"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı" çərçivəsində "Elektron məktəb"
sistemi 10 məktəbdə tam istifadəyə verilib.
"Ultra" şirkəti və onun tərəfdaşları tərəfindən
tətbiq edilən sistemə artıq Avropa liseyi, 6, 7,
8, 20, 23, 60, 160 nömrəli məktəblər, akademik
Zərifə Əliyeva adına məktəb və Elitar gimnaziya
qoşulmuşdur. "Elektron məktəb" sisteminə
qoşulmuş məktəblərin müəllimləri servis və
xidmətlərdən istifadəyə başlayıblar. Müəllimlər
artıq elektron jurnaldan, elektron dərslərin
idarəetmə proqramından və Təhsil Portalından
istifadə edirlər. "Elektron məktəb" sisteminin
tam tətbiqi üçün pilot məktəblərin bütün
müəllimləri ilə xüsusi treninqlər keçirilmişdir.
"Elektron məktəb" layihəsində iştirak edən bütün
məktəblər Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulmuşlar. "Elektron məktəb" layihəsi
çərçivəsində artıq pilot məktəblərin
şagirdlərinin valideynləri də bu imkandan
yararlana biləcəklər. Beləliklə, tam istifadəyə
verilmiş sistem üzrə valideynlər öz övladlarının
qiymətlərini Azərbaycan Respublikasının Təhsil
Portalının (www.edu.az) "Valideyn nəzarət
səhifəsi"nə keçid almaqla öyrənə bilərlər. Bunun
üçün məktəblər tərəfindən verilmiş istifadəçi
adı və şifrədən istifadə etmək lazımdır.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı" Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən və "Ultra"
şirkətinin, "AZEDUNET", "Mədəd" təşkilatlarının
tərəfdaşlığı ilə həyata keçirilir.
Ş.CƏFƏROV |