İyunun 11-də Qafqaz Universitetində bu ali
təhsil müəssisəsinin XIII buraxılışına həsr
olunmuş məzun günü keçirildi.
"İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya"
devizi altında universitetin həyətində təşkil
olunmuş möhtəşəm mərasimdə təhsil nazirinin
müavini Elmar Qasımov, millət vəkilləri, bir
sıra ali məktəblərin rektorları, qardaş
Türkiyədən gəlmiş qonaqlar və valideynlər də
iştirak edirdilər.
Bayram mərasimini giriş sözü ilə açan Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç
professor-müəllim heyətini, məzunları və
çoxsaylı qonaqları salamlayıb, 2009-2010-cu
tədris ilində universitetlərinin 4 fakültəsindən
566 gəncin məzun olduğunu bildirdi.
Rektor çıxışında Qafqaz Universitetinin 1993-cü
ildə ulu öndər Heydər Əliyevin yaxından dəstəyi
ilə Türkiyə universitet modelini Azərbaycana
gətirmək məqsədi ilə açıldığını, ümummilli lider
kimi Azərbaycan Prezidenti İlham Əliyev
cənablarının da universitetə hər zaman böyük
diqqət və qayğı göstərdiyini, göstərilən etimadı
doğrultmaq üçün universitetin professor-müəllim
heyətinin qeyrətlə çalışdığını diqqətə çatdırdı.
Müasir dünyada elmin rolunun daha da artdığını,
onun inkişafı üçün çeşidli layihələr həyata
keçirildiyini qeyd edən A.Saniç bu layihələr,
çalışmalar içərisində türk dünyasının da öz
yerini almalı olduğunu vurğuladı. Məzunları
təbrik edən rektor bitirdikləri ali məktəbin
onları sabahkı dünyaya hazırladığını, onlara
mücadiləni, yenilməməyi öyrətdiyini bildirdi.
Mərasimdə təbrik nitqi söyləyən "Çağ" Öyrətim
Şirkətinin prezidenti Ənvər Özərən məzunlara
müstəqil həyatlarında uğurlar arzuladı.
Təhsil nazirinin müavini Elmar Qasımov mərasimdə
çıxış edərək məzunlara, onların valideynlərinə
nazir Misir Mərdanovun təbriklərini və xoş
arzularını çatdırdı. Məzun gününün ömrün ən
gözəl, yaddaqalan anlarından olduğunu bildirən
E.Qasımov gənclərə təhsil aldıqları ali məktəbə
əlvida deməyə tələsməməyi, daim onunla əlaqə
saxlamağı, təhsillərini sonrakı pillələrdə davam
etdirməyi, olduqları hər yerdə
universitetlərinin adını ucaltmağı tövsiyə etdi.
Məzunların mütəxəssis kimi yetişməsində
universitetin professor və müəllimlərinin böyük
əmək sərf etdiyini diqqətə çatdıran nazir
müavini onlara minnətdarlığını bildirdi, müəllim
adının hər şeydən yüksək olduğunu, ulu öndərimiz
Heydər Əliyevin müəllim əməyinə həmişə böyük
qiymət verdiyini vurğuladı.
Sonra universitet, fakültə və bölmə birinciləri
olan, ayrı-ayrı ixtisasları ən yüksək
göstəricilərlə başa vuran məzunlara hədiyyələr
təqdim olundu.
Universiteti müxtəlif beynəlxalq bilik
yarışlarında, idman turnirlərində ləyaqətlə
təmsil edib qalib adını qazanmış tələbə və
məzunlar da mükafatlandırıldılar.
Mərasimdə habelə bütün məzunlar ixtisaslar üzrə
qrup-qrup səhnəyə dəvət olunaraq onlara fəxri
diplomlar verildi.
Məzun günü maraqlı konsert proqramı ilə davam
etdi.
Y.ƏLİYEV |