Ağayev
Bəylər Tapdıq oğlu
1969-cu il fevralın 3-də Qubadlı rayonunun
Qarağaclı kəndində doğulmuş, 1985-ci ildə
Qaracallı kənd orta məktəbini bitirmişdi.
1987-ci ildə hərbi xidmətə çağırılmışdı. O,
hərbi xidmətini 1989-cu ildə Almaniya Demokratik
Respublikasında başa çatdıraraq doğma kəndlərinə
qayıtmışdı. B.Ağayev 1990-cı ildə Azərbaycan
Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil
olmuş, 1992-ci ildə təhsilini yarımçıq qoyub
könüllü olaraq ordu sıralarına yazılmışdı. Onun
yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edib
və o, bölmə komandiri təyin edilib. Bəylər
Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə
fəal iştirak edib. 1992-ci il avqustun 6-da
Xanlıq kəndi uğrunda gedən döyüşlərdə düşmənin
xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv
edərək qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr
1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə
Ağayev Bəylər Tapdıq oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb. Qarağaclı kəndindəki Şəhidlər
xiyabanında dəfn olunub. Qaracallı kənd orta
məktəbi onun adını daşıyır. Bu kənd hazırda
erməni işğalı altındadır.
Ağayev
Eldar Əsgər oğlu
1955-ci il sentyabrın 29-da Tbilisi şəhərində
hərbiçi ailəsində anadan olmuşdur. Ailəsi ilə
birlikdə Bakıya köçmüşdür. İlk təhsilini Bakı
şəhər 20 nömrəli orta məktəbdə almış, sonra 134
nömrəli orta məktəbdə oxumuşdur. 1972-ci ildə
Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil
olmuşdur. 1976-cı ildə təhsilini başa vuraraq,
motoatıcı ixtisasına yiyələnən E.Ağayev
Kalininqrad vilayətinin Qusev şəhərində hərbi
xidmətə başlamışdır. 1978-ci ildə Kamçatka
yarımadasında, 1981-84-cü illərdə Amur
vilayətinin Obluçye şəhərində motoatıcı
bölüyünün komandiri, 1984-86-cı illərdə
Əfqanıstanda alay komandiri və kəşfiyyat
bölüyünün komandiri olmuşdur. E.Ağayev
Əfqanıstanda xidmətini başa vurduqdan sonra
Kalininqrad şəhərinə gəlmiş, 1989-cu ilə qədər
burada motoatıcı alayın kəşfiyyat rəisi
vəzifəsində çalışmışdır. 1992-ci ildə
komandanlığa raport yazaraq Vətənə qayıtmışdır.
Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci
reyd dəstəsinin komandiri kimi fəaliyyətə
başlamışdır. Qarabağ döyüşlərində göstərdiyi
şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə
təltif olunub.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə
polkovnik Ağayev Eldar Əsgər oğlu Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Ağayev
Faiq Alış oğlu
1969-cu il iyunun 6-da Ağdam rayonunun Papravənd
kəndində doğulmuş, 1986-cı ildə Papravənd kənd
orta məktəbini bitirmişdi. 1989-cu ildə keçmiş
Sovet ordusu sıralarında hərbi xidmətini başa
vuraraq Vətənə qayıdıb Yevlax şəhərində əmək
fəaliyyətinə başlamışdı. O zamanlar erməni hərbi
qüvvələri Azərbaycanın sərhəd bölgələrində və
Qarabağda ağır cinayətlər törədirdilər. Bu
hadisələrə biganə qalmayan Faiq 1990-cı ilin
sentyabrında Ağdam Rayon Polis İdarəsinin
tərkibində yaranmış polis alayına yazılıb.
1991-ci il dekabrın 23-də erməni silahlı
qüvvələri Meşəli kəndinə güclü hücuma keçmiş,
düşmənin zirehli texnikası və çoxsaylı piyada
qüvvələri kənd əhalisini təşvişə salmışdı.
Vəziyyətin son dərəcə ağır olduğunu görən Faiq
sərrast atəşlə erməni yaraqlılarını məhv edərək,
dinc əhalinin təhlükəsiz yerdə daldalanmasına
kömək etmişdi. Düşmənin diqqətini özünə cəlb
edən Faiq son nəfəsinədək vuruşaraq
qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə
Ağayev Faiq Alış oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb. Ağdam rayonunun Papravənd kəndində
dəfn olunub.
Ağayev
Fərhad İslam oğlu
1975-ci il avqustun 4-də Sabirabad rayonunun
Ələmbəyli kəndində anadan olmuşdu. 1992-ci ildə
həmin kənd orta məktəbini bitirmişdi. 1993-cü
ildə Sabirabad Rayon Hərbi Komissarlığı
tərəfindən Milli Ordu sıralarına çağırılan
Fərhad Prezident Qvardiyasında xidmətə başlamış,
1994-cü il yanvarın 24-də cəbhəyə yola düşmüşdü.
Onun ilk döyüşü Füzuli rayonunun Seyidəhmədli
kəndindən başlamışdı. Murovdağ, Güzgü, Ömərdağ
kimi əhəmiyyətli ərazilərin müdafiəsində
şücaət göstərmiş, 1995-ci ilin əvvəlində
Goranboydakı döyüş bölgələrinə göndərilmişdi.
Elə həmin ilin martında Fərhad məlum dövlət
çevrilişinin qarşısını almaq üçün Ağstafaya
göndərilir. O, 1995-ci il martın 13-də
dövlətimizin müdafiə olunması uğrunda gedən
döyüşlərdə ağır güllə yarası almış və martın
15-də aldığı yaradan dünyasını dəyişmişdir.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə
Ağayev Fərhad İslam oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Sabirabad rayonundakı Şəhidlər xiyabanında dəfn
olunub. Təhsil aldığı orta məktəb onun adını
daşıyır.
Aznaurov
İsgəndər Söhrab oğlu
1956-cı il avqustun 16-da Özbəkistan
Respublikasının Buxara vilayətində dünyaya
gəlmişdi. 1973-cü ildə orta məktəbi bitirib,
1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna
daxil olmuşdu. 1983-cü ildə ali təhsilini başa
vuran İsgəndər 1990-cı ildə ailəsi ilə birlikdə
Azərbaycana - Şəmkir rayonunun Kür qəsəbəsinə
köçmüşdü. O, burada cihazqayırma zavodunda
çalışıb. Erməni faşistlərinin torpaqlarımıza
basqınları İsgəndəri narahat edirdi və o,
1992-ci il aprelin 21-də Milli Ordu sıralarına
yazılır. İsgəndəri "N" saylı hərbi hissənin
artilleriya üzrə komandir müavini təyin edirlər.
Döyüşlərin birində düşmənin dörd topunu və xeyli
canlı qüvvəsini məhv etmişdi. İsgəndər Qarabağ
müharibəsində ən sərrast topçulardan biri
sayılırdı. 1993-cü il aprelin 18-də Vətən
uğrunda döyüşərək mərdliklə həlak olub.
Evli idi. Üç qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar
1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə baş
leytenant Aznaurov İsgəndər Söhrab oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Onun adına Gədəbəyin Şınıx bölgəsində "İsgəndər
qalası" var. Kür qəsəbəsindəki 1 nömrəli məktəb
qəhrəmanın adını daşıyır, məktəbdə büstü
qoyulub. |