|
Yerləşir: |
Kanada, Britaniya Kolumbiyası əyaləti,
Vankuver şəhəri |
|
|
Yaranma tarixi: |
1908-ci il |
Tipi: |
Dövlət |
İşçi heyətinin ümumi sayı: |
13622 nəfər |
Tələbələrin sayı: |
52136 nəfər |
İllik gəlirləri: |
1472140000 Kanada dolları |
İllik xərcləri: |
1687180000 Kanada dolları |
Rəsmi saytı: |
www.ubc.ca |
Britaniya Kolumbiyası Universiteti (University
of British Columbia) Kanadanın Britaniya
Kolumbiyası əyalətinin Vankuver şəhərində
yerləşir və əyalətin ən qədim ali təhsil
ocağıdır. Böyük Britaniyanın "Times Higher
Education Supplement - QS World Universities
Rankings" jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Britaniya
Kolumbiyası Universiteti 100 ən yaxşı ali məktəb
arasında 40-cı yerdə sıralanıb.
Britaniya Kolumbiyası Universiteti
"Universitetlər 21" beynəlxalq elmi-tədqiqat,
Sakit okean regionu Universitetləri
assosiasiyalarının üzvüdür.
Tarixi
1908-ci
ildə Kanadanın Britaniya Kolumbiyası əyalətində
universitet yaradılması haqqında qanun qəbul
edilir, lakin harada yerləşməsi qeyd olunmur.
Qanuna əsasən, yaradılacaq universitetin
akademik işlər üzrə Senatı, Çağırışı, İdarəçilər
Şurası təsdiq edilir. 1910-cu ildə bütün əyaləti
axtardıqdan sonra Vankuver şəhərinin Point Qrey
ərazisi gələcək kampusun salınacağı yer kimi
müəyyənləşir. 1912-ci ildə universitet
Çağırışının ilk iclası keçirilir və doktor
Frensis Karter-Kotton yaradılacaq universitetin
ilk kansleri, prezidenti isə bir il sonra Frank
Ferçayld Uesbruk seçilir.
1914-cü ildə Point Qreydə universitetin ilk
binalarının tikintisi həyata keçirilir, lakin I
Dünya müharibəsinin başlanması işlərin
ləngiməsinə səbəb olur. 1915-ci ildə Vankuver
şəhərində yerləşən keçmiş MakGill Universiteti
Kollecinin qərargahında Britaniya Kolumbiyası
Universiteti yaradılır. Universitet üç fakültə -
incəsənət, tətbiqi elmlər, kənd təsərrüfatı
fakültələrindən ibarət olur. Həmin ilin
sentyabrında buraya 379 tələbə qəbul olunur.
1923-cü ildə Point Qreydə 9 bina, 4
laboratoriya, kitabxana və elektrostansiyanın
tikintisi başa çatır, 1925-ci ildə isə Point
Qrey kampusunun rəsmi açılışı olur. Universitet
açılış zamanı ilk dəfə tələbələrini elmi
dərəcələrlə təltif edir.
II Dünya müharibəsi dövründə universitetdə
müdafiə tədqiqatlarına diqqət daha da artırılır.
Müharibə elan olunduğu gündən başlayaraq ali
məktəbin laboratoriyaları, işçi heyəti,
tələbələri, avadanlıqları və s. hökumətin bütün
əmrlərini yerinə yetirmək vəziyyətində idi və
istənilən köməkliyi göstərirdi. 1945-ci ildə
Britaniya Kolumbiyası Universitetində
müharibədən sonra sərbəst inkişaf dövrü
başlayır: yeni tədris proqramları qəbul olunur,
hüquq, ictimai fəaliyyət, əczaçılıq fakültələri
açılır, tələbələrin sayı ikiqat artır. 1948-ci
ildə universitetin Henninqs Fizika binasında
professor Van de Qraff atom generatoru
quraşdırır, bir il sonra universitetdə tibb
fakültəsi və Antropologiya muzeyi, 1950-ci ildə
Ticarət və Təhsil məktəbləri, 1951-ci ildə meşə
təsərrüfatı fakültəsi və tibb bacısı məktəbi
açılır.
Britaniya
Kolumbiyası Universiteti 1958-ci ildə 50 illik
yubileyini qeyd edir. 1965-ci ildə ali məktəb ən
irihəcmli proqramını həyata keçirir - Cənub
Kampusunun tikintisinə başlanılır. Həmin
kampusun ərazisində 1974-cü ildə Tri-Mezona
Universitet Fondu nüvə və hissəciklər
tədqiqatları aparmaq üçün nəhəng siklotron
quraşdırır. 1981-ci ildə universitetdə klassik
yapon Nitobe Memorial Bağının yanında yaradılmış
Asiya Mərkəzində Asiya tədqiqatları və Asiya
kitabxanası fəaliyyətə başlayır, həmin il
elmi-tədqiqatlar aparmaq məqsədi ilə Diskaveri
parkı yaradılır.
1993-cü ildə Vankuver şəhərində təşkil olunan
"Vankuver Sammiti" zamanı Britaniya Kolumbiyası
Universitetində Rusiya prezidenti Boris
Yeltsinin və ABŞ prezidenti Bill Klintonun
görüşü olur. Həmin il universitetin biokimya
üzrə professoru Maykl Smit genlərin
sıralanmasını müəyyən edən "yönəldilmiş
mutagenez sahəsi" novator işinə görə kimya üzrə
Nobel mükafatına layiq görülür. Universitetin
Şimal Kelouna kampusunun açılışı da bu ilə
təsadüf edir. 1996-cı ildə universitetdə
jurnalistika məktəbinin yaradılması qərara
alınır və bir il sonra məktəbin rəsmi açılışı
olur. 1997-ci ildə universitetin Antropologiya
muzeyində Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı
Təşkilatı çərçivəsində iştirakçı ölkələr
arasında ticarətin liberallaşması mövzusunda
liderlərin iqtisadi müşavirəsi keçirilir.
2001-ci ildə ali məktəbdə Robson Meydanının
açılışı baş tutur, 2004-cü ildə isə
universitetdə 2000-ci ildə vəfat etmiş Maykl
Smitin adını daşıyan elmi-tədqiqat
laboratoriyası yaradılır. Bir il sonra Britaniya
Kolumbiyası Universitetinin Okanaqan Kampusu
açılır. 2006-cı ildə doktor Stifen Tup
universitetin prezidenti seçilir və hazırda o,
bu vəzifəni icra edir. Həmin il Kanadanın almaz
hasilatına rəhbərlik edən universitetin məzunu
Çarlz Fipke Okanaqan kampusunda yeni İnnovasiya
Tədqiqatları Mərkəzinə 6 milyon Kanada dolları
bağışlayır. 2008-ci ildə Vankuver kampusunda ali
məktəbin İrvinq Barber Tədris Mərkəzinin rəsmi
açılışı olur. Hazırda Britaniya Kolumbiyası
Universitetində yeni-yeni tədqiqat
laboratoriyalarının, yataqxanaların və s.
müəssisələrin yaradılması davam edir, proqramlar
qəbul olunur, bir sözlə, ali təhsil ocağı
gələcəyin ən güclü elm mərkəzinə çevrilmək
məqsədi ilə sürətlə inkişaf edir.
Büdcə və təhsil haqqı
2009-2010-cu
tədris ilində Britaniya Kolumbiyası
Universitetinin illik gəlirləri 1472140000
Kanada dolları olub. Həmin məbləğin 859402000
dolları hökumət qrantları, 136130000 dolları
qeyri-hökumət qrantları və ianə, 186797 dolları
investisiya, 326425000 dolları təhsil haqqı,
256155000 dolları satış və xidmətlər, 80825000
dolları isə amortizasiya hesabına əldə olunan
gəlirlərdir.
Həmin il universitetin illik xərcləri isə
1687180000 Kanada dolları təşkil edib. Xərclərin
878701000 dollarını əməkhaqqı,127143000
dollarını əməkdaşların müavinəti, 62235000
dollarını təqaüd və kreditlər, 82545000
dollarını qrant və borcların ödənilməsi,
63867000 dollarını mütəxəssis və məsləhət
xidmətləri, 28581000 dollarını utilitlər,
qalanlarını isə müxtəlif məsrəflər təşkil edib.
2009-2010-cu tədris ilində Britaniya Kolumbiyası
Universitetində təhsil haqqı proqram və
fakültədən asılı olaraq yerli tələbələr üçün
3614 (Tibb bacısı), 4518 (İncəsənət, Əczaçılıq,
Sosial fəaliyyət və s.), 10135 (Hüquq), 15457
(Stomatologiya, Tibb) Kanada dolları arasında,
əcnəbi tələbələr üçün isə 16894 (Tibb bacısı),
21118 (İnəsənət, İctimai fəaliyyət və s.), 42909
(Təhsil/Pedaqogika) Kanada dolları arasında
dəyişib.
Britaniya Kolumbiyası Universitetində də
tələbələrə müxtəlif məbləğdə təqaüdlər təklif
olunur (500, 2000, 3000, 5000 Kanada dolları və
s.). Təqaüdlər, ilk növbədə, akademik
nailiyyətlər əldə etmiş, yaxşı oxuyan, eləcə də
ictimai fəaliyyət, idman, incəsənət və s.
sahələrdə uğur qazanmış tələbələrə semestrin və
ya tədris ilinin sonunda təqdim edilir.
Universitet bu gün
Vankuver
şəhəri Sakit okeanın sahilində və sahil boyu
uzanan Nort-Şor dağlarının arasında yerləşir.
Vankuver Şimali Amerikanın ən gözəl
şəhərlərindən biridir və dünyanın 127 şəhəri
arasında keçirilən sorğuda "yaşamaq üçün
dünyanın ən arzuolunan şəhəri" kimi təsnif
edilib. Bu il fevralın 12-dən 28-dək Vankuverdə
keçirilən qış Olimpiya və Paralimpiya oyunları
şəhəri daha da məşhurlaşdırıb. Şəhərin təmiz
havası, yumşaq iqlimi, gözəl təbiəti bura çoxlu
sayda turist cəlb edir.
Britaniya Kolumbiyası Universiteti Vankuer,
Okanaqan, Şimali, Robson Meydanı kampuslarından
və Britaniya Kolumbiyasında yerləşən Tibbi
Təhsil korpusundan ibarətdir. Vankuver kampusu
(Əsas kampus) Point Qrey yarımadasının qərbində,
Vankuver şəhərində yerləşir və Britaniya
Kolumbiyası Universitetinin akademik və inzibati
nüvəsi hesab edilir. Kampusun yaxınlığında
Universitet Fonduna məxsus 763 hektar meşə
massivi yerləşir. Meşə Vankuver şəhəri və
kampusu arasında "yaşıl qurşaq" kimi xidmət
edir. Vankuver kampusu, öz növbəsində, çoxlu
sayda elmi-tədqiqat mərkəzlərinin yerləşdiyi
Cənub və yataqxanaların, müxtəlif xidmət
mərkəzlərinin (polis, yanğın idarələri, banklar,
mağazalar) cəmləşdiyi Şərq kampuslarından
ibarətdir. Vankuver şəhərciyinin binalarının
çoxu yeni olsa da, ən qədim bina burada 1877-ci
ilə aiddir. Kampusda zəngin floraya malik
parklar, "Qədim Dendari" botanika bağı, Nitobe
Memorial yapon bağı, Antropologiya muzeyi, Çen
İfaçılıq İncəsənəti Mərkəzi yerləşir.
Okanaqan (Kelouna da deyilir) kampusu 2005-ci
ildə yaradılıb və Okanaqan gölünün yanındakı
Kelouna şəhərinin şimal-şərqində, beynəlxalq
aeroportun yaxınlığında yerləşir. Bu kampus
tədris və elmi-tədqiqatların, innovasiyaların,
mədəni və ictimai həyatının zənginliyinə görə
seçilir. Hazırda kampusda genişmiqyaslı
yataqxana və tədris komplekslərinin tikintisi
həyata keçirilir.
Şimali kampus Vankuver şəhərciyinin
cənub-şərqindədir və Saymon Freyzer
Universiteti, Emili Karr İncəsənət və Dizayn,
Texnologiya institutları və Britaniya
Kolumbiyası Universitetinin əməkdaşlığı
çərçivəsində geniş tədqiqatlar aparmaq məqsədi
ilə yaradılıb. Robson Meydanında beynəlxalq
konfranslar, forumlar, konsertlər və digər
tədbirlər keçirilir. Tibbi Təhsil korpusunda 75
tibb müəssisəsi, 22 böyük və orta regional
hospital tələbələrin xidmətindədir.
Britaniya
Kolumbiyası Universitetinin nəzdində Vankuver
kampusunda 12 fakültə (Tətbiqi elmlər,
İncəsənət, Tədqiqatların davam etdirilməsi,
Stomatologiya, Pedaqogika, Meşə təsərrüfatı, Ali
tədqiqatlar, Yer və qida sistemləri, Hüquq,
Tibb, Əczaçılıq və Elmlər fakültələri) və 12
məktəb (Memarlıq və Landşaft Arxitekturası, Tibb
Bacısı, Jurnalistika, Kitabxana, Arxiv və
İnformasiya Tədqiqatları, Musiqi, İctimai
Fəaliyyət, Souder Biznes, İnsan Kinetikası,
Audiologiya və Nitq Elmləri, Əhali və Səhiyyə,
Cəmiyyət və Regional Planlaşdırma, Ekoloji
Sağlamlıq məktəbləri), Fənlərarası Tədqiqatlar
və Sağlamlıq İntizamı kollecləri, Okanaqan
kampusunda isə Yaradıcı və Kritik Tədqiqatlar,
Pedaqogika, Tətbiqi elmlər, Sağlamlıq və sosial
inkişaf, Menecment fakültələri, Ali Tədqiqatlar
Kolleci, eləcə də İrvinq Berber İncəsənət və
Elmlər, İctimai Fəaliyyət, Tibb Bacısı
məktəbləri fəaliyyət göstərir. Hər fakültə,
məktəb və kollec, öz növbəsində, bir neçə
departament və bölmədən ibarətdir. Universitetin
ən böyük fakültəsi 1915-ci ildə yaradılmış və 20
departamentdən ibarət olan İncəsənət, ikinci ən
böyük fakültəsi isə 1964-cü ildə yaradılan və 15
departamentdən ibarət olan Tətbiqi elmlər
fakültəsidir.
Britaniya Kolumbiyası Universitetinin
kitabxanası Kanadanın ikinci ən böyük
elmi-texniki kitabxanasıdır. Kitabxana sisteminə
5,4 milyon cild kitab, 5,2 milyon mikrofilm,
808000 xəritə, audio, video və qrafik
materiallar, 56000 seriyalı abunə, 261000
elektron kitab, Qərbi Kanadada ən böyük biotibbi
kolleksiya, Kanadada ən böyük Asiya dillərində
olan kitab toplusu daxildir. 1963-cü ildə
general-mayor Viktor Odlum universitetə şəxsi
kolleksiyasından 10000 kitab hədiyyə edib və bu
kitablar Rokvuds Kitabxana Mərkəzində
yerləşdirilib. Universitetin hazırda İrvinq
Barber Təhsil Mərkəzi adlandırılan əsas
kitabxanasında avtomatlaşdırılmış qorunma və
informasiya axtarışı bölmələri var. Əsas
kitabxanadan başqa, universitetin böyük
kitabxanalarından Asiya, Okanaqan, Uolter
Koerner, Xwi7xwa kitabxanalarını qeyd etmək
olar. Kitabxanaların 20 filialı və 3 xəstəxana
bölməsi daxil olmaqla burada 300-dən çox əməkdaş
çalışır. Britaniya Kolumbiyası Universitetinin
kitabxanası Elmi-Texniki Kitabxanalar
Assosiasiyasının üzvüdür.
Britaniya
Kolumbiyası Universitetinin icraedici orqanına
İdarəçilər Şurası, Palatalar Şurası, prezident,
vitse-prezidentlər, dekanlar daxildir. Hazırda
universitetin 12-ci prezidenti və vitse-kansleri
Stifen Tup, prorektoru və akademik işlər üzrə
vitse-kansleri Devid Farrardır. Universitetdə
ümumilikdə 13622 işçi çalışır. Onların 4669
nəfəri professor-müəllim, qalanları isə inzibati
işçilərdir. Bundan əlavə, universitet
xəstəxanalarında və "TRIUMF" fondunda 7000-dən
çox əməkdaş fəaliyyət göstərir.
Britaniya Kolumbiyası Universitetində Vankuver
və Okanaqan kampusu daxil olmaqla ümumilikdə
52136 nəfər tələbə təhsil alır. Onlardan
bakalavrların 36771 nəfəri Vankuver, 5609 nəfəri
isə Okanaqan kampusunda, magistr və
doktorantların isə 9350 nəfəri Vankuver, 406
nəfəri isə Okanaqan kampusunda oxuyur. Burada
təhsil alan əcnəbi tələbələrin sayı isə 6403
nəfərə bərabərdir. Əcnəbi tələbələrin
əksəriyyəti ABŞ, Çin, Cənubi Koreya, Yaponiya,
Honqkonq, İndoneziya, Böyük Britaniya, Meksika,
Malayziya və s. ölkələrdən olan gənclərdir.
Britaniya Kolumbiyası Universitetində yerli
xalqların (hinduların) nümayəndələri üçün təşkil
edilmiş Lonqhaus aborigen tələbələr üçün
"komfort zonası" hesab edilir və onların
mədəniyyət və fəaliyyətlərini öyrənən mərkəz
kimi fəaliyyət göstərir. Mərkəzin dekanı, dekan
müavini, müəllimləri var. Lonqhaus Mərkəzi yerli
əhali və metislərdə sahibkarlıq keyfiyyətlərini
gücləndirmək, onların mədəniyyətlərini qorumaq
və inkişaf etdirmək, konkret ehtiyaclarının
ödənilməsi üçün şərait yaratmaq məqsədi daşıyır.
Britaniya Kolumbiyası Universitetinin Vankuver
kampusunda 8000-dən çox tələbə və əməkdaş
yerləşdirmək imkanına malik 8 yataqxana
kompleksi var (Merin Drayv, Thunderbird, Vanier
Pleys, Uolter Qeyc, Fervyu Kresent, Totem Park,
Akadiya Park, Rits). Birinci kurs tələbələrinin
əksəriyyəti ümumi otaqlı Totem Park və Vanier
Pleys yataqxanalarında qalır. Akadiya Park
yataqxanası uşaqlı tələbələr üçün nəzərdə
tutulub. Vankuver kampusunda birillik yataqxana
qiymətləri belədir: ümumi otaq - 3840,
birnəfərlik otaq - 4400, 4720 Kanada dolları.
Okanaqan
kampusunda yerləşən yataqxanalar yüksək şəraitə
malik 1300 birotaqlı nömrələrdən ibarətdir. Bu
kampusdakı yataqxanalardan Similkamin Pleys,
Kassiar, Kalamoka, Nikola, Valhalla, Kaskad,
Yuxarı Kaskad, Monaşi Pleysi qeyd etmək olar.
Okanaqan kampusundakı yataqxanalarda 1 illik (2
semestr) qalmaq qiyməti 4400 Kanada dolları
təşkil edir.
Kampusda müxtəlif mədəniyyətləri təmsil edən
insanlarla yaşamaq tələbəyə zəngin həyat
təcrübəsi bəxş edir. Universitetin Mənzil Ofisi
tələbələrə həm akademik, həm sosial, həm də
mənəvi dəstək olur, onların uğur əldə etmələri
üçün müxtəlif tədbirlər keçirir.
Rezidensiyaların yaşıl parkların əhatəsində,
meşənin, Sakit okeanın yaxınlığında yerləşməsi
tələbələrin istirahəti üçün çox gözəl şərait
yaradır. Tələbələrin ən sevimli məşğuliyyəti
okean sahili boyu piyada gəzintidir. Burada
yerləşən Vrik Biç (Wreck Beach) dünyanın ən
böyük çimərliklərindən biridir.
Britaniya Kolumbiyası Universitetinin tələbə
mətbuatı çox zəngindir. Vankuver kampusunda
həftədə iki dəfə çıxan "The Ubyssey" qəzetini,
Okanaqan kampusunda iki həftədən bir çıxan "The
Phoenix" qəzetini, aylıq dərc olunan "The
Graduate" jurnalını, CiTR "Thunderbird Radio"
kampus radiosunu, radiostansiyanın dərc etdiyi
"Discorder" musiqili və əyləncəli jurnalı, "The
Knoll" siyasi proqressiv nəşrini, "Point"
həftəlik idman qəzetini, iki həftədən bir dərc
olunan "Underqround" Bakalavr Cəmiyyətinin
qəzetini, "The 432" saytı və iki həftədən bir
dərc olunan satirik nəşri, "PRISM international"
saytı və ədəbiyyat jurnalını, ildə iki dəfə
çıxan "Cinephile" elmi jurnalını və s. buna
sübut kimi göstərmək olar.
Britaniya Kolumbiyası Universitetinin idman
komandası universiteti Kanadada və bütün dünyada
təşkil edilən idman yarışlarında yüksək
səviyyədə təmsil edir. Universitetdə Duq Mitçel
Thunderbird, kroket, üzgüçülük, qayalara
dırmaşma, dodze mərkəzləri, trenajor zalları
mövcuddur, tələbələrə demək olar ki, idmanın
bütün növləri ilə məşğul olmaq üçün şərait
yaradılıb.
Dünyanın aparıcı universitetlərindən biri olan
Britaniya Kolumbiyası Universiteti qlobal
vətəndaşlığı, möhkəm vətəndaş cəmiyyətinin
yaranmasını, önəmli tədqiqatları dəstəkləyən
xüsusi təhsil mühiti yaradaraq Kanadanın və
bəşəriyyətin insanlarına xidmət edir.
Universitet ictimai rifahın möhkəmləndirilməsi
məqsədi ilə idarəetmənin və təhsil
standartlarının ən yüksək səviyyəsini özündə əks
etdirir.
Universitetin məşhur məzunları
|
Co Klark |
Kanadanın sabiq Baş naziri |
|
|
Con Törner |
Kanadanın sabiq Baş naziri |
|
|
Kim Kempbell |
Kanadanın sabiq Baş naziri |
|
|
İndira Samarasekera |
Alberta Universitetinin hazırkı
prezidenti |
|
|
Devid Turpin |
Viktoriya Universitetinin 6-cı
prezidenti |
|
|
Lalitx Gemeyc |
Şri-Lanka İnformasiya Texnologiyası
İnstitutunun icraçı direktoru |
|
|
Con Sveynson |
"Computer Associates" korporasiyasının
icraçı direktoru |
|
|
Bertram Brokhaus |
fizika üzrə Nobel mükafatı laureatı
(1994) |
|
|
Robert Mandell |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı (1999) |
|
|
Qalya Reyd |
yazıçı |
|
|
Ketlen Hiddl |
avarçılıq üzrə üçqat Olimpiya çempionu |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |