2012-ci ilin may ayında böyük Azərbaycan şairi,
bədii-ictimai fikir tariximizdə yeni ədəbi
məktəbin banisi, görkəmli maarifpərvər Mirzə
Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin
oğlu Tahirzadənin) anadan olmasının 150 illiyi
tamam olur.
Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın
parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər,
ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə
yüksəldərək onu ictimai məfkurə baxımından daha
da zənginləşdirən söz ustası kimi geniş şöhrət
tapmışdır. "Molla Nəsrəddin" jurnalı ətrafında
formalaşmış ədəbi cərəyanın aparıcı simalarından
olan mütəfəkkir şairin yüksək istedadla
yaratdığı əsərlərin başlıca mövzusunu mənəvi
saflığa, mədəni yüksəlişə və maariflənməyə
çağırış təşkil etmişdir.
Milli mədəniyyətimizin inkişafına misilsiz
töhfələr vermiş Mirzə Ələkbər Sabirin 150 illik
yubileyinin təntənəli surətdə keçirilməsini
təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə,
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini
nəzərə almaqla, Mirzə Ələkbər Sabirin 150 illik
yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2010-cu il |