İyunun 16-da Təhsil Nazirliyində Dünya Bankının
nümayəndəsi Lire Ersadonun "Azərbaycan: təhsilə
çıxış və təhsilin keyfiyyəti" mövzusunda
təqdimatı dinlənilib.
Misir
Mərdanov tədbiri açaraq son illər Təhsil
Nazirliyi ilə Dünya Bankı arasında qurulan
əməkdaşlıq və həyata keçirilən təhsil
islahatlarından danışıb. Sonra təhsil naziri
Misir Mərdanov sözü Dünya Bankının əməkdaşına
verib.
Təqdimat iştirakçılarına təşəkkür edən Lire
Ersado Azərbaycanda yaşayış şəraitinin
qiymətləndirilməsinə dair hazırlanan hesabat
barədə məlumat verib. Azərbaycanda insanların
yaşayış səviyyəsinin yaxşılaşdırılması
istiqamətində mühüm işlər həyata keçirildiyini
diqqətə çatdıran qonaq ölkədə iqtisadi artımın
mövcudluğundan, yoxsulluğun azaldılması üzrə
görülən tədbirlərdən söz açıb. Bununla yanaşı
tədqiq etdikləri digər sahələr haqqında
məlumatları iştirakçıların nəzərinə çatdıran
Lire Ersado təhsilin insanların həyat şəraitinin
yaxşılaşdırılmasında rolunu qeyd edib,
Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər,
həyata keçirilən işlər barədə məlumatlı
olduqlarını bildirib.
Lire Ersado məktəbəqədər və ali təhsil sahəsində
mövcud olan problemlərdən, Azərbaycanda ali
təhsil müəssisələrinə qəbul göstəricilərindən
də söz açıb, ölkədə insan resurslarının inkişafı
baxımından bu sahəyə diqqətin daha da
artırılmasının əhəmiyyətini qeyd edib.
Sonra təhsil sahəsinə dair xərclərə,
azərbaycanlı şagirdlərin PİSA proqramında
iştirakına, müəllimlər tərəfindən tədris
materiallarının istifadə edilməsinə və digər
məsələlərə dair slaydlar nümayiş etdirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov
məruzə-təqdimatda qeyd olunan bir sıra
məsələlərə münasibətini açıqlayıb, eləcə də
təhsilin səviyyəsinin yüksəldilməsi
istiqamətində görülən işləri nəzərə çatdırıb.
Nazir keyfiyyətli təhsil verilməsinin önəmli
olduğunu vurğulayaraq, bu istiqamətdə nəzərdə
tutulan tədbirlərdən danışıb, habelə, ilkin peşə
təhsilinin inkişaf etdirilməsinin zəruriliyi
haqqında fikirlərini bildirib. |