İbrahimov
Nurəddin İslam oğlu
1951-ci il martın 16-da Bakı şəhərinin Buzovna
qəsəbəsində anadan olmuşdu. 1969-cu ildə 125
nömrəli orta məktəbi bitirmiş, 1970-ci ildə ordu
sıralarına çağırılmışdı. Nurəddin 1978-ci ildə
İrkutsk Şəhər Daxili İşlər İdarəsinə işə qəbul
edilmişdi. 1981-ci ilin mayında isə SSRİ Daxili
İşlər Nazirliyinin Xabarovsk Şəhər Ali Milis
Məktəbinə qəbul olunmuşdu. 1986-cı ildə
hüquqşünas ixtisası üzrə ali təhsilini başa
çatdırdıqdan sonra 1988-ci ildə cinayət axtarışı
şöbəsinin rəisi vəzifəsınə təyin edilmişdi. O,
1989-cu ildə İrkutsk Şəhər Sovetinin deputatı
seçilmişdi.
1990-cı ildə Vətənə dönən Nurəddin 1993-cü ildə
Qarabağa - cəbhə bölgəsinə yollanmış, Kosalar
kəndi və Cəbrayıl rayonu uğrunda erməni
işğalçılarına qarşı döyüşlərdə əsl qəhrəmanlıq
göstərmişdi.
Polis mayoru N.İbrahimov 1995-ci il fevralın
10-da Binə qəsəbəsində cinayətkar dəstəni
zərərsizləşdirərkən həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr
1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə
İbrahimov Nurəddin İslam oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Buzovna qəsəbəsindəki qəbiristanlıqda dəfn
olunub. Buzovna qəsəbəsindəki küçələrdən biri və
mədəniyyət evi onun adını daşıyır. Mədəniyyət
evinin qarşısında büstü qoyulub.
İbrahimov Rasim Səxavət oğlu
1962-ci il aprelin 18-də Bakı şəhərinin
Əzizbəyov (indiki Xəzər) rayonunda anadan
olmuşdu. Səkkizinci sinfə kimi paytaxtdakı 131
nömrəli orta məktəbdə təhsil almışdı. 1977-ci
ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil
olmuş və 1983-cü ildə təhsilini başa çatdıraraq,
Almaniyaya hərbi qulluğa göndərilmişdi. Rasim
burada motoatıcı tağımda komandir müavini kimi
xidmətə başlamışdı. 1988-ci ildə hərbi xidmətini
başa çatdıraraq Vətənə qayıtmışdı. Bir müddət
sonra Qarabağa - erməni işğalçılarına qarşı
döyüşə yollanmışdı. Füzuli istiqamətində gedən
döyüşdə rəşadətlə vuruşan Rasimə mayor rütbəsi
verilmişdi.
R.İbrahimov 1992-ci il iyunun 26-da Tuğ kəndi
uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16
sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı
ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı səhərində Şəhidlər xiyabanında dəfn olunub.
Vaxtı ilə təhsil aldığı 131 nömrəli orta məktəb
onun adını daşıyır. Çilov adasında abidəsi
ucaldılıb, adına xatirə bağı salınıb.
İsgəndərov
Əlabbas Qara oğlu
1958-ci il iyulun 25-də Ağdam rayonunun Kürdlər
kəndində anadan olmuşdu. Orta məktəbi doğulduğu
kənddə bitirmişdi. Hərbi xidmətini başa
çatdırdıqdan sonra isə kəndlərinə qayıdaraq
təsərrüfat işləri ilə məşğul olmuşdu.
1991-ci ilin noyabrında isə Ağdamda özünümüdafiə
dəstələri yaradılarkən ilk üzv yazılanlardan
biri də vətənini, xalqını canından artıq sevən
Əlabbas olmuşdu. 1992-ci ildə Qarabağın cəbhə
bölgəsində gedən ağır döyüşlərdən sonra mühasirə
şəraitində qalan Umudlu kəndinin əhalisi hərbi
vertolyotların köməyi ilə boşaldılarkən məhz
Əlabbasın qəhrəmanlığı sayəsində 40-dək
döyüşçünün həyatı xilas edilmişdi.
Ə.İsgəndərov 1992-ci il martın 4-də Qazançı
kəndi uğrunda erməni işğalçılarına qarşı
döyüşlərdə qəhrəmancasına həlak olub.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 13 avqust
1992-ci il tarixli 135 nömrəli Fərmanı ilə
İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Ağdamdakı Şəhidlər xiyabanında dəfn olunub.
İsgəndərov
Eltun Xaləddin oğlu
1990-cı il oktyabrın 21-də Samux rayonunun
Əhmədbəyli kəndində anadan olmuşdu. 2007-ci ildə
kəndlərindəki orta məktəbi bitirmişdi. O,
2008-ci il oktyabrın 22-də Samux Rayon Hərbi
Komissarlığı tərəfindən hərbi xidmətə
çağırılmışdı. Üç ay Azərbaycan Respublikasının
Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində
təlim keçdikdən sonra Cəlilabad rayonunun
Göytəpə şəhərindəki "N" saylı hərbi hissədə
xidmətini davam etdirmişdi. Eltun xidmət etdiyi
dövrdə özünü nümunəvi əsgər kimi göstərmiş,
Dövlət Sərhəd Xidmətinin komandanlığı tərəfindən
ailəsinə "Təşəkkür məktubu" göndərilmiş, döş
nişanı ilə təltif edilmişdi.
E.İsgəndərov 2009-cu il iyunun 18-də dövlət
sərhədini pozan bir qrup cinayətkarla mübarizə
zamanı qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun
2009-cu il tarixli 349 nömrəli Fərmanı ilə
İsgəndərov Eltun Xaləddin oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Samux rayonunun Əhmədbəyli kənd
qəbiristanlığında dəfn olunub.
İsgəndərov
Famil İsgəndər oğlu
1975-ci il mayın 15-də Bakı şəhərində anadan
olmuşdu. 1991-ci ildə paytaxtın 157 nömrəli orta
məktəbini bitirmişdi. 1993-cü ildə Binəqədi
Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu
sıralarına çağırılmış, Ağdərə və Tərtər
bölgələrində gedən döyüşlərdə iştirak etmişdi.
Famil Murovdağın geri qaytarılması zamanı
ayağından yaralanmışdı. 1995-ci ilin martında
isə ölkəmizdə dövlət çevrilişinə cəhdin
qarşısını alan dəstənin tərkibində igidlik
göstərmişdi.
F.İsgəndərov martın 17-də döyüş yoldaşlarını
xilas edərkən ağır yaralanır və onun həyatını
xilas etmək mümkün olmur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə
İsgəndərov Famil İsgəndər oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Təhsil aldığı 157 nömrəli orta məktəb onun adını
daşıyır. Məktəbdə büstü qoyulub. Yaşadığı
binanın önünə xatirə lövhəsi vurulub.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |