardı.
Məsələn, "Deyilişi və yazılışı fərqlənən sözləri
orfoqrafik normalara uyğun yazır" standartı
"Yazı" məzmun xəttinə, "Sözün kökündən asılı
olaraq cəm şəkilçisini düzgün tələffüz edir"
standartı isə "Danışma" məzmun xəttinə aid edilə
bilərdi.
Mən kurikulumda dil qaydalarının ayrıca məzmun
xətti kimi verilməsinin əleyhinə deyiləm.
Əksinə, zənnimcə, orta məktəbdə başqa elmlərin
əsasları kimi, dilçiliyin də əsasları
öyrədilməlidir. Lakin bu zaman həmişə bir
təhlükəni göz önünə almaq lazımdır: əvvəllər
olduğu kimi, yenə də dərsliklərin ifrat dərəcədə
akademik biliklərlə yüklənməsi. Dərslik
müəllifləri və müəllimlər şagirdlərin dil
duyumunu inkişaf etdirən, nitqi ədəbi dilin
normalarına uyğun qurmağa kömək edən qaydalara
üstünlük verməlidirlər.
Nəyi qiymətləndirməliyik?
Tədris həmişə qiymətləndirməyə yönəlir. Çox
zaman müəllimlər summativ qiymətləndirmənin
tələblərini bildikdən sonra tədrisi ona uyğun
qururlar. Bu o deməkdir ki, qiymətləndirmənin
məzmunu təhsilin məzmununa çox güclü təsir
göstərir.
Məlumdur ki, kütləvi imtahanların ən optimal
yolu test üsuludur. Biz dil qaydalarını
testləşdirməyin yollarını yaxşı bilirik. Bəs
nitq bacarıqlarını - dinləməni, danışmanı,
oxunu, yazını necə qiymətləndirmək olar? Axı
istənilən fənn üzrə qiymətləndirmənin əsas
məqsədi məzmun standartlarının nə dərəcədə
reallaşdığını yoxlamaqdır.
Bir çox məktəblərdə summativ qiymətləndirmə
zamanı testlər dil qaydaları və dərslikdəki
mətnlərdə öz əksini tapmış faktoloji məlumatlar
üzərində qurulur. Bu, kurikulumun tələblərinə
tamamilə ziddir. Belə yanaşma, əvvəllər olduğu
kimi, tədrisin əzbərçilik, fakt və məlumatların
yaddaşa köçürülməsi üzərində qurulmasına gətirib
çıxarır.
Danışma bacarığını testləşdirmək mümkün deyil.
Bu bacarıq il boyu müşahidə əsasında
qiymətləndirilməli və yekun nəticə summativ
qiymətləndirmədə öz əksini tapmalıdır. Yazını
imla vasitəsilə qiymətləndirmək olar. Lakin bu
zaman yalnız hüsnxəti və orfoqrafiyanı
qiymətləndirmiş oluruq. İnşa yazısı isə həm
hüsnxət, həm orfoqrafiya, həm qrammatika, həm də
yazılı özünüifadə bacarığını yoxlamaq imkanı
verir.
İbtidai siniflərdə summativ qiymətləndirməni
dinləmə mətni və onunla bağlı beş test sualı,
kiçik oxu mətni və onunla bağlı beş test sualı
və dil qaydaları üzrə on test sualı (cəmi 20
sual) əsasında aparmaq daha düzgün olardı.
Beləliklə, hər bir nitq bacarığı üzrə ayrıca,
eləcə də ümumilikdə Azərbaycan dili üzrə
şagirdin səviyyəsini qiymətləndirmiş olarıq.
Kurikulum: dəyişikliklərə ehtiyac varmı?
Bütün dövrlər üçün yazılmış əbədi qaydalar
toplusu yoxdur. Hətta ölkə qanunvericiliyi və
Konstitusiya da vaxtaşırı təftişə məruz qalır.
Hazırkı Milli Kurikulumu müasir dünya təhsil
standartlarına doğru ilk addım hesab etmək olar
və bu statusda o öz funksiyasını layiqincə
yerinə yetirir.
Kurikulum əsasında dərslik yazan bəzi müəlliflər
deyirlər ki, bu sənəd müəyyən məqamlarda onlara
əl-qol açmağa imkan vermir. Doğrudan da,
baxırsan ki, müəllif maraqlı bir çalışma modeli
düşünüb, onu dərslikdə tətbiq etmək istəyir. Bu
model müvafiq yaş səviyyəsinə uyğundur,
cəlbedicidir, fəal təlimə zəmin yaradır; əsas
məsələ isə odur ki, kurikulumda təsbit olunmuş
ümumi məzmun xəttinə müvafiqdir. Lakin sənəddə
bu təlim məqsədinə uyğun alt-standart yoxdur.
Azərbaycan dili üzrə çox geniş mövzu dairəsini
əhatə edən alt-standartlarla yanaşı bir dərsin
təlim məqsədi səviyyəsində olan alt-standartlar
sinifdən-sinfə təkrar olunur. Məzmun
standartlarında dinləmə bacarığının "dinləyib
anlama", danışma bacarığının isə "şifahi nitq
bacarığı" kimi təqdim olunması da çaşqınlıq
yaradır. Belə təsəvvür yaranır ki, dinləmə
şifahi nitq bacarığı deyil.
Dərsliyin qüsurları tədris prosesində ortaya
çıxdığı kimi, kurikulumun da çatışmazlıqları
dərslik yazarkən aşkarlanır. Zənnimcə, bu
çatışmazlıqlar kurikulumun "yuxarıdan aşağı"
prinsipi ilə tərtib olunmasından irəli gəlir.
Əvvəlki dərsliklər konsepsiya baxımından fərqli
olduğundan kurikulum yazarları aşağıdan
qaynaqlana bilmədilər. Onlar, ilk növbədə,
qabaqcıl dünya təhsilindəki strateji məqsədləri
əsas götürüb ona uyğun da məzmun standartları
formalaşdırdılar.
Lakin yetər ki, ortaya qoyulan iş konseptual
cəhətdən düzgün olsun. Bizim Kurikulum isə bu
mənada düzgün sənəddir. O, dünya təcrübəsində
sınaqdan keçmiş məzmun standartlarını özündə əks
etdirir. Kiçik qüsurları isə həmişə aradan
qaldırmaq olar. Bunun üçün Təhsil Nazirliyinin,
dərslik müəlliflərinin, qabaqcıl müəllimlərin və
Kurikulum Mərkəzi əməkdaşlarının müntəzəm
işbirliyinə ehtiyac var.
Artıq nəşriyyatlar 4-cü sinif dərsliklərinin
nəşri üzrə müsabiqəyə qoşulublar. Gələn il dairə
qapanır, 1-4-cü siniflər üçün dərslik
komplektləri hazır olur. Artıq indidən Kurikulum
Mərkəzi fənlər üzrə seminarlar təşkil edib,
kurikulumla bağlı dərslik müəlliflərini və
müəllimləri narahat edən məsələləri araşdırsa,
bunun ümumi işimiz üçün böyük faydası olar. Bu
müzakirələr kurikuluma aşağıdan yuxarı nəzər
salmağa, həm fənn kurikulumlarının
təkmilləşdirilməsinə, həm də daha kamil
dərsliklərin ortaya çıxmasına imkan verər.
Rafiq İSMAYILOV,
filologiya elmləri namizədi,
Azərbaycan dili dərsliklərinin həmmüəllifi |