"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununda ümumi təhsilin qarşısında duran
vəzifələr belə ümumiləşdirilib: təhsilalanlara
elmlərin ümumi əsasları öyrədilməli, zəruri
bilik, bacarıq və vərdişlər aşılanmalı, onlar
həyata və əmək fəaliyyətinə hazırlanmalıdırlar.
Təhsilalanlarda sağlam həyat tərzinə və sivil
dəyərlərə əsaslanan vətəndaş təfəkkürü
formalaşdırılmalı, milli və mənəvi dəyərlərə
hörmət hissi aşılanmalıdır.
Bu
vəzifələrin reallaşdırılmasına ibtidai təhsil
dövründə başlanılır. İbtidai təhsilin
səmərəliliyi bütövlükdə orta təhsilin uğurları
üçün başlıca şərtdir. Müasir dövrümüz texnika,
sivilizasiya dövrüdür. Bu dövrdə yüksək elmi
səviyyə, dərin bilik tələb olunur. Elm və bilik
isə yalnız oxumaq və öyrənməklə əldə edilir.
Ümumtəhsil məktəblərində fənn kurikulumlarının
tətbiqinə başlanılması mövcud "yaddaş
məktəbi"ndən "düşüncə məktəbi"nə keçməyə
əsaslanır. Milli kurikulumda istifadə olunan
bütün üsullar şagirdlərin geniş dünyagörüşə,
yüksək intellekt səviyyəsinə, nitq mədəniyyətinə
və texnoloji bacarıqlara malik olması, onların
şəxsiyyət kimi yetişdirilməsi məqsədinə xidmət
edir. Bu sahədə görülən işlərin daha da uğurlu
olması üçün biz müəllimlər daim öz
peşəkarlığımızı artırmalıyıq.
Bir sinif müəllimi kimi, hər mövzunun tədrisinə
ciddi hazırlaşır, əyanilikdən istifadəyə xüsusi
əhəmiyyət verir, hər bir dərsin tərbiyəedicilik
funksiyasının reallaşdırılmasına diqqət
yetirirəm.
Təbiət xalqın əbədi və əsas sərvətidir. Bu
xəzinəni sevmək, qorumaq, yaşatmaq hamının
vətəndaşlıq borcudur. Ekoloji mühitin
qorunmasının böyük əhəmiyyətini nəzərə alaraq,
ölkə Prezidenti cənab İlham Əliyev 2010-cu ili
ölkəmizdə "Ekologiya ili" elan etmişdir.
Şagirdlərin ekoloji tərbiyəsi üçün təlimi
imkanlardan istifadə etməyə çalışıram.
III sinifdə "Həyat bilgisi" fənnindən "Canlılar"
mövzusunun tədrisi zamanı məktəblilərdə
canlılara, bitki və heyvanat aləminə maraq və
məhəbbət aşılamaq üçün əlverişli imkan var.
Mövzunun tədrisi ilə bağlı üzərində balalı at,
vedrəyə su yığan oğlan, dibçək, kenquru, tarla,
övladını çiyninə almış ata və onun xanımı və s.
şəkillər olan vatman kağızı; işçi vərəqləri;
canlı aləmi əks etdirən kartoçkalar
hazırlayıram.
10 dəqiqəlik motivasiya zamanı canlıların
inkişafı prosesini əks etdirən şəkil nümayiş
etdirilir. Sonra sinif qarşısında problem
qoyulur:
- Şəkildə nə görürsünüz?
- Burada hansı proses əks olunub?
- Bunu bir sözlə necə ifadə etmək olar?
Şagirdlər sualları cavablandırırlar.
Təbii ki, cavablar müxtəlif olur. Mən cavab və
fərziyyələri lazımi istiqamətə yönəldirəm.
İş qruplarda davam etdirilir. Hər qrupa
ayrı-ayrı tapşırıqlar verilir. İşi başa
çatdırdıqdan sonra şagirdlər nəticələri təqdim
edirlər.
Kiçik qruplarda 15 dəqiqəlik tədqiqatın
aparılması mərhələsində şagirdlər işçi vərəqləri
üzərində çalışırlar.
Aparılmış tədqiqat işlərinin nəticələri təqdim
olunduqdan sonra hər qrup qiymətləndirilir.
Nəticələrin çıxarılması mərhələsində məktəblilər
aşağıdakı sualları cavablandırmağa çalışırlar:
- Canlılar kimə və nəyə deyilir?
- Canlıların hansı ümumi xüsusiyyətləri var?
- İnsanın başqa canlılardan fərqi nədir?
- Bəs bitkilərin heyvanlardan?
- Bitkilər aləminin təbiətdə rolu nədən
ibarətdir?
- Canlı və cansız təbiətin nə cür əlaqələri var?
Şagirdlər onlara verilmiş sxemdə heyvanların
insanlara faydası və zərəri haqqında
qazandıqları bilik əsasında fikirlərini
yazırlar.
Məktəblilərin mövzu ilə bağlı bilik və
bacarıqlarını aşkara çıxarmaq baxımından belə
bir sxem tərtib edib sinfə paylayıram.
Aşağıdakı adlardan heyvan, quş, balıq və həşərat
adlarını seçib cədvəl üzrə yazın:
Qızıl balıq, parabüzən, bülbül, tülkü,
şanapipik, çaqqal, canavar, ağcaqanad, ayı,
qartal, xəşəm, arı, pələng, tarakan, leylək,
forel, ceyran, kəpənək, fil, maral, torağay,
göyərçin.
Şagirdlər cədvəli doldururlar.
Mövzu ilə bağlı şagirdlərə belə suallarla da
müraciət edirəm: Canlılar cansızlardan necə
istifadə edirlər? Bitkilər olmasaydı, nə baş
verərdi?
Cavablar dinlənilib ümumiləşdirilir.
Proqram materialının tədrisi ərəfəsində və ya
həmin gün şagirdlərə telekanallarda göstərilən
təbiət mövzulu verilişlərə baxmağı tövsiyə
edirəm. Onlar bu verilişlərdən nəyi isə öyrənir,
bildikləri ilə əlaqələndirir, sinifdə fikir
mübadiləsi aparırlar.
Təcrübə təsdiq edir ki, mövzuların əyani
vəsaitlərdən istifadə etməklə, interaktiv
metodla, inteqrasiyaya əsaslanmaqla tədrisi
səmərəli nəticə verir.
Taliə NƏBİYEVA,
Bakıdakı T.Həsənov adına 23 nömrəli məktəbin
ibtidai sinif müəllimi |