Ölkənin bütün ümumtəhsil məktəblərində olduğu
kimi, Quba rayonu Sərvər və Şəmsəddin Şəmiyev
qardaşları adına İsnovqışlaq kənd orta
məktəbində də dərs ilinin son günündə həyəcanlı
anlar yaşanırdı, lakin bu, digər
məktəblərdəkindən bir qədər fərqli idi. Həmin
gün məktəbdə təkcə "son zəng" deyil, həm də bu
təhsil ocağının 50 illik yubiley tədbiri
keçirilirdi. İki möhtəşəm tədbir bir günə
təsadüf etmişdi.
Azərbaycanın
Dövlət himni səsləndi. Sonra tədbirin aparıcısı
onbirinciləri təbrik etmək, məktəbin keçdiyi 50
illik yoldan danışmaq üçün sözü direktor Səlim
Kərimova verdi.
Səlim müəllim qonaqları, müəllimləri və
məzunları salamlayıb onlara xoş arzularını
söylədi və ümidvar olduğunu bildirdi ki, yubiley
ilinin məzunları qədəm qoyacaqları yeni müstəqil
həyatda daha məsuliyyətli olacaqlar. Ölkənin
gələcək həyatında mühüm rol oynayacaq bu gənclər
təhsildə qazandıqları bilikləri test
imtahanlarında da təsdiq edəcəklər.
S.Kərimov məktəblərinin tarixindən, bu günündən
söz açdı, uğurlarından, problemlərindən danışdı.
Quba RTŞ-ın müdiri Süleyman Aslanov məktəbin
kollektivini yubiley münasibəti ilə təbrik etdi.
Direktor Səlim Kərimova və öz işində fərqlənən
bir neçə müəllimə RTŞ-ın Fəxri fərmanını təqdim
etdi. Millət vəkili Vahid Əhmədov çıxış edərək
kollektivə ürək sözlərini çatdırdı və gətirdiyi
kompüter dəstini məktəbə hədiyyə etdi.
Sonra tədbir istedadlı şagirdlərin
hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam
etdirildi. Birincilər və onbirincilər
bir-birlərini təbrik etdilər.
Rahim VƏLİYEV |