3
nömrəli Bakı Peşə Məktəbinin uğurları əvvəlki
illərlə müqayisədə son illər xeyli artıb.
Məktəbin maddi bazası ildən-ilə möhkəmlənib,
qorunub və inkişaf etdirilib. Burada müəllim və
şagirdlərin qüvvəsi ilə təşkil edilən,
valideynlərin köməyi nəticəsində
zənginləşdirilən fənn kabinetləri və
laboratoriyalar fəaliyyət göstərir və bütün
dərslər kabinet sistemində keçilir. Məktəbdə
avtomobil təmiri üzrə çilingər, kompüter üzrə
operator, inşaatçı-dülgər-xarrat, tikişçi, tikiş
avadanlığının operatoru, qadın bərbəri,
manikürçü, kişi bərbəri və mühasib- fərdi
kompüter operatoru ixtisasları üzrə kadr
hazırlanır.
Biz bu deyilənlərlə bir daha yaxından tanış
olmaq üçün Təhsil Nazirliyinin aparıcı
məsləhətçisi Elxan Cəfərovla birlikdə iyunun
17-də 3 nömrəli Bakı Peşə Məktəbində olduq.
Öyrəndik ki, peşə məktəbinin 179-cu qrup
şagirdləri Bakı Tikiş Evində tikişçi və tikiş
avadanlığının operatoru ixtisası üzrə dövlət
imtahanı verirlər. Həmin imtahanda iştirak
etdik. Məlum oldu ki, imtahan verən bu
şagirdlər imtahanqabağı istehsalat təcrübəsini
də elə Bakı Tikiş Evində keçiblər və burada
işləyən təcrübəli müəllimlərdən öz peşələrinin
sirrini dərindən öyrənə bilmişlər.
Həmin gün peşə məktəbini bitirən şagirdlərdən
Xəyalə Qafarova, Aynurə Rüstəmova, İbadət
Bəşirzadə və Ülkər İsrafilova dövlət
imtahanından "əla" qiymət aldılar.
Peşə məktəbinin direktoru Sabir Əliyev bu
uğurların qazanılmasında istehsalat təlimi
ustası Ədilə Rüstəmovanın, fənn müəllimi Nahidə
Əhlimanovanın, tədris-istehsalat işləri üzrə
direktor müavini Şəfiqə Vəliyevanın böyük
zəhmətlərini qeyd etməklə bərabər, Bakı Tikiş
Evinin rəhbərliyindən və orada baş usta
vəzifəsində çalışan Nigar Əlibəyovanın peşə
məktəbinin şagirdlərinə göstərdikləri
qayğıkeşlikdən də razı qaldığını dedi.
Şakir CƏFƏROV |