"Mənə bir hərf öyrədənin köləsi olaram". Bu
sözlər İslam dünyasının parlaq simalarından olan
Həzrəti Əliyə məxsusdur. Müəllim elm-bilik
xəzinəsinin qapısını insanların üzünə açan bir
varlıqdır. Hər birimizin əlindən tutub əlifbanın
ilk hərfini, "ana", "Vətən" kəlmələrini yazmağı
öyrədən ilk müəllimini kim xatırlamır? Müəllim
əməyini çox vaxt bağban əməyi ilə müqayisə
edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi
ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz
yetirmələrinin xoş sorağını alanda müəllimin də
qəlbi sevincdən dağa dönür.
Öz yetirmələri ilə fəxr edən müəllimlərimizdən
biri də Bakıdakı Fuad Fərhadoğlu adına 230
nömrəli orta məktəbin ibtidai sinif müəllimi
Bənövşə Mirzəyevadır. Artıq neçə illərdir ki,
Bənövşə müəllim körpə balalara elmin sirlərini
açır, Vətənə, torpağa sevgi hissini aşılayır.
Onun dərs dediyi şagirdlər respublika üzrə
keçirilən müsabiqələrdə, olimpiadalarda, bilik
yarışlarında yüksək nəticələr əldə edirlər. Bu
uğurların arxasında müəllimin illər boyu çəkdiyi
gərgin zəhmət dayanır.
Bənövşə müəllim pedaqoji fəaliyyətlə yanaşı,
dekorativ-tətbiqi sənətlə də məşğul olur. O,
dekorativ-tətbiqi sənətimiz üçün yeni olan,
əslində, özündə həm monumental sənətin, həm
rəngkarlığın, həm də dekorativ-tətbiqi sənətin
elementlərini birləşdirən, onların sintezini
təşkil edən mozaik lövhələr yaradır. Bənövşə
müəllim rəngli smaltanı xırdalayaraq, onlardan
gözəl, hər hansı bir interyerin bəzəyinə çevrilə
biləcək mozaik lövhələr yaradır. Yaratdığı
əsərlər müxtəlif sərgilərdə nümayiş olunur. O,
öz tükənməz bacarığını yetirmələrinə də
aşılayır.
Qarşıda müəllim günü gəlir. Bir valideyn kimi
Bənövşə müəllimə pedaqoji fəaliyyətində uğurlar
arzulayıram və inanıram ki, o, özünün
əməksevərliyi, istedadı və yaradıcılıq
axtarışlarının nəticəsi olaraq, yeni-yeni
əsərləri ilə hələ bizi çox sevindirəcək, yüksək
savada malik dəyərli vətəndaşlar yetişdirəcək.
Müşfiqə ƏLİYEVA,
Bakıdakı F.Fərhadoğlu adına 230 nömrəli orta
məktəbin
valideyn komitəsinin üzvü |