Pedaqoji fəaliyyətini elmi-metodik
yaradıcılıqla, ustalıqla əlaqələndirən, öz işinə
məsuliyyətlə yanaşan müəllimlərimiz çoxdur.
Belə müəllimlərdən biri də Şükufə Məmmədovadır.
O,
1961-ci ildə Sabirabad şəhər orta məktəbini
bitirdikdən sonra bir müddət burada pioner baş
dəstə rəhbəri işləyib. Sonra M.F.Axundov adına
Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olub
və 1968-ci ildə təhsilini başa vuraraq Xırdalan
şəhər 3 nömrəli orta məktəbdə əmək fəaliyyətinə
başlayıb. Ş.Məmmədova artıq 42 ildir ki, həmin
məktəbdə rus dili müəllimi işləyir.
Şükufə Məmmədova dərs dediyi şagirdlərə rus
dilini dərindən öyrətmək, rus ədəbiyyatının
görkəmli nümayəndələrinin yaradıcılığına
məhəbbət hissi aşılamaq üçün tədris prosesində
ən müasir təlim metodlarından istifadə edir.
İnteraktiv təlim metodlarının qruplarla iş, əqli
hücum, diskussiya kimi növlərini tətbiq etməklə
dərslərini maraqlı qurur.
O, şagirdlərin müasir həyata hazırlanması
işinin öhdəsindən bacarıqla gəlir. Onların
təlim-tərbiyəsi ilə əlaqədar qarşıya çıxan
problemlərin həllində valideynlərin əməyindən
düzgün istifadə edə bilir. Həmçinin şagirdlərin
hər birinə fərdi yanaşmağa xüsusi diqqət
yetirir və çalışır ki, dərsdə fəal iştirak
etməyən şagird olmasın.
Söhbət zamanı Şükufə Məmmədova bildirdi ki,
şagirdlərin biliyinin qiymətləndirilməsinə
xüsusi tələbkarlıqla yanaşır. Çalışır ki, bu
zaman ədalətlilik prinsipi gözlənilsin,
şagirdlərin hüquqları pozulmasın.
Bu gün müəllimliyi həyatının mənası hesab edən
Şükufə Məmmədova şagirdlərlə işləməkdən
qətiyyən yorulmur və ən əsası çətin tərbiyə alan
uşaqlarla tez dil tapmağı bacarır. Deyir ki,
hər bir müəllim şagirdin öyrənməsi üçün bütün
imkanlarından istifadə etməli və bütün varlığı
ilə həyatını dərs dediyi şagirdlərin
təlim-tərbiyəsinə həsr etməlidir. Nəticədə
şagirdlər öz müəllimlərinin diqqət və qayğısını
daim hiss etməlidirlər.
Elə buna görə də vaxtı ilə dərs dediyi
şagirdləri Şükufə Məmmədovanı heç vaxt unutmur,
onlar tutduqları vəzifədən asılı olmayaraq, öz
müəllimləri ilə böyük məhəbbətlə görüşürlər.
Hətta Azərbaycandan kənarda olsalar belə, öz
sevimli müəllimləri ilə telefonla əlaqə
saxlayır, onun fəaliyyəti ilə daim
maraqlanırlar.
Bəli, təcrübəli pedaqoq Şükufə Məmmədova buna
görə də hər yerdə öz yetirmələri ilə həmişə
fəxr edir və şərəfli müəllimlik işini uğurla
davam etdirir. Bilir ki, gənc nəsli müasir
həyata hazırlamaq həm məsuliyyətli, həm də
şərəfli işdir.
Şükufə xanım həm də gözəl və sevimli nənədir. O,
nəvələri ilə - əkiz Qönçə və Çiçəklə nəfəs
alır, onlara rus dilini sevdirdikcə sanki
rahatlanır, yorğunluğu çıxır.
Qarşıdan gələn Beynəlxalq Müəllim Günü
münasibətilə Şükufə müəllimi təbrik edir və
pedaqoji fəaliyyətində ona uğurlar arzulayırıq.
Şakir CƏFƏROV |