Naxçıvan Dövlət Universitetində 2009-2010-cu
tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə
yerinə yetirilmiş elmi-tədqiqat işlərinin
yekununa dair ümumuniversitet elmi konfransı
keçirilmiş, 17 bölmə üzrə iclaslarda tələbələrin
müxtəlif sahələrdə apardıqları araşdırmaları,
elmi-tədqiqat işləri müzakirə olunmuşdur. Bu
günlərdə tələbələrin həmin konfransın bölmə
iclaslarındakı fəal iştirakına görə 1-ci, 2-ci
və 3-cü dərəcəli diplomlarla
mükafatlandırılması mərasimi olmuşdur.
Mərasimdə çıxış edən rektor, akademik İsa
Həbibbəyli tələbələrin müxtəlif ixtisaslar üzrə
keçirilən bölmə iclaslarında nümayiş etdirdiyi
fəallıqdan söz açmış, onların üstün zəka və
intellektual potensiallarını yüksək
qiymətləndirmişdir. Rektor elmi işlər üzrə
prorektorun Tələbə Elmi Cəmiyyətinin işinin
səmərəli təşkilindəki rolunu xüsusilə qeyd
etmişdir.
Elmi işlər üzrə prorektor, fizika-riyaziyyat
elmləri namizədi Anar Kazımov tələbələrin bu
elmi hesabatlarının yüksək səviyyədə keçdiyini
bildirmiş və hər bir bölmənin işindən razılığını
ifadə etmişdir.
Sonra mükafatlandırma mərasimi başlanmışdır.
Qeyd edək ki, 1-ci tura 307 tələbə ilə start
verən tələbə elmi konfransının 2-ci turuna
yalnız 152 tələbə vəsiqə qazana bilmiş,
onlardan finala çatmış 100 nəfərdən 32-si
1-ci, 37-si 2-ci, 31-i isə 3-cü dərəcəli
diplomlarla təltif olunmuşlar.
Təltif olunan tələbələrdən Tarix-filologiya
fakültəsinin Jurnalistika ixtisası üzrə II kurs
tələbəsi Türkan Hüseynli, Memarlıq və
mühəndislik fakültəsinin Energetika ixtisası
üzrə II kurs tələbəsi Tehranə Adıgözəlova,
xarici tələbə Antoni Mokvunye çıxış edərək
layiq görüldükləri mükafatlara görə
minnətdarlıqlarını ifadə etmiş, bundan sonra da
əzmkarlıqla çalışacaqlarını bildirmişlər.
Nərmin CƏFƏROVA |