İyunun 12-də Təhsil Nazirliyində Azərbaycan
Milli Valideyn-Müəllim Assosiasiyasının
təşəbbüsü və təşkilatçılığı ilə VMA rəhbərləri
və üzvləri olan valideynlərlə görüş keçirildi.
Görüşdə valideynlərin təhsildəki bir sıra
problemlərin həlli, valideyn-məktəb əlaqələrinin
gücləndirilməsi ilə bağlı arzu və təklifləri
müzakirə edildi.
Tədbiri
açan təhsil naziri Misir Mərdanov valideynlərlə
görüşməsindən məmnun qaldığını, görüşü çox
əhəmiyyətli saydığını bildirdi və onun
təşəbbüskarı olan Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının icraçı
direktoru Təranə Şərifovaya təşəkkür etdi. Nazir
ona yazılı şəkildə təqdim edilmiş təkliflərlə
tanış olduğunu, həmin təkliflərin onu düşündürən
məsələlərlə üst-üstə düşdüyünü deyərək bunu
təhsilin keyfiyyətini yüksəltməkdə hamının
məqsədinin bir olması ilə əlaqələndirdi.
Təhsilin inkişafı istiqamətində son illər xeyli
iş görülsə də, müəyyən problemlərin hələ də
qaldığını söyləyən nazir ölkəmizdə təhsilin
səviyyəsinin, gələcəyinin valideynlərin bu işə
münasibətindən, müdaxiləsindən, arzu və
təkliflərindən asılı olduğunu vurğuladı. Qeyd
etdi ki, məhz bu sahədə işləri daha da
canlandırmaq üçün dünya təcrübəsi nəzərə
alınmaqla ölkəmizdə Milli Valideyn-Müəllim
Assosiasiyası yaradılmış və qısa müddətdə onun
şəbəkəsi xeyli genişlənmişdir. Artıq ölkədə
1000-dən çox məktəbdə və uşaq bağçasında VMA-nın
fəaliyyət göstərdiyini və onların işində xeyli
irəliləyişin olduğunu diqqətə çatdıran nazir
bundan sonra həmin qurumların şəbəkəsini
genişləndirməkdənsə, mövcud olanları daha da
möhkəmləndirmək və fəaliyyətlərini səmərəli
qurmaq istiqamətində iş aparılmasını zəruri
saydığını vurğuladı.
VMA-nın fəaliyyət istiqamətlərindən söz açan
nazir bildirdi ki, onun düşündüyünə görə, bu
qurumların üzvü olan valideynlər məktəb
direktoru seçimindən tutmuş müəllim seçiminə,
dərsliklərə, proqramlara, məktəbin dərs
cədvəlinə, müxtəlif səviyyəli tədbirlərədək hər
işə müdaxilə edə bilməli, həmin işlər bilavasitə
valideynlərin iştirakı ilə həll olunmalıdır.
Nazir təəssüf hissi ilə qeyd etdi ki, bir çox
müəssisə və təşkilatlarda, o cümlədən təhsil
sistemindəki qurumlarda və təhsil ocaqlarında
hər şeyi birinci şəxslər həll edirlər. Bunu pis
tendensiya sayan nazir belə halların əslində
idarəçilik sistemini pozduğunu, bu işə
bilavasitə cavabdeh və aidiyyəti olan digər
adamlarda laqeydlik yaratdığını,
təşəbbüskarlığın qarşısını aldığını, məsələlərin
bir çoxunun məhz yerlərdə həll edilməli olduğunu
söylədi.
Təhsil
naziri belə görüşlərin ildə bir neçə dəfə
keçirilməsinin, beləliklə VMA üzvləri olan
valideynlərə öz məktəbləri haqqında qısa
arayışlar vermələrinə, öz təkliflərini
söyləmələrinə şərait yaradılmasının məqsədəuyğun
olduğunu bildirdi.
Sonra təhsil naziri Misir Mərdanov yazılı
şəkildə ona təqdim olunmuş təkliflərin
bəzilərinə münasibət bildirdi.
Orta məktəblərdə mərkəzləşdirilmiş qaydada
keçirilən buraxılış imtahanlarında valideynlərin
iştirakı barədə təklifə müsbət yanaşdığını deyən
nazir bununla bağlı bəzi fikirlərini görüş
iştirakçıları ilə bölüşdü. Təhsil naziri
bildirdi ki, orta məktəblərdə bir neçə ildir ki,
mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış
imtahanlarından narahat və narazı olanlar, bu
işi istəyənlərlə yanaşı, istəməyənlər olsa da,
bütövlükdə bu, son illər təhsil sistemimizdə
atılmış ən ciddi addımlardan biridir. Buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada
keçirilməsini çox vacib məsələ saydığını deyən
nazir bunun son illər təhsilin müxtəlif
səviyyələrində, məktəblərdə, hətta şagird və
valideynlər arasında özünü göstərən
məsuliyyətsizlik hallarının aradan
qaldırılmasına, məktəbin, müəllimin nüfuzunun
yüksəlməsinə müsbət təsir göstərdiyini,
bütövlükdə bu addımın ictimaiyyət tərəfindən
dəstəkləndiyini söylədi, onun hətta aşağı
siniflərdə də tətbiq olunmasının vacibliyini
diqqətə çatdırdı.
VMA-nın üzvü olan valideynlərin
mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış
imtahanlarında iştirakını zəruri saydığını deyən
təhsil naziri görüşdə iştirak edən valideynlərə
əgər arzu edirlərsə və imkanları varsa, iyunun
16-da Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil
məktəblərində keçiriləcək buraxılış
imtahanlarında iştirak etməyi, imtahanlara
müdaxilə etmədən imtahan mərkəzlərinin
rəhbərləri, nəzarətçi müəllimlər və şagirdlərlə
görüşüb söhbətlər aparmağı, görüləcək işlərə
qiymət verməyi tövsiyə etdi, belə arzuda
olanlara şərait yaradılacağını bildirdi.
Başqa bir təklifə, I-II siniflərdə istifadə
olunan iş dəftərlərinin çoxluğu və bahalığı
məsələsinə münasibətini bildirən nazir bu
məsələnin onu da düşündürdüyünü, iş
dəftərlərinin qiymətlərinin ucuz olması ilə
əlaqədar nəşriyyatlara artıq tapşırıq verdiyini
dedi və bu il çapdan çıxacaq iş dəftərlərində
bunun nəzərə alınacağına valideynləri əmin etdi.
Nazir İctimai televiziyada yayımlanan "Açıq
dərs" verilişinin birinin valideynlərin iştirakı
ilə keçirilməsi təklifinin də onun üçün maraqlı
olduğunu söylədi və həmin verilişin nəinki
birində, hətta ikisində valideynlərlə birgə
çıxış etməyə hazır olduğunu bildirdi, bu barədə
verilişin moderatoru ilə danışacağına söz verdi.
Təhsil naziri valideynlərin təklif etdiyi "İlin
valideyni" müsabiqəsinin keçirilməsi məsələsinə
də müsbət yanaşdığını, belə bir müsabiqənin
təşkilinə nazirlik tərəfindən imkan daxilində
dəstək veriləcəyini söylədi, eyni zamanda
müsabiqə üçün meyarlar, qaydalar hazırlamaq
lazım gəldiyini diqqətə çatdırdı.
Görüşdə repetitorluq məsələsinə də toxunuldu.
Bununla bağlı VMA-nın təkliflər paketində əksini
tapmış "Repetitor müəllimlərin fəaliyyətinin
evlərdən siniflərə keçirilməsi üçün tədbirlərin
görulməsi" məsələsinə münasibətini bildirən
təhsil naziri repetitorluqla bağlı ölkə
mətbuatında məqalə ilə çıxış edib öz fikirlərini
açıqladığını söylədi və valideynlərə həmin
məqalə ilə tanış olmalarını tövsiyə etdi.
Repetitorluğa bir neçə baxımdan yanaşdığını
bildirən nazir bir tərəfdən bu işi müsbət
qiymətləndirdiyini, imkanları olan, övladlarının
daha çox bilik və bacarığa yiyələnməsi üçün
repetitorların xidmətindən istifadə etmək
istəyən insanları başa düşdüyünü, digər tərəfdən
repetitorluğun məktəbin, burada keçilən
dərslərin ziyanına olmasının, dövlətdən,
hökumətdən gizli şəkildə aparılmasının əleyhinə
olduğunu söylədi.
Təhsil naziri təkliflərin sırasında yer almış
gənc valideynlər üçün məktəblərdə kursların
açılmasını da çox yaxşı fikir kimi
dəyərləndirdi, valideynlərlə müntəzəm
maarifləndirmə işlərinin aparılmasının vacib
olduğunu vurğuladı.
Görüşdə ən vacib məsələlərdən biri olan
VMA-ların məktəblərdə direktor seçilməsində rolu
barədə də ətraflı söhbət getdi. Təhsil naziri
VMA-ların məktəb direktorunun seçilməsində
iştirakının, bu işin hansısa bir formasının
tapılmasının, məktəb direktoru seçilərkən
VMA-nın təklifinin nəzərə alınmasının, VMA
tərəfindən ehtiyat direktor kadrlarının
hazırlanmasının və Təhsil Nazirliyinə təklif
olunmasının mümkünlüyünü diqqətə çatdırdı.
Məktəblərdə VMA-nın təklif, tövsiyə qutularının
qoyulması təklifini də təhsil naziri təqdir edib
çox maraqlı fikir kimi dəyərləndirdi. Vaxtilə
rektor işlədiyi dövrdə BDU-da belə qutuların
qoyulduğunu və müsbət nəticələr verdiyini
diqqətə çatdırdı.
Bir sıra digər məsələlərlə bağlı fikirlərini də
açıqlayan təhsil naziri təqdim olunmuş
siyahıdakı bütün təklifləri diqqətə çatdırmağa
lüzum görmədiyini, bununla əlaqədar
valideynlərin özlərini eşitmək arzusunda
olduğunu bildirərək sözü onlara verdi.
VMA rəhbəri və üzvü olan valideynlər çıxış
edərək təhsildə görülən işlərdən, mövcud
problemlərdən, öz məktəblərindəki vəziyyətdən
söz açdılar, arzu və təkliflərini bildirdilər.
İlk söz alan Bakıdakı Bağça-Məktəb-Lisey
Kompleksi VMA-nın prezidenti Cavanşir Rzayev
kompleksdə təhsilin səviyyəsinin qənaətbəxş
olduğunu, iki övladının bu təhsil ocağını
bitirdiyini, birinin isə hazırda təhsilini davam
etdirdiyini, BML kompleksini bitirən
övladlarının məhz burada aldıqları yüksək təhsil
hesabına ali məktəbləri də uğurla başa vurub
fərqlənmə diplomları aldıqlarını diqqətə
çatdırdı. "İlin valideyni"nin seçilməsi
təklifinə müsbət yanaşdığını bildirən C.Rzayev
il boyu bir dəfə də olsun valideyn yığıncağına
gəlməyən valideynlərə məktəbdə hər şeyin məhz
onların övladı üçün edildiyini başa salmaq üçün
müəyyən bir mexanizmin olmadığını təəssüf hissi
ilə söylədi. Onun fikrincə, məhz bəzi
valideynlərin övladlarının təhsilinə biganə
münasibətinin, məktəblə əlaqə saxlamamalarının
nəticəsidir ki, onlar övladlarını düzgün
istiqamətləndirə bilmirlər. Belə ailələrdən
gələn uşaqlar məktəbdəki fəal, çalışqan, oxumaq
istəyən uşaqlara hər vasitə ilə mane olurlar. O
təklif etdi ki, yaxşı valideynləri
fərqləndirmək, həvəsləndirmək üçün "İlin
valideyni" müsabiqəsi keçirildiyi kimi, pis
valideynlər üçün də hansısa bir cəza növü tətbiq
edilsin.
Binəqədi rayonunda yerləşən 299 nömrəli məktəbin
valideyni, VMA üzvü İlham Qaibzadə, müharibə
əlili olmasına baxmayaraq, məktəblə müntəzəm
əlaqə saxladığını, övladının təhsili ilə daim
maraqlandığını, məktəbdə yüksək təlim-tərbiyə
şəraiti yaradıldığını diqqətə çatdırıb, bütün
bunlara görə təhsil nazirinə minnətdarlığını
bildirdi. Ulu öndərimiz Heydər Əliyevin, onun
layiqli varisi İlham Əliyevin müharibə
əlillərinə göstərdikləri diqqət və qayğını
xüsusi qeyd etdi.
Məktəblərində son illər böyük dönüş yarandığını
deyən valideyn oradakı vəziyyətlə tanış olmaq
üçün təhsil naziri Misir Mərdanovdan 299 nömrəli
məktəbə gəlməsini xahiş etdi.
Bakıdakı 18 nömrəli məktəbin valideyni Təbəssüm
Abdullayeva çıxışında təhsil ocağının direktoru
Vaqif Hüseynovun məktəb VMA-nın fəaliyyətinə
yaxından kömək göstərdiyini, valideynlərin
məktəbin fəaliyyətində fəal iştirak etdiyini
bildirdi. Qeyd etdi ki, özü ixtisasca
mühəndisdir, Səhiyyə Nazirliyində işləyir. Yaxşı
əl qabiliyyəti var. Məktəbdə onun üçün şərait
yaradıb, dərnək açıb. 7-8-ci siniflərin
qızlarına əl işlərini öyrədir. T.Abdullayevanın
fikrincə, hər bir valideyn gücü çatan, bacardığı
işlərdə məktəbə kömək edərsə, bunun, ilk
növbədə, burada təhsil alan övladlarına böyük
xeyiri olar.
111 nömrəli körpələr evi-uşaq bağçasının
valideyni Zemfira Məmmədqızı çıxışında
valideynlərlə görüşməyə imkan tapdığına görə
təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirdi. Qeyd etdi ki, bu tərbiyə ocağında VMA
iki ildir yaradılıb və yaxşı təcrübəsi var.
Valideynlər bağçanın işində, problemlərinin
həllində yaxından iştirak edirlər. Lakin bağçada
onların həll edə bilmədiyi bəzi problemlərin də
olduğunu deyən Z.Məmmədqızı təhsil nazirindən
onların həllinə yardımçı olmağı xahiş etdi.
Z.Məmmədova habelə bağça tərbiyəçilərinin
psixoloji biliklərə yiyələnmələri üçün xüsusi
kurslara cəlb olunmalarını, məktəbəqədər təhsil
müəssisələri arasında qabaqcıl təcrübənin
yayılmasını təklif etdi.
Bakıdakı 20 nömrəli məktəb-liseydən VMA üzvü
Faiq İsmayılov da öz çıxışında yeni direktor
təyin olunduqdan sonra təhsil ocağında
vəziyyətin müsbət mənada xeyli dəyişdiyini
bildirdi.
F.İsmayılov məktəb VMA-larının işlək, məktəbin
fəaliyyətinə müdaxilə edə bilən bir quruma
çevrilməsini təklif etdi. Peşə bayramı günündə
müəllimlərə hədiyyələrin verilməsi ilə bağlı
bəzi mətbuat orqanlarında aparılan qərəzli
kampaniyaya da F.İsmayılov bir valideyn kimi öz
etirazını bildirdi.
Valideyn məktəblərdə ingilis dili müəllimlərinin
çoxunun bu dildə danışa bilmədiyini qeyd edib,
onların dil kurslarına cəlb edilməsi təklifini
irəli sürdü.
Uşaq hüquqları klinikasının rəhbəri Nazir
Quliyev çıxışında uşaq hüquqlarının qorunması
sahəsində gördükləri işlərdən danışdı.
Valideynlərin uşaq hüquqları haqqında az
məlumatlı olduğunu deyən N.Quliyev onlar
arasında bu istiqamətdə maarifləndirmə işlərinin
gücləndirilməsinə ehtiyac duyulduğunu bildirdi.
O, habelə uşaqlara, müəllimlərə hüquqları ilə
yanaşı, vəzifələrini də öyrətmək lazım gəldiyini
vurğuladı.
N.Quliyev orta məktəblərdə şagirdlər tərəfindən
mobil telefonlardan istifadənin onu narahat
etdiyini, bu telefonlardan çox istifadə etməyin
ağır fəsadlara gətirib çıxardığını, eyni zamanda
məktəbə, şagirdlərə, müəllimə qarşı hörmətsizlik
yaratdığını söylədi və imkan daxilində bunun
qarşısının alınmasını, tənzimlənməsini təklif
etdi. O, gənc valideynlərin xüsusi kurslar
vasitəsi ilə məktəbə hazırlanması təklifini də
müdafiə etdiyini bildirdi.
9 nömrəli məktəbin valideyni olan 5 nömrəli
xəstəxananın həkimi Həmzə Əzizbəyov da görüş
üçün nazirə minnətdarlığını bildirdi. O,
çıxışında Azərbaycan xalqının təhsilə marağının
güclü, bizim təhsil səviyyəmizin də kifayət
qədər yüksək olduğunu qeyd etdi. O da
məktəblərdə xarici dil müəllimlərinin tədris
etdikləri dilləri zəif bilmələri probleminin
həllini zəruri saydı. Təklif etdi ki, orta
məktəblərə ancaq dili yaxşı bilən müəllimlər işə
qəbul olunsunlar.
276 nömrəli məktəbin VMA rəhbəri Qəmzə Yusifova
Təhsil Nazirliyinin təhsilə qayğısını yüksək
qiymətləndirib, bu qayğını hər zaman hiss
etdiklərini söylədi. VMA-ların böyük iş
apardığını, onların fəaliyyəti nəticəsində
valideynlərlə məktəblər, müəllimlər arasında
isti münasibətlərin yarandığını deyən Q.Yusifova
son vaxtlar VMA xətti ilə məktəblərində xeyli
tədbir keçirdiklərini də görüş iştirakçılarının
diqqətinə çatdırdı. O, belə görüşlərin daha
tez-tez və böyük miqyasda təşkil olunmasını, heç
olmasa ildə bir dəfə valideynlərin forumunun
keçirməsini təklif etdi. Q.Yusifova habelə
nazirlikdə valideynlərlə işləyən xüsusi bir
şöbənin yaradılmasına ehtiyac duyulduğunu
söylədi, təhsildə ictimai nəzarətin həyata
keçirilməsini vacib saydı, bunun təhsildə
şəffaflığın artmasına, məktəbə inamın
güclənməsinə kömək göstərə biləcəyini diqqətə
çatdırdı.
20 nömrəli məktəb-liseyin VMA üzvü Aytən
Ələkbərova çıxışında təmsil etdiyi qurumun üzvü
olandan məktəblə sıx əlaqə saxladığını,
dərslərdə iştirak etdiyini söylədi. VMA
yaranandan sonra valideynlərlə məktəbin
əlaqəsinin gücləndirildiyini bildirən valideyn
bunun həm məktəbə, həm də valideynlərə xeyiri
olduğunu vurğuladı.
Milli VMA-nın eksperti Şahin Rəcəbli çıxışında
bildirdi ki, VMA-lar hələ təşkilatlanma dövrünü
yaşayır. Onun fikrincə, VMA-ların fəaliyyətinin
əsas hissəsini məktəbdə səmimi, sağlam
idarəetməni və ictimai nəzarəti həyata keçirmək
təşkil edir. Bu istiqamətdə onlara YUNİSEF-in də
dəstək verdiyini deyən Ş.Rəcəbli Təhsil
Nazirliyi tərəfindən lazımi diqqət və qayğı ilə
əhatə olunduqlarını söylədi və bütün bunlara
görə təhsil nazirinə minnətdarlıq etdi. Bir çox
direktorların VMA-lara yaxından dəstək verdiyi
halda bəzilərinin bu işlərlə maraqlanmadığını
deyən Ş.Rəcəbli bununla bağlı direktorlar
arasında da maarifləndirmə işlərinin
aparılmasını zəruri saydı. O, habelə "İlin
şagirdi" müsabiqəsinin təşkili və keçirilməsini
də faydalı hesab etdiyini söylədi.
299 nömrəli məktəb-liseyin VMA rəhbəri Mübariz
Kərimov çıxışına onların təkliflərinə diqqətlə
yanaşan təhsil nazirinə minnətdarlıqla başladı.
O, əvvəllər bir nəfər belə kişi valideynin
gəlmədiyi valideyn iclaslarına indi onların daha
çox gəlməsini, valideynlərin məktəb həyatında
fəal iştirakını VMA-ların fəaliyyəti ilə
əlaqələndirdi. M.Kərimov məktəbin həyətində
kiçik meydança inşa etdiklərini, lakin onun süni
örtüklə təchiz etməyə imkanları olmadığını
deyərək bu işdə onlara kömək göstərməyi təhsil
nazirindən xahiş etdi.
42 nömrəli məktəbin VMA-nın prezidenti Mübariz
Bağırov məktəblərində VMA-nın təzəcə yaransa da
onun işini günün tələblərinə uyğun quracaqlarına
görüş iştirakçıları və naziri əmin etdi.
Məktəblərində təmir getdiyini, gözəl şərait
yarandığını deyən VMA rəhbəri bu baxımdan
məktəbin direktorundan, müəllimlərdən çox razı
olduqlarını söylədi. Repetitorluğu böyük bəla
sayan M.Bağırovun sözlərinə görə, bu yolla qəbul
imtahanlarına hazırlaşıb ali məktəblərə daxil
olan gənclərin çoxunun, hətta təhsilin sonrakı
pillələrində oxuyan gənclərin təfəkkürü
gözlənilən, arzu edilən səviyyədə deyil. O, ali
məktəblərə qəbul imtahanlarında toplanan balları
savad göstəricisi hesab etmədiyini bildirdi.
Buna görə də o, repetitorluğun yığışdırılmasına
çalışmaq lazım gəldiyini söylədi.
"İki sahil" qəzetinin baş redaktoru, 289 nömrəli
məktəb - "Zəngi" liseyinin VMA rəhbəri Vüqar
Rəhimzadə çıxışında görüşün təşəbbüskarlarına və
təşkilatçılarına minnətdarlığını bildirdi.
Təhsil nazirinin valideynlərlə görüşünü yüksək
dəyərləndirən V.Rəhimzadə onu gələcək görüşlər
üçün təməl adlandırdı.
289 nömrəli məktəb - "Zəngi" liseyində
assosiasiyanın sentyabr ayından fəaliyyət
göstərdiyini deyən VMA rəhbəri müntəzəm olaraq
tədbirlər planları hazırlayıb həyata
keçirdiklərini, kitab müəllifləri ilə,
ziyalılarla görüşlərin keçirilməsinə xüsusi önəm
verdiklərini söylədi və bunlara misal olaraq
keçirdikləri bir çox tədbirlər barədə görüş
iştirakçılarına məlumat verdi, onların
şagirdlərin dünyagörüşlərinin inkişafında böyük
rol oynadığını söylədi.
189 nömrəli məktəbin valideyni Lalə Hacıyeva da
çıxışında təhsil ocaqlarında görülən işlərə
diqqəti çəkdi. O, məktəblə ailə arasında
müqavilələrin bağlanmasını təklif etdi. Bildirdi
ki, belə müqavilələr valideynlərin də,
müəllimlərin də məsuliyyətini xeyli artırar.
Görüşə yekun vuran təhsil naziri Misir Mərdanov
valideynlərə bir daha təşəkkürünü bildirib
deyilən fikirlərə, irəli sürülən təkliflərə
diqqətlə yanaşılacağına, imkan daxilində onların
yerinə yetirilməsinə kömək göstəriləcəyinə
valideynləri əmin etdi. Belə görüşlərin ayda və
ya rübdə bir dəfə təşkil olunmasını, Azərbaycan
Milli VMA-nın YUNİSEF və Təhsil Nazirliyi ilə
birgə növbəti dərs ili üçün tədbirlər planının
hazırlanmasını zəruri saydığını deyən təhsil
naziri yeni dərs ili ərəfəsində bundan da geniş
tərkibdə görüşün keçirilməsinin məqsədəuyğun
olduğunu bildirdi.
Yusif ƏLİYEV |