Son beş ildə Azərbaycan Müəllimlər İnstitutunda
ixtisasartırmanın keyfiyyətinin daha da
yaxşılaşdırılması istiqamətində böyük işlər
görülür. Etiraf edilir ki, əvvəllər
respublikamızın müxtəlif rayonlarından
təkmilləşdirmə kurslarına gələn müəllimlər
arasında kütləvi halda dərslərdən yayınma
halları baş verirdisə, hazırda institut
rəhbərliyinin kadrları düzgün yerləşdirməsi və
tələbkarlığı nəticəsində belə halların qarşısı
qəti şəkildə alınmışdır. Belə ki, biraylıq
kurslarda 20 faizdən çox üzrsüz səbəbdən
dərslərdə iştirak etməyən müəllimlərə kursu
bitirmək haqqında sənədlər verilmir. Sözsüz ki,
bu tələbkarlıq nəticəsində nizam-intizam
yaradılmış, dərsə davamiyyət yaxşılaşmışdır.
İxtisasartırma təhsilinin keyfiyyətini daha da
yaxşılaşdırmaq üçün ayrı-ayrı kateqoriyalar üzrə
kurslara gələn müəllimlərə çatdırılan
elmi-nəzəri, təcrübi əhəmiyyət kəsb edən
mühazirə və seminarların məzmunu da xüsusi
proqram əsasında təhsilin müasir tələblərinə
uyğunlaşdırılmışdır. Aparılan islahatlar
nəticəsində meydana gəlmiş bütün yeniliklər
sistemli olaraq kompleks şəkildə kitabça
formasında nəşr olunmuş beş il müddətinə nəzərdə
tutulmuş tədris-tematik planında öz əksini
tapmışdır. Eyni zamanda müxtəlif kateqoriyalar
üzrə kurslara gələn müəllimlərin xüsusi sorğu
anketləri vasitəsilə tələbatları
müəyyənləşdirilir, onların arzu və istəklərinə
uyğun olan sahələr üçün də kurs ərəfəsində vaxt
ayrılır, həmin vaxt ərzində dinləyicilərin
tələbatını ödəyən əlavə mövzular tədris olunur.
Ən maraqlı cəhət isə odur ki, ixtisasartırmaya
gələn müəllimlərin bilik səviyyəsi həm açılışda,
həm də yekunda yoxlama xarakteri daşıyan xüsusi
testlər, məqbullar və sorğu anketləri vasitəsilə
müəyyənləşdirilir. Bundan sonra kursa gələn
müəllimlərə əlavə vəsaitlər, öyrədici əhəmiyyətə
malik olan metodik materiallar verilir. Bu
materiallarda təhsil sistemində baş verən bütün
yeniliklər öz əksini tapır.
Məlumdur ki, son vaxtlar təhsil sahəsində
kifayət qədər innovasiyalar meydana gəlmişdir.
Bu innovasiyaları böyük müəllim ordusuna
çatdırmadan şagirdləri daha yüksək keyfiyyətli
biliklərə yiyələndirmək olmaz.
Etiraf edək ki, Azərbaycanın kənd rayonlarında,
hətta bir çox şəhər məktəblərində işləyən
müəllimlərin mütaliə etmək, təhsil sistemində
baş verən yenilikləri öyrənmək səviyyəsi çox
aşağıdır. Elə müəllimlər var ki, hətta öz
ixtisası üzrə də uzun illərdən bəridir ki,
mütaliə ilə məşğul olmur. Bu faktlar kursa gələn
çoxsaylı müəllimlərlə dərs prosesində yaranan
dialoqlar vasitəsilə də aşkar olmuşdur.
Müəllimlər bu faktın mövcudluğunu özləri də
etiraf etmişlər. Buna görə də ixtisasartırma
təhsilində aldığı biliyin əhəmiyyətini dərk edən
müəllimlər dekanlığın onlara təqdim etdiyi rəy
kitabına dərin minnətdarlıqla dolu sözlər
yazmışlar.
Lakin sorğu anketlərinə verilən cavablar
göstərir ki, ixtisasartırma kurslarına gəlmiş
bəzi kateqoriyadan olan dinləyicilər öz
fəaliyyət sahələrinə aid olan normativ sənədlər
haqqında da kifayət qədər məlumata malik
deyillər. Məsələn, 2008-ci il sentyabrın 12-də
məktəbəqədər tərbiyə müəssisə rəhbərlərinin
giriş anket sorğusu zamanı 12 nəfər dinləyici
iştirak etmiş, onların əksəriyyəti sorğu
anketində göstərilən "Məktəbəqədər tərbiyə və
təlim müəssisələri haqqında əsasnamə"nin neçənci
ildə qəbul olunması ilə bağlı sualı cavablandıra
bilməmişdir. Onların əksəriyyətinin Təhsil
Nazirliyi tərəfindən məktəbəqədər təhsillə
əlaqədar olan müxtəlif normativ sənədlərdən
xəbəri olmadığı aşkar olunmuşdur. Həmçinin bu
bağça rəhbərləri məktəbəqədər tərbiyə
müəssisələrində uşaqların əqli, estetik, əmək və
fiziki tərbiyəsinin təşkilinə metodistin əməli
köməyinin nədən ibarət olduğunu cavablandıra
bilməmişlər. Həmin qrupun yekun sorğu anketinin
cavablandırma prosesində isə vəziyyət tamam
dəyişmişdir. Onların 24 gün ərzində kifayət
qədər yeni biliklərə yiyələndikləri aşkar
olunmuşdur. Fakültənin rəy kitabındakı
yazılarında isə onlar belə kursların tez-tez
təşkil olunmasını xahiş etmişlər.
Yaxud, 2 dekabr 2008-ci ildə məktəb
kitabxanalarının işçiləri üçün təşkil
olunmuş kursda 22 nəfər iştirakçının
əksəriyyəti giriş anketində qoyulan suala
uyğun olaraq kitabxana işi ilə bağlı
əsasnamənin və kitabxana işi haqqında Azərbaycan
Respublikasının Qanununun nə vaxt qəbul
olunduğunu bilməmişlər. Eyni zamanda "Kurikulum
nədir" sualı da cavablandırılmamışdır. Kurs
başa çatarkən onlara təqdim olunan yekun
anketində isə vəziyyət müsbətə doğru
tamam dəyişmişdir.
Bütün bunlar ixtisasartırma kurslarında tədrisin
keyfiyyətinin yaxşılaşdırılması və davamiyyətə
nəzarətin gücləndirilməsi nəticəsində baş
vermişdir.
Qeyd etmək lazımdır ki, AMİ-də ixtisasartırma
təhsilinin təşkili prosesi xüsusi koordinasiya
əsasında həyata keçirilir. Belə ki, müəllim
hazırlığı, proqramın məzmunu və
planlaşdırılması, dərsliklərin və dərs
vəsaitlərinin yazılması, kadrların
yerləşdirilməsi, pedaqoji fəaliyyətin
öyrənilməsi, elmi-pedaqoji-metodiki tələbatın
formalaşdırılması kimi fəaliyyət sahələri
ixtisasartırmanın əsasını təşkil edir. Həyata
keçirdiyimiz bütün bu məsələlər Təhsil
Nazirliyi, ali pedaqoji, orta ixtisas
məktəbləri, Təhsil Problemləri İnstitutu,
R(Ş)TŞ, başqa ixtisasartırma müəssisələri ilə
əlaqəli şəkildə tənzimlənir.
Bütün təhsil sahələrində olduğu kimi,
ixtisasartırma təhsilində də dərs deyən
müəllimin elmi-metodiki hazırlığı onun istedad
və bacarığı təhsilin keyfiyyətinin
yüksəldilməsinin əsas faktorlarından biri kimi
qiymətləndirilir. Bu cəhəti nəzərə alaraq
Azərbaycan Müəllimlər İnstitutunun rektoru,
professor Aqiyə Naxçıvanlı instituta rektor
təyin olunduğu gündən müəllimin dərs dediyi
şəraitin yaxşılaşdırılmasına xüsusi diqqət
yetirir.
Dərs deyən müəllimlər qarşısında da yüksək
tələblər qoyulmuşdur. Hər bir müəllim yeni təlim
metodlarını öyrənməli, kompüter
texnologiyalarından istifadə etməyi
bacarmalıdır. Müəllimləri qeyd olunan vərdiş və
bacarığa yiyələndirmək məqsədilə institutda
onlar üçün vaxtaşırı olaraq 3-5 günlük
seminarlar təşkil olunur. Belə seminarlar əsasən
dərslər pozulmasın deyə, semestrarası tətillər
zamanı həyata keçirilir. Seminar
iştirakçılarının əldə etdikləri biliyin
səviyyəsi qiymətləndirilir və onlara xüsusi
sertifikatlar verilir.
Təbii ki, son beş ildə Azərbaycan Müəllimlər
İnstitutunda onun rəhbərliyi tərəfindən həyata
keçirilən yenidənqurma işləri ixtisasartırma
təhsilində yeni məzmun və keyfiyyətin
yaranmasına səbəb olmuşdur.
Azərbaycan təhsil sistemini dünya standartlarına
uyğunlaşdırmaq üçün "Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)"
adlı sənəd xüsusi əhəmiyyət kəsb edir. Həmin
sənədin təhsil prosesinə tətbiq olunması üçün
Azərbaycan Müəllimlər İnstitutunun
ixtisasartırma təhsili sahəsində çox böyük işlər
görülmüşdür. Hətta İbtidai təhsilin pedaqogikası
və metodikası ixtisası üzrə təhsil alan IV kurs
tələbələri üçün də Milli Kurikuluma aid 10
günlük seminarlar keçirilmiş və yekunda onlara
respublikanın təhsil naziri, cənab Misir
Mərdanov tərəfindən xüsusi sertifikatlar təqdim
olunmuşdur. Eyni zamanda müxtəlif fənn
müəllimləri üçün təşkil olunan kursların
tədris-tematik planlarında da kurikulumun
tədrisi ilə bağlı mövzulara geniş yer verilir.
Rayon (şəhər) təhsil şöbələrinin sifarişləri
əsasında kurikulum və fəal təlim metodları üzrə
yerlərdə də 3 günlük və həftəlik seminarlar
təşkil edilir.
Ali məktəb müəllimlərinin 3 aylıq kurslarının
təşkili də Azərbaycan Müəllimlər İnstitutu
tərəfindən həyata keçirilir. Bu kurslarda oxunan
mühazirələrə daha yüksək ixtisaslı kadrlar cəlb
olunur. Buraya AMEA-nın institutlarının, Təhsil
Problemləri İnstitutunun professorları, Təhsil
Nazirliyinin aparıcı mütəxəssisləri, başqa ali
məktəblərin tanınmış alimləri dəvət olunurlar.
Sevindirici haldır ki, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 2009-cu ilin oktyabr ayının
24-də keçirilən kollegiyasında institutumuzda
təşkil olunan ixtisasartırma təhsilinə yüksək
qiymət verilmişdir. Orada qeyd olunmuşdur ki,
Azərbaycan Müəllimlər İnstitutunda təhsilin
həyata keçirilməsi üçün müasir maddi-texniki və
tədris bazası, treninq mərkəzləri yaradılmış,
çevik plan və proqramlar tətbiq edilməkdədir.
Kollegiya qərarında bildirilir ki, AMİ-də
ixtisasartırma təhsili sahəsində dünya
təcrübəsi, müasir texnologiyalar və qabaqcıl
təcrübələr öyrənilir və tətbiq olunur. Əlverişli
təlim şəraitinin yaradılması, peşəkar və
səriştəli təlimçilərin cəlb olunması, səmərəli
idarəetmə sayəsində AMİ-də ixtisasartırma
təhsili sahəsində keyfiyyət və yüksək davamiyyət
təmin olunur.
Rahim ƏZİZOV,
AMİ-nin Əlavə təhsil üzrə prorektoru,
Telman HAQVERDİYEV,
AMİ-nin İxtisasartırma və yenidənhazırlanma
fakültəsinin dekanı |