İyunun 17-də Azərbaycan Respublikasının
Prezidenti yanında Təhsil üzrə Komissiyanın
sədri, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin
iştirakı ilə ali təhsil müəssisələrinin yeni
maliyyələşmə mexanizminə dair müşavirə
keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan Ramiz Mehdiyev
Azərbaycan Prezidenti İlham Əliyevin "Ali təhsil
müəssisələrində yeni maliyyələşmə mexanizminin
tətbiq edilməsi barədə" 2010-cu il 10 fevral
tarixli Fərmanının icrası ilə bağlı məlumat
vermişdir. O, cari ildən universitetlərdə
maliyyələşmənin ünvanlı şəkildə hər bir tələbə
üçün aparıldığını xüsusi vurğulayaraq, bu
Fərmanla bağlı görülən işlərdən danışmışdır.
Müşavirə iştirakçılarının diqqətinə
çatdırılmışdır ki, Fərmanın xüsusi bəndi ilə
Azərbaycan Respublikasının Maliyyə, İqtisadi
İnkişaf və Təhsil nazirlikləri xarici ölkələrin
müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə
respublikanın ali təhsil müəssisələrində
adambaşına maliyyələşdirmə mexanizmini əks
etdirən normativ-hüquqi aktların layihələrini
iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə
təqdim etmişlər. Həmin təkliflər əsasında
Nazirlər Kabineti tərəfindən müvafiq qərar
layihəsi hazırlanmışdır. Layihədə bakalavr və
magistratura səviyyələrində ayrı-ayrı ixtisaslar
üzrə dövlət sifarişi ilə hazırlanacaq
mütəxəssislərin təhsil xərclərinin məbləği
müəyyən edilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının ali
təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi
əsasında ali təhsil müəssisələrinin bakalavr və
magistratura səviyyələrində kadr hazırlığının
maliyyələşdirilməsi Qaydalarını müəyyən etmək
məqsədi ilə Nazirlər Kabineti qərar layihəsi
hazırlamışdır. Layihənin bir neçə əsas müddəası
müşavirə iştirakçılarının diqqətinə
çatdırılmışdır.
Təhsil naziri Misir Mərdanov çıxış edərək,
müvafiq Fərmanın yerinə yetirilməsi
istiqamətində nazirlik tərəfindən görülmüş işlər
barəsində məlumat verərək demişdir ki, hazırda
29 dövlət ali məktəbində və 8 özəl universitetdə
bu ildən etibarən yeni maliyyələşmə qaydası
tətbiq olunacaqdır. Respublikanın 1 dövlət, 6
xüsusi təyinatlı və 8 özəl ali təhsil müəssisəsi
dövlət sifarişinin yerinə yetirilməsində hələlik
iştirak etmir. Ayrı-ayrı ixtisaslar və müxtəlif
ali məktəblər üzrə ətraflı təhlil əsasında
məlumat verən nazir belə bir mexanizmin təhsilin
inkişafında olduqca müsbət nəticə verəcəyinə
əmin olduğunu bildirmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Məleykə Abbaszadə builki qəbul qaydalarına dair
məlumat vermiş və sınaq imtahanlarının
nəticələrinə əsaslanaraq bildirmişdir ki, yüksək
səviyyəli müsabiqəni təmin etmək üçün kifayət
qədər hazırlıqlı abituriyentin qəbulda iştirak
edəcəyi gözlənilir. Onun fikrincə, ayrı-ayrı
qruplar üzrə verilən ərizələrin təhlili göstərir
ki, imtahanlarda bu ilin məzunları ilə yanaşı,
keçən ilin də xeyli sayda məzunu iştirak
edəcəkdir. Komissiyanın sədri məlumat vermişdir
ki, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə
bağlı qəbul qaydalarında müvafiq dəyişikliklər
aparılmış və qəbulu həyata keçirmək üçün zəruri
proqram təminatı hərtərəfli işlənib
hazırlanmışdır.
Maliyyə naziri Samir Şərifov adıçəkilən Fərmanı
ölkədə keçirilən ümumi islahatlar proqramının
ayrılmaz bir hissəsi olaraq çox yüksək
dəyərləndirmiş və təhsilin ümumi inkişafı,
rəqabət mühitinin formalaşması üçün mütərəqqi
bir addım kimi qiymətləndirmişdir. O, yeni
maliyyələşmə mexanizminin bu ildən yalnız
birinci kurs tələbələrinə şamil olunacağını
bildirərək, bütövlükdə ali təhsil
müəssisələrinin gələn ildən yeni maliyyələşmə
mexanizminə keçməsi ilə bağlı problemlərə dair
ətraflı məlumat vermiş və universitetlərin
rəhbərlərinin diqqətinə çatdırmışdır ki,
əslində, adambaşına maliyyələşmə bütün ali
məktəblərə maliyyə cəhətdən tam muxtariyyət
qazanmaq üçün əlverişli şərait yaradır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkənin
inkişaf strategiyasına uyğun olaraq yüksək
səviyyəli mütəxəssislərin hazırlığına dair
nazirliyin proqnozları barədə məlumat vermişdir.
O, növbəti illər üçün belə proqnozların daha
mütəşəkkil olacağını qeyd edərək, adambaşına
maliyyələşmə mexanizminin bütövlükdə təhsil
sisteminin inkişafı üçün təqdirəlayiq hal
olduğunu bildirmişdir.
Müşavirədə çıxış edən Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru Ömər Eldarov, Bakı Dövlət
Universitetinin rektoru Abel Məhərrəmov,
Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru Şəmsəddin Hacıyev, "Xəzər"
Universitetinin rektoru Hamlet İsaxanlı,
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər
Cəfərov, Azərbaycan Müəllimlər İnstitutunun
rektoru Aqiyə Naxçıvanlı müxtəlif problemlərə
toxunaraq, bütövlükdə yeni maliyyələşmə
mexanizminin tətbiqini son dərəcə müsbət bir hal
sayaraq əmin olduqlarını bildirmişlər ki, bu,
təhsilin keyfiyyətinin artmasına öz təsirini
göstərəcəkdir.
Müşavirəyə yekun vuran Ramiz Mehdiyev
rektorların diqqətini təhsillə bağlı bir neçə
problemə cəlb edərək qeyd etmişdir ki,
Azərbaycan bu gün ən dinamik inkişaf edən
ölkələrdən biri olmaqla, yüksək ixtisaslı
mütəxəssislərə böyük ehtiyac duyur. Lakin dövlət
qulluğuna qəbul olunmaq üçün verilən imtahanlar,
eləcə də müvafiq şirkətlərin keçirdiyi sınaqlar
ali məktəb məzunlarının heç də hamısının bilik
səviyyəsinin günün tələblərinə cavab vermədiyini
göstərir. Bütün bu problemlər ali məktəblərin
fəaliyyətində mövcud olan qüsurlardan xəbər
verir. Təhsillə bağlı hər bir insanı belə bir
cəhət də narahat edir ki, kadr korpusu sürətlə
qocalmaqdadır, onları əvəz etmək üçün Avropa
təhsil standartlarını ölkəmizdə bərqərar etməyə
qadir olan gənc kadrlar isə kifayət qədər
deyildir.
Ramiz Mehdiyevin fikrincə, bütün ali məktəblər
Boloniya prosesinə sözdə fəal şəkildə
qoşulduqlarını bəyan etsələr də, onların
istifadə etdiyi proqramlarda sovet dövründən bu
günə qədər çox kiçik dəyişikliklər öz əksini
tapmışdır. Məzunların xeyli hissəsi ingilis
dilində və informatika sahəsində beynəlxalq test
sistemlərinin tələblərinə cavab verən biliklər
nümayiş etdirməyə qadir deyildir. Bütün bunlar
ali məktəblərdə mövcud olan mənfi hallardan
xəbər verir.
Ali Attestasiya Komissiyasının işinin təhlili
göstərir ki, elmi dərəcə almaq naminə ali
məktəblərdən təqdim olunan dissertasiyaların
sayı durmadan artır. Lakin Azərbaycanın təhsil
sistemində çalışan alimlərin dünyada böyük
nüfuza malik jurnallarda məqalələrinə nadir
hallarda təsadüf edilir. Bununla yanaşı, hələ də
ali məktəblərdə ictimai elmlərin tədrisi ilə
bağlı tələb olunan dönüş yaranmamışdır.
Ramiz Mehdiyev təhsillə bağlı qarşıda duran
digər vəzifələrdən də ətraflı bəhs etmişdir.
AzərTAc |