Bu dünyaya göz açan hər bir insan öz yaxşı
əməlləri ilə xalqın gözündə yüksəlir. Çalışır
ki, millətinə, dövlətinə fayda versin. Belə
insanlardan biri də Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının voleybol və
tennis kafedrasının müdiri, əməkdar idman
xadimi, Prezident təqaüdçüsü, professor Oqtay
Ağayevdir. O, 1936-cı ildə Bakı şəhərində anadan
olub. Ömrünün böyük hissəsini idmanın voleybol
növünə həsr edən Oqtay müəllimin beynəlxalq
arenalarda bir çox uğurları olmuşdur. Təsadüfi
deyil ki, o, sovetlər dönəmində Azərbaycan
yığmasının tərkibində SSRİ kubokunun sahibi
olmuş yeganə azərbaycanlı kimi SSRİ yığması ilə
bir çox uğurlara imza atmışdır. O.Ağayev bir çox
Şərq ölkələrində məşqçi kimi də fəaliyyət
göstərmiş və əməkdar məşqçi adına layiq
görülmüşdür. ADBTİA-nın 80 illik yubileyi
ərəfəsində tanınmış idman mütəxəssisi ilə
görüşüb müsahibə aldıq.
-
Oqtay müəllim, voleybolu seçməyinizi necə
xatırlayırsınız?
- O dövrdə evimizin yanında kiçik bir voleybol
meydançası var idi. Bütün uşaqlar kimi mən də
ora gedib voleybol oynayardım. Bir gün bir nəfər
mənə yaxınlaşaraq "voleybolçu olmaq istəyirsən",
- deyə sual verdi. Mən arzumu bildirdim. Səhəri
gün onunla vədələşdiyim idman klubuna getdim.
Sonralar bildim ki, bu şəxs görkəmli məşqçi
Şamil Şamxalov imiş. Bununla da mənim voleybol
karyeram başladı.
- Ölkəmizdə voleybolun tarixi nə vaxtdan
başlamışdır?
-Ümumiyyətlə, bu oyun növü ilk dəfə Amerikada
1895-ci ildə kollec müəllimi Vilyam Morqan
tərəfindən yaradılmış, sonra isə Avropaya
yayılmışdır. Azərbaycanda isə voleybolun tarixi
sovetlər birliyi dövrünə təsadüf edir.
- Voleybolçu olmağınızı yaxınlarınız necə
qarşıladılar?
-Bilirsiniz, o dövrdə vəziyyət bir az fərqli
idi. Belə ki, müharibədən yeni çıxmış ölkədə
camaatın vəziyyəti heç də yaxşı deyildi.
Cavanların bir qismi heç də yaxşı olmayan işlərə
meyil edir, bəziləri isə tüfeyli həyat
sürürdülər. Mən isə digər yaşıdlarım kimi
idmanla məşğul olurdum və gündən-günə şöhrətim
artırdı. Bu, valideynlərimi və yaxınlarımı,
şübhəsiz ki, sevindirirdi. İnanırsınız, küçədə
getmək mümkün deyildi. Tanıyanlar mənimlə
söhbətləşmək istəyir, avtoqraf yazmağımı xahiş
edirdilər.
- Azərbaycan voleybolunun bu günü və sabahı
haqqında fikirləriniz?
-Azərbaycan voleybolu ölkə başçısı cənab İlham
Əliyevin diqqət və qayğısı sayəsində böyük bir
inkişaf yolundadır. Bu gün idmanın bütün
sahələrində olduğu kimi, voleybola da dövlət
tərəfindən müəyyən vəsaitlər ayrılır,
maddi-texniki bazalar yaradılır. Mən qətiyyətlə
deyərdim ki, dünyanın heç bir ölkəsində bizim
dövlətimiz qədər idmana qayğı göstərilmir. Bunun
da bariz nümunəsidir ki, son illər istər
olimpiadalarda, istərsə də müxtəlif turnirlərdə
yüksək nəticələr əldə olunur. Son illər
qadınlardan ibarət voleybol yığmamız və
klublarımız respublikamızı beynəlxalq arenalarda
layiqincə təmsil edirlər. Təsadüfi deyil ki,
istedadlı məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi
"Azəreyl" komandası "Topkomandalar kuboku"nun
sahibi olmuşdur. Bu, Azərbaycan voleybolunun
böyük uğurudur.
- İdman karyeranızda ən yaddaqalan oyunu necə
xatırlayırsınız?
-Əhəmiyyətli oyunların çoxu yadımdadır. Ancaq
1957-ci ildə Azərbaycan SSR yığması ilə SSRİ
kubokunu qazandığımız oyunlar xatirimdən
silinməz. Həmin mövsüm komandamız çox gözəl oyun
nümayiş etdirirdi və biz onun bəhrəsini gördük.
Gərgin keçən final oyununda qələbə qazandıq. Bu
unudulmaz hissi heç vaxt yaddan çıxarmaram. SSRİ
yığmasının tərkibində oynadığım dövrlərdə,
ümumiyyətlə, idman karyeramda yaddaqalan oyunlar
çox olub. İndi bunlar hamısı xoş bir xatirədir.
- Məşqçi karyeranız haqqında nə deyə bilərsiniz?
-70-ci illərdə İraq və Küveyt yığmalarında baş
məşqçi kimi fəaliyyət göstərmişəm. O dövrdə
həmin ölkələrdə voleybolun səviyyəsi çox aşağı
idi. Təsəvvür edin ki, belə vəziyyətdə işləmək
nə qədər çətin idi. Lakin müəyyən müddətdə
seminarlar keçirdik və potensialı olanları irəli
çəkərək müəyyən uğura nail olduq. Bu gün də
həmin ölkələrdən olan mütəxəssislər bizi yaddan
çıxarmırlar.
- İnkişafda olan Azərbaycan voleybolunda
kafedranın rolunu necə qiymətləndirirsiniz?
-Kafedramız keçirilən turnirlərdə yaxından
iştirak edir və klublarımız metodiki
vəsaitlərimizdən istifadə edirlər. Biz çalışırıq
ki, ixtisaslı kadrlar yetişdirək. Bunun üçün
kafedrada çalışan hər bir şəxs əlindən gələni
əsirgəmir. Açıq turnirlərdə iştirak edən
müəllimlərimiz istedadlı gəncləri aşkara çıxarır
və onlardan faydalanmağa çalışırlar.
- Azərbaycanda voleybol idmanının pedaqogikası
ilə bağlı elmi işlər var?
-Bununla bağlı ayrıca elmi iş yoxdur. Ancaq
mənim də müəllifi olduğum bir neçə metodiki
vəsaitlər hazırlanıb. Gələcəkdə bu işlərlə bağlı
geniş planlarımız var.
- Ailəniz haqqında nə deyə bilərsiniz?
Övladlarınızdan sizin yolunuzu davam etdirən
var?
- İki övladım var. Lakin idman sahəsində
çalışmırlar. Nəvələrimə gəldikdə isə onu gələcək
göstərər. Bilirsiniz, mənim fikrimcə, hər bir
şəxs peşəsini özü seçməlidir və bu peşənin
vurğunu olmalıdır. Mən də övladlarımın
seçimlərinə müdaxilə etməmişəm. Bu seçimi öz
ixtiyarlarına buraxmışam.
Söhbəti qələmə aldı:
Niyazi RƏHİMOV |