Bakının Sabunçu qəsəbəsində yerləşən 3 nömrəli
"Səadət" körpələr evi-uşaq bağçasında 5 qrupda
100-dən çox uşaq tərbiyə olunur. Onların 50-si
2010-2011-ci dərs ilində ilk dəfə əlinə çanta
alıb məktəbə gedəcək. Bu münasibətlə iyunun 9-da
bağçada məzunların məktəbə yola salınması
mərasimi keçirildi. Mərasimdə valideynlər də
iştirak edirdilər.
Yeri
gəlmişkən qeyd edək ki, yola salmaqda olduğumuz
dərs ili "Səadət" körpələr evi-uşaq bağçasının
pedaqoji kollektivi, burada tərbiyə alan fidan
balalar üçün çox uğurlu olub. Uzun müddətdən
bəri təmirinə ciddi ehtiyac duyulan bağça bu il
dövlət vəsaiti hesabına əsaslı təmir olunub.
Müəssisəyə müasir uşaq mebelləri, bərk və yumşaq
avadanlıq, vəsaitlər və oyuncaqlar verilib.
Bağçanın rəhbərliyi, tərbiyəçilər və valideynlər
yüksək səviyyədə aparılmış təmirdən, yaradılmış
əlverişli təlim mühitindən çox razıdırlar və bu
şəraiti yaradan dövlətimizə, onun başçısına
minnətdarlıq edirlər. Həmin minnətdarlıq
duyğuları şənlikdə də dilə gəldi.
Bağçada yaradılmış nümunəvi təlim mühitindən
səmərəli istifadə edən pedaqoji kollektiv
uşaqlarla aparılan tərbiyə-təlim işlərinin,
altıyaşlıların məktəb təliminə hazırlanmasının
keyfiyyətini yüksəltməyə nail olub. Bunu
bağçadan bu il məktəbə gedəcək uşaqların bayram
şənliyindəki çıxışları da aydın göstərirdi.
Olduqca zəngin mündəricəli ssenari üzrə
reallaşdırılan tədbirdə söylədikləri şeirlərlə,
oxuduqları mahnılarla, ifa etdikləri rəqslərlə,
göstərdikləri səhnəciklərlə uşaqlar mövcud
proqram çərçivəsində bilik və bacarıqlara,
şifahi nitq vərdişlərinə yiyələndiklərini,
saymağı, hesablamağı, sadə əməlləri yerinə
yetirə bildiklərini nümayiş etdirdilər.
Bağçanın rəngarəng şarlarla, bayraqcıqlarla
bəzədilmiş həyətində keçirilən "Əlvida, bağça,
salam məktəb" mərasimini balaca aparıcılar Rasim
və Fidan açdılar. Məzunlar xorla Dövlət himnini
ifa etdilər. Aparıcılar azadlığı tərənnüm edən
şeir dedilər və bu böyük nemətin xalqımıza bəxş
edilməsində ulu öndər Heydər Əliyevin
xidmətlərindən şirin uşaq dili ilə söz açdılar,
ona həsr olunmuş şeirlər söylədilər.
Ələkbər, Aytac, Nicat, Aytən, Nihad, Əlisafa və
b. uşaqlar meydanda bir-birlərini əvəz edərək
şeir deməklə, mahnı oxumaqla, rəqs etməklə öz
məharətlərini göstərdilər.
3 nömrəli "Səadət" körpələr evi-uşaq bağçasının
müdiri, bütün ömrünü bu məktəbəqədər müəssisəyə,
körpə fidanlara həsr edən Şahnaz Abdullayeva
məzunları təbrik etdi, onların valideynlərinə
gözaydınlığı verdi.
Möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi
sərəncamı ilə cari ilin ölkəmizdə "Ekologiya
ili" elan olunduğunu deyən Ş.Abdullayeva bununla
əlaqədar uşaqların ekoloji tərbiyəsinə xüsusi
fikir verdiklərini, aparılan təlim-tərbiyə
işinin keyfiyyətini yüksəltmək qayğısına
qalmaqla bərabər onlara ətraf mühitin
ekologiyası haqqında ilkin təsəvvürlər yaratmaq,
uşaqları ekologiyanın qorunması ilə əlaqədar
gücləri çatacaq işlərə cəlb etmək istiqamətində
də ardıcıl iş apardıqlarını, çoxlu tərbiyəvi
tədbirlər keçirdiklərini diqqətə çatdırdı.
Sonra meydan yenidən uşaqlara verildi. Xorun
ifasında Müslüm Maqomayevin "Azərbaycan"
mahnısı səsləndi. Balaca istedad Mirsahil
mahnının solo hissəsini məharətlə təqdim etdi.
Lalə bağçaları üçün çox darıxacağını söylədi.
Uşaqlar bağçaya, məktəbə, müəllimlərə,
tərbiyəçilərə həsr olunan şeirlər söylədilər.
Milli geyimli qızlar və oğlanlar Adil Gərayın
"Azərbaycanım", Rəşid Şəfəqin "Göyərçinik biz",
"Ana" mahnılarını oxudular, milli rəqs nümayiş
etdirdilər.
Cırtdanla Tıq-tıq xanımın dostluğuna həsr
olunmuş səhnəcik isə mərasim iştirakçılarını
valeh etdi.
Qızlardan ibarət rəqs qrupunun ifa etdiyi
"Cücələrim" rəqsi, Rasim, Tehran, Elçin, Sahilin
oxuduqları "Dostlar" mahnısı, Sehran, Elçin,
Selcan, Fatimə və Əfsanənin müəllimə aid
söylədikləri şeirlər də bir çox digər nömrələr
kimi tədbir iştirakçılarının alqışları ilə
qarşılandı. Tərbiyəçilər Həmayıl Sultanova,
Tamara Quliyeva uşaqları təbrik edib, xoş
arzularını çatdırdılar.
Maraqlı keçən, iştirakçılara xoş anlar bəxş edən
tədbirdə balaca fidanların məharətli çıxışları
bu tərbiyə ocağında istedadların aşkara
çıxarılması və inkişafı yönündə məqsədyönlu iş
aparıldığını sübut edirdi. Bu işdə tərbiyəçilər
Füruzə Abdullayeva, İrina Kasatkina və Sevinc
Qasımovanın, musiqi rəhbəri Firəngiz Quliyevanın
böyük zəhməti vardır.
Bayram mərasimi məzun olacaq uşaqlara
hədiyyələrin verilməsi ilə başa çatdı.
Yusif ƏLİYEV |