Sentyabrın
28-də Bakı Slavyan Universitetində BSU ilə
Türkiyənin Qazi Universiteti arasında yeni
əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi
keçirildi. Tədbiri giriş sözü ilə açan BSU-nun
rektoru, professor Kamal Abdullayev bildirdi
ki, bu gün universitetin dünyanın bir çox
tanınmış təhsil ocaqları ilə sıx əlaqələri
mövcuddur. BSU artıq Türkiyə Respublikasının
Qafqaz Universiteti (Qars), Ankara Universiteti
(Ankara), Akdeniz Universiteti (Antalya),
İstanbul Kültür Universiteti (İstanbul), Qazi
Universiteti (Ankara) və digər nüfuzlu təhsil və
elm ocaqları ilə əməkdaşlıq edir. Bu gün
Türkiyənin məşhur Qazi Universitetinin rektoru,
professor Rıza Ayhan və digər qonaqların
iştirakı ilə 2005-ci ildə iki universitet
arasında bağlanmış müqavilənin vaxtı başa
çatdığından yeni əməkdaşlıq müqaviləsi
imzalanacaq.
K.Abdullayev qeyd etdi ki, ötən illər ərzində
mövcud müqavilə iki universitet arasında elm,
təhsil, mədəniyyət sahəsində daha yüksək
əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi,
müştərək elmi konfrans və seminarların təşkil
olunması üçün əsas rolu oynamışdır.
Bu gün bağlanacaq müqavilədə elm və təhsil
sahəsində əməkdaşlıqla bərabər, Bakı Slavyan
Universitetinin professor- müəllim kollektivinin
Qazi Universitetinin tərkibində fəaliyyət
göstərən, dünya standartlarına cavab verən, son
texnologiyalarla təchiz edilmiş tibbi klinikada
pulsuz müalicə alması da nəzərdə tutulmuşdur.
Sonra Qazi Universitetinin rektoru, professor
Rıza Ayhan çıxış etdi. O, Azərbaycanda
olmağından və BSU ilə əməkdaşlıq etmələrindən
çox məmnun olduğunu bildirdi və iki universitet
arasında bağlanan əməkdaşlıq müqaviləsinin
əhəmiyyətindən ətraflı danışdı.
Həmin gün iki universitet arasında yeni
əməkdaşlıq müqaviləsi imzalandı və qonaqlar
BSU ilə yaxından tanış oldular .
Şakir CƏFƏROV |