Azərbaycan Respublikasının İordaniya Haşimilər
Krallığındakı səfirliyindən AzərTAc-a
bildirmişlər ki, bu ölkənin ən qocaman və
nüfuzlu ali təhsil müəssisəsi olan İordaniya
Universitetinin iki əlaçı tələbəsinə Heydər
Əliyev təqaüdü təqdim edilmişdir.
Xarici ölkələrin ali təhsil müəssisələrinin
təhsildə fərqlənmiş tələbələrinə Heydər Əliyev
təqaüdlərinin təqdim edilməsi müstəqil
Azərbaycan Respublikasının tarixində ilk dəfə
olaraq həyata keçirilmişdir və sevindirici
haldır ki, bu hadisə ölkəmizlə dost və qardaş
olan İordaniyada baş vermişdir.
Təqaüdlərin təqdim edilməsinə həsr olunmuş və
İordaniya Universitetində təşkil edilmiş rəsmi
mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Elman
Araslı ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyəti, zəngin siyasi irsi barədə məlumat
vermiş, onun banisi olduğu siyasi xəttin hazırda
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini tədbir iştirakçılarının diqqətinə
çatdırmışdır. Təqaüdlərin təqdim edilməsi
mərasiminin 15 iyun - Milli Qurtuluş Günü
ərəfəsində həyata keçirildiyini xatırladan
səfir, bunun təsadüfi olmadığını vurğulamış və
xalqımızın böyük oğlu Heydər Əliyevin müstəqil
Azərbaycanın dövlətçilik ənənələrinin
formalaşdırılmasında və milli dövlətçiliyin
əsaslarının yaradılaraq möhkəmləndirilməsində
müstəsna rol oynadığını söyləmişdir.
Azərbaycan ilə İordaniya arasındakı əməkdaşlığa
toxunan səfir bu əlaqələrin inkişaf etdiyini,
ölkələrimizin münasibətlərinin
dərinləşdirilməsinə və genişləndirilməsinə
Azərbaycan Prezidenti İlham Əliyevin və
İordaniya Kralı II Abdullah ibn Hüseynin
müstəsna töhfələr verdiklərini vurğulamışdır.
2007-ci ildə İordaniyaya səfəri zamanı Prezident
İlham Əliyevin İordaniya Universiteti tərəfindən
siyasi elmlər üzrə fəxri doktor adı ilə təltif
edilməsini və bu münasibətlə dövlətimizin
başçısının universiteti ziyarət etməsini
xatırladan səfir ümummilli lider Heydər Əliyevin
adına təqaüdlərin məhz bu təhsil ocağının iki
əlaçı tələbəsinə təqdim edilməsinin məntiqi
olduğunu dilə gətirmişdir.
Sonra səfir universitetin tibb fakül
təsinin 2-ci kurs tələbəsi İmad Dikkaya və
mühəndislik və texnologiya fakültəsinin 2-ci
kurs tələbəsi Dua Suuda təqaüdləri təntənəli
şəkildə təqdim etmiş, onlara uğurlar diləmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin adını daşıyan təqaüdlə təltif
edildiklərinə görə Azərbaycan Prezidentinə və
hökumətinə minnətdarlıqlarını ifadə edən
tələbələr, bununla üzərlərinə qoyulan
məsuliyyəti doğruldacaqlarını bildirmişlər.
Sonra rektor X.Kəraki universitetin
tələbələrinin belə yüksək təltifə layiq
görülməsini Azərbaycan Prezidenti İlham Əliyevin
İordaniya Universitetinə qayğısının təzahürü
kimi qiymətləndirmiş, buna görə dövlətimizin
başçısına təşəkkürünü bildirmişdir.
Heydər Əliyev təqaüdlərinin təqdim edilməsi
mərasimi barədə elə həmin gün İordaniyanın PETRA
Milli xəbər agentliyinin və İordaniya
Universitetinin veb-səhifələrində məlumat yer
almış, İordaniya televiziyası ilə reportaj
verilmişdir. |