Sentyabrın 27-də Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında cari tədris ilində rəhbər
kadrların ixtisasının artırılması fakültəsinə
qəbul edilən 75 dövlət qulluqçusu ilə görüş
keçirildi. Tədbiri Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının tədris işləri üzrə I prorektoru,
professor Əlikram Abdullayev açaraq yeni qəbul
olunan müdavimləri təbrik etdi, onlara təhsil
illərində uğurlar arzuladı.
Ali
təhsil ocağının respublikamız üçün idarəçilik
sahəsində peşəkar kadrların hazırlanması
istiqamətində önəmli rolu olduğunu xüsusi qeyd
edən prorektor akademiyanın ötən müddət ərzində
əldə etdiyi nailiyyətlərdən danışdı. Qeyd olundu
ki, bu gün Azərbaycan sürətlə inkişaf edən bir
ölkə olaraq dövlət qulluqçuları qarşısında mühüm
vəzifələr qoyur. Həmin vəzifələri uğurla və
səmərəli icra etmək üçün dövlət qulluqçularının
dünyanın və cəmiyyətin sürətlə yeniləşən
biliklərindən geniş məlumatı olmalıdır.
Dövlət qulluqçusu öz biliyi və xidməti davranışı
ilə başqalarına nümunə olmalı və dövlət
maraqlarını hər şeydən ali tutmalıdır. Bu isə
ancaq elmi biliklərin idarəetmədə tətbiqi yolu
ilə mümkün ola bilər. Məhz zəruri olan bilikləri
və keyfiyyətləri qazanmaq və artırmaq üçün
dövlət qulluqçusunun yeni bilgiləri mənimsəməsi
zəruridir. Görüş iştirakçılarına bununla bağlı
bir sıra tövsiyələr verən Əlikram Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında həyata
keçirilən tədbirlərdən söz açdı. Ulu öndər
Heydər Əliyevin təhsilə və elmə göstərdiyi
diqqət və qayğıdan danışan natiq ölkə başçısı
cənab İlham Əliyev tərəfindən təhsilimizin
inkişafı istiqamətində görülən işləri diqqətə
çatdırdı.
Çıxışının sonunda ölkəmizin gələcəyinin bugünkü
gənc kadrlardan asılı olduğunu qeyd edən
prorektor bu işə akademiyada təhsil alan
müdavimlərin ciddi yanaşacaqlarına, əldə
etdikləri bilik və bacarıqları ilə idarəçilik
sahəsinin inkişafına öz töhfələrini
verəcəklərinə əmin olduğunu bildirdi.
Sonra
akademiyanın Fəlsəfə və sosial psixologiya
kafedrasının müdiri, professor Tofiq Rəsulov,
Politologiya və siyasi idarəetmə kafedrasının
müdiri, professor Nigar Ələkbərova, Tarix
kafedrasının dosenti Musa Quliyev,
İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının
müdiri, dosent Roza Əliyeva, Dövlət quruculuğu
və hüquq kafedrasının müdiri, dosent Fəxrəddin
Nağıyev, Dövlət idarəçiliyində informasiya
texnologiyaları kafedrasının dosenti Ağamehdi
Mehtəliyev, Beynəlxalq münasibətlər və xarici
siyasət kafedrasının dosenti Elçin Əhmədov,
Dillər kafedrasının müdiri, professor Akif
Bayramov, Dövlət idarəetməsi və menecment
kafedrasının müdiri, dosent Eldar Azadov və
Dövlət qulluğu və kadr siyasəti kafedrasının baş
müəllimi Eldar Aslanov tərəfindən təqdimatlar
edildi. Çıxış edənlər hər bir kafedranın
fəaliyyət istiqamətləri barədə ətraflı məlumat
verməklə yanaşı , onlara dərs deyəcək
professor-müəllim heyəti ilə müdavimləri tanış
etdilər.
Çıxış üçün söz alan Rəşad Babayev ilk gündən
belə səmimi qarşılandıqlarına, onlar üçün
yaradılan şəraitə görə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rəhbərliyinə
müdavimlər adından təşəkkür etdi. O, üzərlərinə
düşən məsuliyyəti dərk etdiklərini və
qarşılarında duran mühüm vəzifələrin öhdəsindən
layiqincə gəlməyə çalışacaqlarını bildirdi.
Görüşdən sonra müdavimlər ayrı-ayrı kafedralar
tərəfindən hazırlanaraq nəşr olunmuş
kitablardan ibarət sərgi ilə tanış oldular.
Samirə KƏRİMOVA |