İmtahanların gedişini valideynlər və kütləvi
informasiya vasitələrinin nümayəndələri də
izlədilər.
İyunun
16-da Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil
məktəblərinin XI siniflərində buraxılış
imtahanları keçirildi.
Bakı şəhəri üzrə 73 imtahan mərkəzində 24933,
Sumqayıt şəhəri üzrə 11 imtahan mərkəzində 4083
şagird imtahan verdi.
Həmin gün Bakı şəhəri üzrə ötən tədris illərində
attestat ala bilməyən 1790 nəfər də 4 imtahan
mərkəzində, Sumqayıt şəhəri üzrə isə 240 nəfər 1
imtahan mərkəzində imtahan verib.
Qeyd edək ki, iyunun 16-da ümumilikdə Bakı
şəhəri üzrə 77 imtahan mərkəzində 26723,
Sumqayıt şəhəri üzrə isə 12 imtahan mərkəzində
4323 şagird imtahan verib.
Həmin gün Təhsil Nazirliyinin təşəbbüsü ilə XI
siniflərdə keçirilən buraxılış imtahanlarının
gedişini izləmək məqsədilə valideynlər və KİV
nümayəndələrindən ibarət müşahidə qrupu təşkil
olundu. Təhsil Nazirliyinin, Valideyn-Müəllim
Assosiasiyasının nümayəndələri də bu qrupda
iştirak edirdilər.
İştirakçılar imtahan prosesini öncə "Ankara
məktəbi" məktəb-liseyində müşahidə etdilər.
Binanın 3 mərtəbəsində yerləşən sinif
otaqlarında təşkil edilmiş imtahan prosesinə 5
imtahan rəhbəri nəzarət edirdi. Qrupun üzvləri
ilə birlikdə ayrı-ayrı sinif otaqlarında imtahan
prosesini izlədik, sualların necə tərtib
olunması ilə bağlı onbirincilərin fikirləri ilə
maraqlandıq, imtahan rəhbərləri və
nəzarətçilərdən bu təhsil ocağında keçirilən
buraxılış imtahanları haqqında ətraflı məlumat
aldıq. İmtahan rəhbərləri təşkilati məsələlərdə
heç bir problemin yaranmadığını, prosesin
təlimata uyğun aparıldığını bildirdilər.
Müşahidəçilər məktəb-liseyin həyətində toplaşan
valideynlərlə də söhbət etdilər. Onlar burada
imtahanın təşkilindən çox razı qaldıqlarını
bildirdilər. İmtahanın gedişini izləmək məqsədi
ilə 229 nömrəli məktəbdə də olduq. Burada da
valideynlər imtahanların çox obyektiv
aparıldığını bildirdilər. Bir neçə valideyn və
imtahan rəhbəri ilə birlikdə sinif otaqlarını
gəzərək imtahanların gedişini izlədik.
Onbirincilər yaradılan şəraitdən razı
qaldıqlarını, ayrı-ayrı fənlər üzrə hazırlanmış
testlərdə çətinlik çəkmədiklərini bildirdilər.
İmtahanların gedişini izlədiyimiz növbəti təhsil
ocağında - 175 nömrəli məktəbdə də hər kəs bu
prosesin çox şəffaf və obyektiv keçirildiyini
qeyd etdi. Valideynlər övladlarının biliyinin
düzgün qiymətləndiriləcəyinə əmin olduqlarını
dedilər.
Sonda Təhsil Nazirliyi Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri, filologiya
elmlər doktoru Təranə Hacıyeva buraxılış
imtahanlarına dair ətraflı məlumat verdi və
bununla bağlı jurnalistləri maraqlandıran
çoxsaylı sualları cavablandırdı. Eyni zamanda
şöbə müdiri bildirdi ki, ölkə üzrə keçirilmiş
buraxılış imtahanlarının nəticələri yaxın 4-5
gün ərzində açıqlanacaq.
Hicran ƏKBƏROVA |