Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - ¹23

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bir ildən artıq müddətdə Azərbaycan təhsilinin hər bir pilləsi və səviyyəsi üzrə inkişaf meyilləri, problemlər və perspektivlər barədə fikirlərimizi, həyata keçirilən konkret tədbirlər haqqında məlumatları, ölkə təhsilində aparılan islahatların nəticələrini sizin diqqətinizə çatdırmaq istədim. Buna nə dərəcədə nail olduğumu, əlbəttə, daha yaxşı siz qiymətləndirə bilərsiniz. Lakin qeyd etmək istərdim ki, bu məqalələrdə son dərəcə səmimi şəkildə ən ciddi problemləri belə sizin mühakimənizə təqdim etməyə çalışdım. Hesab edirəm ki, bu, düzgün yoldur. Təhsilin inkişafı ümummilli məsələ kimi hamını düşündürməlidir. Bu məqalədə isə son illərdə təhsil sahəsində əldə olunan nailiyyətləri kompakt şəkildə diqqətinizə təqdim etmək fikrindəyəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən stabil ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan edilmiş ölkənin əsas iqtisadi inkişaf göstəriciləri bunu bir daha sübut edir: 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında olmuşdur. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabətqabiliyyətliliyinə görə dünyada 51-ci, MDB məkanında 1-ci yerdədir. Bütün dünyanın güclü maliyyə böhranı ilə üzləşdiyi 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı istehsalı isə 3,5 faiz artmışdır.

2008-ci ildə ölkəmizdə inflyasiya 21 faiz olmuşdusa, 2009-cu ildə inflyasiyanın səviyyəsi 1,5 faizə enmişdir. Azərbaycana 9,2 milyard dollar investisiya qoyulmuşdur ki, bunun 7,3 milyardı daxili sərmayələrdir. İl ərzində ölkədə bir neçə irimiqyaslı layihələrin təməli qoyulmuş, yaxud icra edilmişdir: xarici investorlar tərəfindən maliyyələşdirilən yeni böyük sement zavodunun təməli qoyulmuşdur. Bu müəssisəyə təxminən 400 milyon dollar investisiya qoyulacaqdır. Ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək yeni məişət tullantıları emalı zavodunun təməli qoyulmuşdur. Zavoda qoyulacaq investisiyalar təxminən 400 milyon dollar səviyyəsindədir. "Sumqayıt texnopark"ın müəyyən hissəsi artıq istifadəyə verilmişdir və nəhəng tikinti-quraşdırma işləri davam etdirilir. Orada ən azı 10 nəhəng zavod qurulacaq, investisiyaların həcmi ilkin hesablamalara görə 100 milyon dollar təşkil edəcəkdir.

2009-cu ildə ölkənin valyuta ehtiyatları da artaraq 20,4 milyard dollara çatmışdır. Regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam etmiş, son 6 il ərzində 840 min iş yeri, 2009-cu ildə isə 74 min yeni iş yeri açılmışdır. Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir. 2008-ci illə müqayisədə 2009-cu ildə yoxsulluq səviyyəsi 13,2 faizdən 11 faizə düşmüşdür.

2009-cu ildə Azərbaycanda 840 meqavatlıq yeni enerji gücləri yaradılmış, "Sumqayıt", "Şahdağ" böyük elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. 2009-cu ildə xarici siyasət sahəsində çox vacib addımlar atılmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən irəliləyiş olmuşdur.

Danılmaz faktdır ki, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəblərini də məhz İlham Əliyevin ölkəni elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər.

Onu da qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin yeni idarəetmə modeli təhsil sistemində də müasir menecment modellərinin tətbiqini şərtləndirmişdir. Son illərdə təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunması da təhsilin idarəolunması sisteminin təkmilləşdirilməsi ilə bilavasitə bağlıdır. Təhsil Nazirliyinin strukturunda dəyişikliklərin edilməsi, Monitorinq və qiymətləndirmə (təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, təhsil müəssisələrinin fəaliyyətinin monitorinqinin aparılması), Təhsilin idarəolunmasının məlumat sistemləri (təhsil sistemi haqqında onlayn yeniləşdirilən elektron məlumat bazasının yaradılması, məlumatların təhlili və hesabatların hazırlanması), Strateji təhsil, planlaşdırma və kadrların idarəolunması (təhsil sektorunun ayrı-ayrı sahələri üzrə strateji təhlillərin aparılması, fəaliyyətin planlaşdırılması, təhsilin perspektiv inkişaf istiqamətlərinin və prioritetlərinin müəyyənləşdirilməsi, kadr siyasətinin formalaşdırılması və kadr təminatının həyata keçirilməsi), Akkreditasiya (təhsil müəssisələrinin akkreditasiyası, təhsil proqramlarının akkreditasiyası, təhsil müəssisələrinin fəaliyyətinə lisenziyanın verilməsi, keyfiyyətə nəzarətin təmin edilməsi) şöbələrinin yaradılması nazirliyin idarəetmə potensialını xeyli gücləndirmiş, çevik idarəetməyə zəmin yaratmışdır. Hazırda nazirliyin mərkəzi aparatında 16 şöbə, 8 sektor, nazirliyin nəzdində isə təsərrüfathesablı tikinti, İKT və de-institutlaşdırma idarələri fəaliyyət göstərir. Mərkəzi aparatda 147 nəfər çalışır ki, onlardan 4 nəfər elmlər doktoru, 23 nəfər elmlər namizədi, 120 nəfər isə təcrübəli mütəxəssislərdir.

Ölkə Prezidentinin "Təhsil Nazirliyində düşünülmüş proqram, konsepsiya vardır" fikri fəaliyyətimizə verilən yüksək qiymət olmaqla yanaşı, çevik idarəetmə modellərinin tətbiqi istiqamətində səylərimizi daha da artırmağa istiqamətləndirir.

Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən möhtərəm Prezident vurğulayır ki, "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik", "Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır". Bu mənada "təhsil əsri" elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.

Son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual müddəalar dayanır. Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1.1 milyard manata çatmış, 2009-cu ildə isə 1.3 milyard manat təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il yeni tikilən, əsaslı təmir və bərpa edilən təhsil müəssisələrində olmuş, müəllimlər, şagirdlər və valideynlərlə görüşmüş, onların fikirlərini dinləmiş, təhsil sistemi işçiləri qarşısında duran mühüm vəzifələrdən danışmışdır.

Dövlət başçısı tərəfindən hər il təhsilin inkişafı ilə əlaqədar çoxsaylı sərəncamlar imzalanır, son illərdə ölkə Prezidenti 150-dən çox belə sərəncam imzalamışdır.

Təhsil tariximizdə ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli Sərəncamı imzalanmış, 2008 və 2009-cu illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilmiş, həmin illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş 100 məktəbin hər birinə 10000 manat, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş 200 müəllimin hər birinə 5 000 manat məbləğində birdəfəlik pul mükafatı verilmişdir. Bu müsabiqə məktəb və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyəti gücləndirməklə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

Azərbaycanda təhsilə, təhsil işçilərinə diqqət və qayğının parlaq təzahürüdür ki, son illərdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə 1000-dən çox təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülmüşdür. Yalnız 2009-cu ildə 312 nəfər təhsil işçisi ölkə Prezidentinin sərəncamları ilə müxtəlif fəxri adlarla, orden, medal və fərdi təqaüdlərlə təltif olunmuşdur.

Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsidir ki, təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi, təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Son 20 ildə heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 31 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunmuş uşaqların sayı 6 min nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötmüşdür. Müstəqillik tariximizdə ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 137 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılmışdır.

Son illərdə Azərbaycanda birnövbədə 550 min şagird yerlik 2000-dək yeni məktəb binasının tikilməsi və əsaslı təmiri, məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri, 708 məktəbin müasir avadanlıqlarla, o cümlədən 119 məktəbin müasir kimya və fizika laboratoriyaları ilə təmin edilməsi, 700 məktəbin istilik sisteminin təmir və bərpa olunması təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir.

Əlbəttə, aparılan genişmiqyaslı işlər yalnız təhsil infrastrukturunun yeniləşdirilməsi ilə bağlı olmamışdır. Bu sahədə əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun islahatları üçün əlverişli zəmin yaratmışdır. Son illərdə Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin böyük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlmişdir. Əsas məqsəd şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir.

2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanmış, bu proses 2009-2010-cu dərs ilində I və II sinifləri əhatə etmişdir. Yeni kurikulumların tətbiqi ilə əlaqədar həmin siniflərdə işləyən 18 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş və nümunəvi tədris materialları ilə təmin edilmişlər.

Yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zəruri etmişdir. 2003-2009-cu illərdə milli mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 35 milyon nüsxə dərslik çap edilmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I və II siniflər üçün dərslik komplektləri (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait) hazırlanmış, Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib müsbət rəy alındıqdan sonra çap edilmişdir.

Məktəb kitabxanaları uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə təmin edilmişdir. Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda 1,4 milyon nüsxə tədris-əyani vəsait hazırlanaraq məktəblərə verilmişdir. Məktəblər 19 adda 351 min nüsxə xəritə ilə təmin edilmişdir.

Dünya təcrübəsinə uyğun olaraq ölkəmizdə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edən yeni qiymətləndirmə sisteminə keçilmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq məktəbdaxili qiymətləndirmənin diaqnostik (konkret bir mərhələdə təhsilalanın nailiyyətlərinin səviyyəsinin müəyyən edilməsi), formativ (təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsi) və summativ (təhsilin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi) qiymətləndirmə növlərinin tətbiqinə başlanmışdır.

İlk dəfə olaraq 2008-2009-cu dərs ilində respublikanın bütün ümumtəhsil məktəbləri və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Nəticədə mərkəzləşdirilmiş buraxılış imtahanlarında əla qiymətlər almış məzunların 51 faizi 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 500-700 bal toplamışdır.

Əlbəttə, yeni qiymətləndirmə sisteminin əleyhdarları da olmuşdur, lakin ümumilikdə qiymətləndirmə sahəsində yeni sistemin tətbiqi, müəllimlərin, məktəb rəhbərlərinin, şagirdlərin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına zəmin yaratmaqla, cəmiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bununla belə, biz yeni qiymətləndirmə sisteminin tədricən, varislik gözlənilməklə tətbiqinə üstünlük veririk.

Eyni zamanda Azərbaycan təhsilində ilk dəfə olaraq milli (ölkə səviyyəsində təhsilalanların nailiyyətlərinin səviyyəsinin qiymətləndirilməsi) və beynəlxalq qiymətləndirmə (ölkədə təhsil səviyyəsinin digər ölkələrlə müqayisəli təhlilini aparmağa yönəlmiş qiymətləndirmə) tədbirləri həyata keçirilmişdir və bu addımlar davam etdirilməkdədir.

Dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla ümumilikdə 99 medal qazanmışlar. Əhalisinin sayının az olmasına baxmayaraq, medalların sayına görə Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub saxlamışdr.

2009-cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri respublika birinciliyi, çempionat və digər yarışlarda 287 qızıl, 194 gümüş, 1181 bürünc olmaqla ümumilikdə 1662 medal, Avropa, dünya birinciliyi və çempionatlarında və digər beynəlxalq yarışlarda 57 qızıl, 51 gümüş, 60 bürünc olmaqla, ümumilikdə 168 medal qazanmışlar.

Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Dövlət Proqramları çərçivəsində ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş, hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və İnternet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla 40 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmiş, 20 məktəbdə "elektron məktəb" layihəsi həyata keçirilməyə başlanmışdır. I-X siniflər üçün "İnformatika" dərslikləri hazırlanmış, bütün siniflərdə informatikanın tədrisinə başlanmışdır.

Təhsillə bağlı məlumat və resursların toplanması, onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Məlumat və Resurs Mərkəzi, ictimaiyyəti təhsil sahəsindəki yeniliklərlə operativ məlumatlandırmaq və elektron tədris resurslarından istifadəni təmin etmək məqsədilə Milli Təhsil Portalı, təhsil sahəsində çevik idarəetmə sisteminin yaradılması məqsədilə Milli Təhsil Məlumat Bazası yaradılmışdır.

Bir şagirdə bir kompüter konsepsiyasının reallaşdırılması məqsədilə "İntel" şirkəti ilə birlikdə 400 şagirdə noutbuklar verilmişdir. "Xalq kompüteri" layihəsi çərçivəsində 5000 müəllim kompüterlə təmin olunmuşdur.

Kadr təminatı sahəsində 2005-2009-cu illəri əhatə edən Proqram başa çatdırılmış, ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilmişdir. Beləliklə, ucqar kənd məktəblərində kadra olan kəskin ehtiyac ödənilmişdir. Respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanmış, Bakı şəhərində müəllimlərin işə qəbulu elektron vasitələr əsasında, ikimərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilmişdir.

Modul-kredit sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasını, proqramların akkreditasiyasını, stimullaşdırıcı vasitələrin tətbiqini, karyera inkişafını nəzərdə tutan yeni ixtisasartırma təhsili modeli hazırlanmışdır.

De-institutlaşdırma Proqramına əsasən, Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plan hazırlanmış və 2009-cu ilin aprelində hökumət tərəfindən təsdiq edilmişdir. Plana əsasən 9 ümumtəhsil internat məktəbi ümumtəhsil məktəbinə çevrilmiş və dövlət uşaq müəssisələrinin sayı 55-dən 46-ya enmişdir. Aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, 46 dövlət uşaq müəssisəsində təlim-tərbiyə alan 10054 uşaqdan 3960 nəfəri müəssisədə gecələyir, 6490 nəfər isə müəssisədə yalnız təhsil alır. Tədqiqat əsasında yaradılmış məlumat bazasında hər bir uşaq haqqında geniş məlumatlar öz əksini tapmışdır. Təhsil tariximizdə ilk dəfə olaraq Bərdə, Mingəçevir, Bakı şəhərinin Suraxanı, Xəzər və Sabunçu rayonlarında günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılmışdır. Mərkəzlərin binaları əsaslı təmir edilmiş, inkişafetdirici təlim materialları, reabilitasiya yönümlü avadanlıqlarla təmin edilmişdir. YUNİSEF-in Bişkek şəhərində keçirilən konfransında Azərbaycanda de-institutlaşdırma sahəsində həyata keçirilən Transformasiya planı digər ölkələr üçün nümunə kimi qəbul edilmişdir.

Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramına əsasən Qəbələdə Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradılmış, 8 texniki peşə təhsili müəssisəsi əsaslı təmir edilmiş və müasir avadanlıqla təmin olunmuşdur. İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisi aparılır. Son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 8 adda dərslik hazırlanmışdır. YUNESKO, Avropa Komissiyası, Cənubi Koreyanın DAEWOO şirkəti, Heydər Əliyev Fondu, Azərsun Holdinq şirkəti, KÜR MMC ilə birgə layihələrin icrasına başlanmışdır.

Ali təhsilin inkişafı sahəsində mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycan Boloniya prosesinə qoşulmuş, Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılmışdır. YUNESKO və digər beynəlxalq qurumların sənədlərinə, habelə beynəlxalq təsnifat strukturuna uyğun olaraq ali təhsilin bakalavr səviyyəsi ixtisaslarının (proqramlarının) yeni siyahısı hazırlanmış və hökumət tərəfindən təsdiq edilmişdir. 19 ali təhsil müəssisəsi akkreditasiyadan keçmiş, Təhsil Nazirliyi sistemində olan 29 təhsil müəssisəsində və bütün özəl ali məktəblərdə kredit sistemi tətbiq edilmişdir. Yeni konsepsiya və strategiya əsasında ibtidai sinif müəllimlərinin hazırlığına başlanmış, "Təhsilin əsasları" adlı yeni fənn tətbiq edilmişdir.

Ali təhsil müəssisələrinin infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli işlər görülmüş, 5 universitet üçün əlavə korpuslar inşa edilmiş, 21 universitet əsaslı təmir olunmuş, 3 ali məktəb üçün yeni binalar tikilməkdədir.

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası istiqamətində ölkə Prezidentinin 10 fevral 2010-cu il tarixli "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanı imzalanmışdır. Fərmanda qeyd edilmişdir ki, sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu vardır. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur.

Həmin amillər nəzərə alınaraq Fərmanda 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində büdcə vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında həyata keçirilməsi, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Hazırda Fərmanın icrası istiqamətində tədbirlər görülməkdədir.

Hazırda dünyanın aparıcı universitetlərində müxtəlif mənbələr hesabına təhsil alan Azərbaycan gənclərinin sayı 10 mini ötmüşdür. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın 23 ölkəsinə 498 nəfər təhsil almağa göndərilmişdir. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı 7 minə çatmışdır.

Dünya Bankı ilə son 10 ildə təhsil sahəsində səmərəli əməkdaşlıq və həyata keçirilən uğurlu islahatlar nəzərə alınaraq, Azərbaycan pilot ölkə kimi müəyyənləşdirilmiş, Dünya Bankı tərəfindən digər ölkələr üçün nümunə kimi qəbul edilmiş, bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi tövsiyə olunmuşdur. Əgər əvvəllər təhsil islahatları sahəsində təcrübə öyrənmək üçün xarici ölkələrə təlim səfərləri edirdiksə, indi Dünya Bankının tövsiyəsinə əsasən, xarici ölkələrdən Azərbaycana təlim səfərləri nəzərdə tutulmuşdur.

Ali məktəb elmi sahəsində bir sıra uğurlar əldə edilmiş, ali məktəblərin kafedralarında və elmi-tədqiqat müəssisələrində çalışan alimlər tərəfindən müxtəlif elm sahələrində alınmış nəticələrdən 170-i mühüm elmi nəticə kimi respublika üzrə hesabata daxil edilmək məqsədilə AMEA-ya təqdim edilmişdir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıya əsasən Təhsil Nazirliyi sistemindəki ali məktəblərdə 68 elmi konfrans, o cümlədən 12 beynəlxalq və 56 respublika səviyyəli elmi konfrans keçirilmişdir. 2009-cu ildə ali məktəb alimlərinin ixtiralarına 69 patent alınmışdır.

Ali məktəb əməkdaşları tərəfindən 2009-cu ildə 33 doktorluq, 145 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Ali məktəblərdə çalışan alimlər tərəfindən 323 monoqrafiya, 308 dərslik, 522 dərs vəsaiti, 1285 adda proqram və metodik ədəbiyyat nəşr etdirilmişdir. İl ərzində xarici jurnallarda alimlərimizin 1736 məqaləsi, beynəlxalq konfransların materiallarında 1279 məruzə tezisi nəşr edilmişdir. Elmi İnformasiya İnstitutu (İnstitute for Scientific İnformation) tərəfindən tərtib edilmiş, təsir əmsalı (impakt faktoru) olan jurnallarda ali məktəb alimləri tərəfindən 116 elmi məqalə çap edilmişdir.

Davamlı insan inkişafı sahəsində ölkənin təhsil müəssisələrində həyata keçirilən islahatlar BMT tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan təcrübəsi bütün üzv ölkələrə nümunə kimi tövsiyə olunmuşdur.

Əlamətdar haldır ki, Azərbaycan təhsil sahəsində həyata keçirilən islahatlar baxımından həm bir sıra postsovet, həm də region ölkələrini hissolunacaq dərəcədə qabaqlamışdır. Rusiya Federasiyasının Prezidenti D.Medvedyevin 2009-cu il xalqa müraciətində Rusiya təhsil sistemi qarşısında bir sıra vəzifələr, o cümlədən şagirdlərin nailiyyətlərinin kompleks qiymətləndirilməsi, yeni layihələr üzrə məktəb binalarının tikintisi və rekonstruksiyası, məktəblərin geniş zolaqlı İnternet şəbəkəsinə qoşulması, əlverişli məktəb mühitinin yaradılması, inklüziv təhsil üzrə beşillik proqramın qəbul edilməsi, məktəblərin müstəqilliyinin genişləndirilməsi, onlara maliyyə müstəqilliyinin verilməsi, ixtisasartırma təhsilinin ən yaxşı məktəblərin bazasında təşkil edilməsi, maliyyə vəsaitinin ixtisasartırma təhsili proqramlarının seçimi əsasında verilməsi kimi vəzifələr müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Rusiyada 2010-cu və sonrakı illər üçün müəyyənləşdirilmiş bu vəzifələr Azərbaycan təhsilində 1999-cu ildən həyata keçirilməyə başlanmış, artıq bu layihələrin bəzilərinin həyata keçirilməsində əhəmiyyətli nailiyyətlər də əldə olunmuşdur.

Son illərin ən mühüm hadisələrindən biri, əlbəttə, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Qanunun qəbul edilməsi zərurəti, ilk növbədə, ölkədə və dünyada dinamik inkişaf tendensiyaları, o cümlədən təhsil sahəsində əsaslı dəyişikliklərin olması, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, Avropa və dünya təhsil məkanına inteqrasiya istiqamətində mühüm addımlar atması ilə bağlı idi. Təbiidir ki, bütün bu proseslər təhsil qanunvericiliyində, ən vacibi isə "Təhsil haqqında" yeni Qanunda öz əksini tapmalı idi. Bu səbəbdən, düşünürəm ki, qəbul edilmiş Qanun, ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə, xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət edəcək, milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə inteqrasiyasını təmin edəcəkdir.

Qanunda 5 yaşlıların məktəbəqədər təhsilə cəlbinin zəruriliyi, hər təhsil pilləsinə qəbul zamanı məzunların əvvəlki təhsil pilləsindəki nəticələrinin nəzərə alınması, ixtisasartırma təhsilinin nəticələrinin stimullaşdırılması, təhsil sistemində çalışanların yaş senzinin müəyyənləşdirilməsi, təhsil müəssisələrinin maliyyələşdirilməsinin hər təhsilalana düşən xərc normaları nəzərə alınmaqla həyata keçirilməsi, ali təhsilin üçpilləli strukturu və digər yeni məsələlər öz əksini tapmışdır. Qanunun icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən 40-dək adda normativ sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir və artıq bir sıra sənədlər təsdiq edilmişdir. 

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor

 
Səhifənin başına qalx "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - ¹23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov