Sentyabrın 27-də Moskvada YUNESKO-nun və Rusiya
Federasiyası hökumətinin təşkilatçılığı ilə
kiçikyaşlı uşaqların tərbiyəsi və təhsili
məsələlərinə həsr edilmiş "Millətlərin
sərvətinin yaranması" mövzusunda Ümumdünya
konfransının açılış mərasimi olmuşdur.
Azərbaycanın
birinci xanımı, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban
Əliyeva və Heydər Əliyev Fondu Rusiya
nümayəndəliyinin rəhbəri Leyla Əliyeva mərasimdə
iştirak etmişlər.
YUNESKO-nun üzvü olan ölkələrin dövlət və
hökumət nümayəndələrinin, tədqiqatçıların,
mütəxəssislərin, həmçinin beynəlxalq və
qeyri-hökumət təşkilatlarının, BMT-nin
qurumlarının, donor təşkilatlarının
təmsilçilərinin qatıldığı bu forumda "Təhsil
hamı üçün" qlobal proqramının birinci məqsədinə
nail olmağa dünyanın nə dərəcədə yaxınlaşdığı
müəyyən ediləcəkdir.
Konfransı YUNESKO-nun Baş direktoru xanım İrina
Bokova açmışdır. O, Rusiya paytaxtında keçirilən
tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir
ki, YUNESKO-nun əsas ideyasına görə, təhsil
insanın həyat fəaliyyətinin hər bir sahəsində
böyük əhəmiyyət kəsb edir. İ.Bokova sanballı
statistik məlumatlara əsaslanaraq bildirmişdir
ki, hər il planetimizdə 9 milyona yaxın uşaq
ölümü qeydə alınır. Onların üçdə iki hissəsi
əsasən doyunca qidalanmamaq üzündən 5 yaşına
çatmır. Onun sözlərinə görə, təhsil insanın
bütün həyatı boyu potensialını möhkəmləndirir. O
demişdir: "Əgər biz uşaqlar üçün sərmayə qoysaq,
dinc və xoşbəxt gələcəyimizi təmin edəcəyik".
YUNESKO-nun İcraiyyə Şurasının sədri Eleonora
Mitrofanova bu konfransı əlamətdar hadisə
adlandırmış, onun tarixi əhəmiyyətini
vurğulamışdır. Onun sözlərinə görə, konfrans
ətraflı fikir mübadiləsi aparmağa, qarşıya
qoyulmuş məqsədləri daha dərindən təhlil etməyə
imkan verəcəkdir. E.Mitrofanova Rusiyanın
təcrübəsi və bu sahədə YUNESKO ilə birlikdə
həyata keçirdiyi proqramlar, eləcə də uşaqların
təhsili və tərbiyəsi ilə bağlı dövlət siyasəti
barədə məlumat vermişdir.
***
Azərbaycanın birinci xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban ƏLİYEVA
konfransda təbrik nitqi ilə çıxış etmişdir.
Bu
mühüm beynəlxalq forumda iştirak etməyə dəvət
aldığına görə YUNESKO-ya və Baş direktor İrina
Bokovaya, konfransın təşkilatçılarına, bu
tədbirin hazırlanması və həyata keçirilməsi
prosesinə qoşulanların hamısına dərin
təşəkkürünü bildirən Mehriban xanım Əliyeva
demişdir:
- Bizim konfrans kiçikyaşlı uşaqların təhsilinə
və tərbiyəsinə bu səviyyədə həsr edilmiş ilk
nüfuzlu beynəlxalq forumdur. Mənim fikrimcə, bu
mövzunun aktuallığını lazımınca qiymətləndirmək
çətindir. Uşaqlığın ilk dövrü insanın həm
mental, həm də fiziki inkişafının mühüm
dövrüdür. Onun gələcəyinin təməli bu dövrdə
qoyulur. Eyni zamanda, bu elə yaş dövrüdür ki,
balaca insan olduqca zəif və yaşlılardan tam
asılı vəziyyətdədir. 1989-cu ildə qəbul edilmiş
Uşaq Hüquqları Haqqında Konvensiyada qeyd
edildiyi kimi, bütün uşaqlar dərisinin
rəngindən, sosial vəziyyətindən, dini
mənsubiyyətindən asılı olmayaraq yaşamaq,
sağlamlıq, inkişaf və təhsil almaq üçün bərabər
hüquqlara malikdirlər. Lakin balaca uşaqlar öz
hüquqları barədə heç nə bilmirlər. Onlar
bütünlüklə bizə - yaşlılara ümid edir və
inanırlar. Təəssüf ki, biz, yaşlılar bu etimadı
heç də həmişə doğrultmuruq. Müasir dünyada aclıq
və yoxsulluq, müharibələr və münaqişələr,
texnogen və təbii kataklizmlər amansız
reallıqlar kimi qalmaqdadır. Onlar milyonlarla
uşağın həyatına son qoyur. Uşaqlar xəstəlik və
yoxsulluq, dava-dərman çatışmazlığı və vaxtında
tibbi yardım göstərilməməsi üzündən ölürlər.
Mütəxəssislərin hesablamalarına görə, bu gün
planetimizdə 143 milyon yetim uşaq vardır.
Bizimlə yanaşı imkanları məhdud və xüsusi
ehtiyacları olan uşaqlar yaşayırlar. Paradoksal
da olsa çox vaxt məhz onlar cəmiyyət tərəfindən
qəbul edilməməyin nə demək olduğunu öz
nümunələrində hiss edirlər.
İnkişaf etməkdə olan ölkələrdə 10 milyondan çox
uşaq qarşısı alına biləcək xəstəliklərdən ölür.
Milyonlarla uşaq mütləq dilənçilik şəraitində
yaşayır, xroniki olaraq doyunca qidalanmır,
böyüməkdə və inkişafda geri qalır. Bu uşaqların
təhsil almaq imkanı, təhsillərinin səviyyəsi son
dərəcə aşağıdır. Bu gün həmin uşaqlar bizim
köməyimizə möhtacdır. Onları aclıqdan,
xəstəliklərdən, müharibələrdən və
münaqişələrdən, yaşlıların laqeydliyindən
qorumaq lazımdır.
Bugünkü forum kiçikyaşlı uşaqlara kömək və
dəstəyin yollarını və üsullarını tapmaq üçün
real şansdır. Bu üsullar ən səmərəli beynəlxalq
mexanizm yaratmağa imkan verəcəkdir. Beynəlxalq
təşkilatların, milli hökumətlərin, maliyyə
qurumlarının, bütün xoşməramlı insanların,
uşaqların taleyinə, ayrılıqda hər bir uşağın
taleyinə biganə olmayan bütün insanların
səylərini birləşdirmək lazımdır.
Bu sahədə çox iş görülür, lakin görülməli işlər
daha çoxdur. Bunu demək kifayətdir ki, dünyada
azyaşlı uşaqların yalnız 56 faizinin
məktəbəqədər təhsildən bəhrələnmək imkanı
vardır. Statistik məlumatlar göstərir ki,
əlverişsiz şəraitdə və sosial baxımdan müdafiə
olunmayan ailələrdə böyümüş, lakin məktəbəqədər
təhsildən bəhrələnmiş uşaqlar öz yaşıdları ilə
müqayisədə çox vaxt orta və ali məktəbləri
uğurla bitirirlər, onların öz yaşıdları arasında
nüfuz qazanmaları daha asan olur. Onlar qarşıya
qoyulmuş məqsədlərə daha uğurla nail olurlar.
Müasir tədqiqatlar göstərir ki, yoxsulluğun
qüsurlu dairəsini qırmağın və daha yaxşı gələcək
üçün şans verməyin ən etibarlı üsulu məhz erkən
yaşda təhsildən istifadə etmək imkanıdır.
Tibb, pedaqogika, psixologiya və sosiologiya
elmlərinin kəsişmə nöqtəsində aparılan
araşdırmalar göstərir ki, əgər uşağa kiçik
yaşlarında kifayət qədər qulluq göstərilməsə,
yaşlılar tərəfindən, ilk növbədə, öz
valideynləri tərəfindən diqqət və məhəbbət
göstərilməsə, əldən verilmiş fürsətin əvəzini
sonralar hətta ən əlverişli şəraitdə belə çıxmaq
və bu proseslərin nəticələrini aradan qaldırmaq
çox çətin olur. Bununla əlaqədar bir daha
vurğulamaq istərdim ki, ailə, ailə şəraiti,
valideynlərin diqqəti və sevgisi, onların
övladlarının tərbiyəsinə və təhsilinə münasibəti
hər bir uşağın gələcək taleyində ən mühüm
amillərdir.
Bizim ölkədə - Azərbaycanda ailə dəyərlərinə ta
qədimdən çox böyük ehtiramla yanaşırlar.
Yaşlılara hörmət, kiçiklərə qayğı nəsildən-nəslə
keçən gözəl ənənələrdir. Bununla bərabər, bu gün
Azərbaycanda məktəbəqədər təhsilin inkişafına
dövlət tərəfindən də lazımi diqqət yetirilir.
Məktəbəqədər təhsil sisteminin
təkmilləşdirilməsinə yönəlmiş xüsusi dövlət
proqramı qəbul edilmişdir, ümumtəhsil
məktəblərində məktəbəqədər yaşlı uşaqlar üçün
hazırlıq qrupları şəbəkəsi inkişaf etdirilir.
Əlbəttə, problemlər də vardır və hələ görüləsi
işlər çoxdur. Ümid edirəm ki, bu konfransın
nəticələri mövcud problemlərin həllinə kömək
edəcək və bu sahədə novator ideyalarla, dünyada
qazanılmış nailiyyətlərlə tanış olmağa imkan
yaradacaqdır.
Bir sözlə, bu gün müzakirə edilən problemlər
olduqca çoxşaxəli və müxtəlifdir. Bəzi hallarda
biz salamat qalmaq üçün elementar tədbirlər
barədə, başqa hallarda məktəbəqədər yaşlı
uşaqların təhsili üçün
informasiya-telekommunikasiya texnologiyalarının
yaradılmasından danışırıq. Burada ümumi məxrəc
kiçik insan və onun gələcəyidir. Bu gələcək bu
gün bizim əlimizdədir və ona görə biz məsuliyyət
daşıyırıq. Uşaqların rifahı, onların xoşbəxt
həyatı naminə öz qüvvələrini, biliklərini,
səbrini, diqqətini və məhəbbətini əsirgəməyən
insanların hamısına bir daha təşəkkür etmək
istərdim.
***
Sonra Moskva merinin müavini Lyudmila Şvetsova
Rusiyanın birinci xanımı Svetlana Medvedevanın
təbrikini, RF təhsil və elm naziri Andrey
Fursenko isə Baş nazir Vladimir Putinin
təbrikini oxumuşdur.
Sonra çıxışlar olmuşdur. Konfrans öz işini
bölmələrdə davam etdirmişdir.
***
Ümumdünya konfransının ali qonaqlarının şərəfinə
şam yeməyi verilmişdir. Şam yeməyində
Azərbaycanın birinci xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
iştirak etmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva |