GİRİŞ
Ümumi tarix fənni kurikulumu və onun xarakterik
cəhətləri
Ümumi tarix fənni kurikulumu bu fənnin məqsəd və
vəzifələrini, onun əhəmiyyətini, fənnin
özünəməxsus cəhətlərini, ümumi orta və tam orta
təhsil səviyyələri üzrə ümumi təlim nəticələrini,
fənn üzrə məzmun xətlərini və onların
əsaslandırılmasını, hər bir sinif üzrə ümumi
təlim nəticələrini (əsas məzmun standartlarını),
fəndaxili və fənlərarası inteqrasiyanı, təlim
strategiyalarını, qiymətləndirmə nümunələrini
əhatə edən sənəddir.
Ümumi tarix fənni kurikulumu "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)" əsasında hazırlanmış, oradakı
standartların reallaşdırılmasına yönəldilmişdir.
Kurikulumda tarix fənni üzrə ümumi təlim
nəticələri, öyrənmə strategiyaları və idarəetmə
mexanizmləri əhatə edilmişdir.
Müasir dövrdə fənn üzrə kurikulumun
hazırlanması cəmiyyətdə baş verən bir sıra
sürətli dəyişikliklərlə bağlıdır. Həmin
dəyişikliklər aşağıdakılardan ibarətdir:
- iqtisadiyyatın inkişafında elm, təhsil və
texnologiyaların üstün rol oynaması;
- informasiyanın dünya iqtisadiyyatının əsas
resurslarından birinə çevrilməsi, milli,
regional və dünya iqtisadiyyatının informasiya
texnologiyaları və telekommunikasiyalar əsasında
inteqrasiyası;
- cəmiyyətin sosial, siyasi və mənəvi həyatında,
iqtisadiyyatın bütün sahələrində informasiya
texnologiyalarının tətbiqi ilə əlaqədar
texnoloji yeniliklərin fasiləsiz inkişafı;
- əhalinin peşə məşğulluğunun strukturunun
dəyişməsi, informasiyaların istehsalı, yayılması,
mühafizəsi, ötürülməsi ilə əlaqədar fəaliyyət
göstərən qrupların cəmiyyətdə rolunun
genişlənməsi;
- şəxsiyyətin, sosial təbəqələrin və bütövlükdə
cəmiyyətin sosial statusunun müəyyən edilməsində
təhsilin əsas rol oynaması.
Bu dəyişikliklər cəmiyyətin üstün inkişafını
səciyyələndirməklə, onu həyata keçirən,
formalaşdıran insanın təfəkkür, əxlaqi-mənəvi
cəhətdən yetkinləşməsini, dünyagörüşünə
yiyələnməsini mühüm tələb kimi qarşıya qoyur.
Tarixi fakt və hadisələrin, şəxsiyyətlərin bu
prosesdə faydalılığı daha qabarıq görünür.
Onları sadəcə sadalamaq, yadda saxlamaq deyil,
müqayisələr aparmaq, analiz, sintez etmək,
ümumiləşdirməklə şəxsiyyətin inkişafına
yönəltmək mühüm vəzifələrdən birinə çevrilir. Bu
mənada ümumi tarix fənni kurikulumunun
şəxsiyyətyönümlü xarakteri onun müasir səciyyəvi
keyfiyyətlərindən biri kimi qeyd olunur.
Nəticəyönümlülük ümumi tarix fənni kurikulumunun
əsas cəhətlərindən biridir. Bu, daha çox
kurikulumlardakı məzmun standartlarının
mahiyyəti və məzmunu ilə xarakterizə olunur,
həmin standartlardakı zəruri bilik və
fəaliyyətlərin ifadə tərzində öz əksini tapır.
Bunlar mahiyyət etibarilə gözlənilən
nəticələrdir ki, kurikulumda həm təhsil
səviyyələri, həm də siniflər üzrə
müəyyənləşdirilmişdir. Onlar ümumi tarix üçün
xarakterik olan beş ən mühüm ümumi anlayışla (tarixi
zaman, tarixi məkan, dövlət, şəxsiyyət,
mədəniyyət) ümumiləşdirilərək təsnif olunmuşdur.
Kurikulumlarda həmin ümumiləşdirmələr məzmun
xətti adlanır.
Ümumi tarix fənni kurikulumu mahiyyət etibarilə
həm də konseptual xarakter daşıyır. Orada təlim
strategiyası və qiymətləndirmə məsələlərinə
ümumi tələblər səviyyəsində yanaşılır.
Respublikada ümumi tarixin təlim sisteminə
istiqamət vermək məqsədi əsas götürülür. Onun
bölgələrdə və məktəblərdə məktəb kurikulumu
formasında konkretləşəcəyi diqqət mərkəzində
saxlanılır.
Qeyd olunan xüsusiyyətlər ümumi tarix fənni
kurikulumunun bir təhsil sənədi olmaqdan əlavə,
həm də ictimai-kütləvi xarakterini meydana
çıxarır. Bu sənəd təhsildə maraqlı olan əsas
tərəflərdən biri kimi valideynlər üçün də
əhəmiyyət daşıyır. Onlar övladlarının inkişafını
məhz bu sənəd əsasında izləyir,
istiqamətləndirirlər.
Bundan əlavə, gənc nəslin formalaşmasında
maraqlı olan hər kəsin kurikulumlardan istifadə
edə bilməsi diqqət mərkəzində saxlanılmışdır.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri
Tarix ən qədim zamanlardan bu günümüzə qədər
cəmiyyətin meydana gəlməsini, inkişaf tarixini,
mərhələlərini araşdırır, sistemləşdirir, tarixi
zaman, tarixi məkan səviyyəsində onları
dəyərləndirir, mədəniyyətlərin, dövlətlərin,
şəxsiyyətlərin rolunu müəyyənləşdirir. Ümumi
tarix fənninin əsas məzmununun
formalaşdırılmasında tarix elminin bu
nailiyyətlərinə istinad olunur. Tarixi
anlayışlar, hadisə və faktlar baza bilikləri
kimi müəyyənləşdirilir.
Bunlarla yanaşı, ümumi tarix fənni pedaqoji
anlayış kimi həm də pedaqogikanın,
psixologiyanın, fiziologiyanın zəruri
tələblərinə cavab vermək üçün bir sıra
keyfiyyətləri ehtiva edir. Bu mənada ümumi tarix
inteqrativ fənn xarakteri daşıyır və fundamental
tarix elmindən fərqlənir.
Ümumtəhsilin yeni sisteminin qurulduğu hazırkı
şəraitdə fənlərin də rolu dəyişir. Onlar
şəxsiyyəti idraki və əxlaqi-mənəvi cəhətdən
formalaşdıran vasitəyə çevrilir. Ümumi tarix də
bu prosesdə aşağıdakı xüsusiyyətlər baxımından
əhəmiyyət daşıyır:
·
tarixi fakt və hadisələrin ümumiləşdirmə,
təsnifetmə, induksiya, deduksiya kimi məntiqi
əməliyyatlar vasitəsilə təhlil edilməsi;
·
yaradıcı fəaliyyət təcrübəsi;
·
tarixi faktların təhlilinə müxtəlif mövqelərdən
yanaşılması və qiymətləndirilməsi;
·
əsas tarixi fakt və hadisələrin, onlar
arasındakı səbəb-nəticə əlaqələrinin açılması;
·
tək-tək tarixi faktlarda ictimai inkişafın ümumi
qanunauyğunluqlarına məxsus əlamətlərin
müəyyənləşdirilməsi;
·
hər bir tarixi faktın xarakterinə görə
aydınlaşdırılması və proqnozların verilməsi.
Bütün bunlarla yanaşı, müasir dövr məktəblidən
həm də başqalarının fikirlərinə hörmətlə
yanaşmağı, sosial şəraitindən asılı olmayaraq
insanların düşdüyü vəziyyəti başa düşməyi,
onlara həssas yanaşmağı, kollektivdə əməkdaşlıq
etməyi, ətrafındakı situasiyanı düzgün təhlil
edərək uğur qazanmağı, tolerantlığı tələb edir.
Bu baxımdan bir fənn kimi tarixin geniş
imkanları vardır.
Ümumi tarix fənni şagirdlərə keçmiş və müasir
dövrün problemlərini tədqiq etmək, cəmiyyətlərin
inkişafının səbəb-nəticə əlaqələrini və
xüsusiyyətlərini dərk etmək, sosial-siyasi,
iqtisadi və mədəni proseslərin bir-biri ilə
qarşılıqlı təsirini öyrənmək imkanı yaradır.
Tarixi keçmişi öyrənməklə şagirdlər bu günü dərk
edirlər, başqa sözlə, tarixi keçmişdən bu gün
üçün dərs alırlar, çünki mahiyyət etibarilə
tarixi keçmişin və müasir dövrün dərk
edilməsinin məntiqi yolu eynidir.
Ümumi tarix dərslərində şagirdlər cəmiyyətin
meydana gəlməsini, onun zaman və ətraf aləmlə
əlaqədə inkişafını, quruluşunu,
insan-cəmiyyət-zaman-məkan qarşılıqlı
əlaqələrini öyrənirlər.
Bu fənn şagirdlərə dünyanı sevməyi və qorumağı,
cəmiyyətdəki proseslərə fəal münasibət bəsləməyi,
müxtəlif zamanları fərqləndirməyi, öz dövrünü və
özünü daim dəyişən dünya ilə əlaqələndirməyi
öyrədir.
Bundan əlavə, ümumi tarix şagirdlərdə insanlara
maddi və mənəvi mədəniyyətin inkişafı sahəsində
onların işinə hörmət hissi tərbiyə etmək,
ictimai inkişafın müxtəlif problemləri ilə
əlaqədar tədqiqat aparmaq və onların həlli
yollarını tapmaq, əməkdaşlıq etmək, tənqidi
düşünmək, hadisə və təzahürlərin inkişafının
nəticələrini proqnozlaşdırmaq, düşdüyü şəraitdən
baş açmaq, düzgün qərarlar qəbul etmək və b.
bacarıqları formalaşdırmağa imkan verir.
Ümumtəhsil məktəbində ümumi tarix fənninin
tədrisinin əsas məqsədi məktəblilərdə fəal həyat
mövqeyi, vətənpərvərlik, digər xalqlara,
ümumbəşəri dəyərlərə hörmət, mənəvi və mədəni
nailiyyətlərə əsaslanan əqidə prinsipləri,
Azərbaycan və bütün dünya xalqlarının
ənənələrinə və mədəniyyətlərinə qarşı humanizm
hissi, dövlətçilik ənənələrinə hörmət
formalaşdırmaq üçün onlarda keçmiş və müasir
dövr hadisələrini sərbəst təhlil etmək,
faktların ümumiləşdirilməsi, əldə olunan
biliklərdən cəmiyyətin müasir vəziyyətinin
qiymətləndirilməsində istifadə, tarixi mənbə,
müxtəlif fikir, mövqe və konsepsiyaları sərbəst
təhlil etmək, başqalarının fikirlərinə hörmət
etmək bacarıq və vərdişləri aşılamaqla
kommunikativ, təfəkkür və hüquqi mədəniyyət
formalaşdırmaqdan ibarətdir.
Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin
həyata keçirilməsi zəruri hesab edilir:
·
tarixə dair bilik mənbələri üzərində müstəqil
işin təşkili;
·
tarixi hadisə və faktların araşdırılması,
qiymətləndirilməsi;
·
tarixi prosesi və ictimai həyatın müxtəlif
cəhətlərini xarakterizə edən ən mühüm faktların
seçilməsi və ümumiləşdirilməsi;
·
tarixi faktların onlar haqqındakı mülahizələrdən
fərqləndirilməsi və əsaslandırılması;
·
tarixi faktların müxtəlif mövqedən
qiymətləndirilməsi;
·
tarixi fakt və hadisələrin əsasında qərarların
qəbul edilməsi və təqdim olunması;
·
insan hüquqlarına, demokratik dəyərlərə,
xalqların tarix və mədəniyyətinə, milli mənəvi
dəyərlərə, vətənə hörmət hissinin formalaşması;
·
bəşəriyyətin mənəvi irsinin qorunması,
zənginləşdirilməsi, hörmət və sədaqət tərbiyəsi.
"Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu)" sənədində
müəyyən edilmişdir ki, ümumtəhsil məktəblərində
ümumi tarix fənninin təlimi vasitəsilə
şagirdlərdə:
Ümumi orta təhsil səviyyəsində dünya tarixinin
sivilizasiyayaqədərki dövrü, müxtəlif dövrlərdə
insan birliklərinin yaranması, dövlətin meydana
gəlməsi və sivilizasiyaların formalaşması, bəşər
sivilizasiyasının formalaşmasında ayrı-ayrı
dövlətlərin və xalqların rolu, sivilizasiyaların
tənəzzülü və dağılmasının ictimai-iqtisadi,
siyasi səbəbləri, ümumbəşəri, əxlaqi-mənəvi və
maddi mədəniyyətlər haqqında sistemli
məlumatların mənimsənilməsi təmin olunur,
şagirdlərdə tarixi hadisələrə obyektiv mövqedən
yanaşma, onları müvafiq zaman və məkan
kontekstində qiymətləndirmək bacarıqları
formalaşdırılır.
Tam orta təhsil səviyyəsində ümumi orta təhsil
səviyyəsindəki fəaliyyətləri genişləndirməklə
tarixi inkişafa və sivil mədəniyyətə nümunə ola
biləcək, habelə tarixən bağlı olduğumuz
ölkələrin və xalqların tarixinin mühüm məqamları,
sosial-iqtisadi, siyasi və mədəni proseslər,
beynəlxalq münasibətlər, cəmiyyətlərin
inkişafının islahat və inqilab yolları, aqrar
sivilizasiyadan sənaye sivilizasiyasına keçid,
müasir informasiya cəmiyyəti, dünyada gedən
inteqrasiya prosesləri, bəşəriyyəti narahat edən
qlobal problemlər haqqında ümumi məlumatlar
mənimsənilir, şagirdlərdə sosial-iqtisadi və
siyasi prosesləri, cəmiyyət və şəxsiyyət
münasibətlərini səciyyələndirən faktları, siyasi
və ictimai hərəkatlar, ictimai inkişafda maddi
və mənəvi mədəniyyətin, insan amilinin rolu
haqqında informasiyaları sistemləşdirmək və
təqdim etmək bacarıqları formalaşdırılır.
1. Ümumi tarix fənni üzrə təlimin məzmunu
1.1. Ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsinin sonunda şagird:
·
tarixi dövrləri və sivilizasiyaları xarakterik
əlamətlərinə görə fərqləndirir, tarixi
şəxsiyyətləri, hadisələri və faktları dövr
baxımından qiymətləndirir, onlara münasibət
bildirir;
·
tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı
dövlətlərin inkişaf istiqamətlərini, ictimai,
iqtisadi, siyasi prosesləri müqayisə edir,
nəticə çıxarıb mülahizələrini şərh edir;
·
müxtəlif tarixi mənbələri araşdırmaqla lazımi
materialları toplayıb sistemləşdirir və təqdim
edir.
Tam orta təhsil səviyyəsinin sonunda şagird:
·
mənbələr əsasında müxtəlif tarixi hadisələri
təhlil edir, onların arasındakı oxşarlıq və
ziddiyyətlərin səbəblərini izah edir, konkret
tarixi hadisələrə dair əlavə məlumat toplayır,
onları sistemləşdirir və təqdim edir, şəxsi
mülahizələri əsasında referat, məruzə və
tezislər hazırlayır;
·
dünya tarixinin hadisə və proseslərini
Azərbaycan tarixinin eyni dövrləri ilə tarixi
kontekstdə müqayisə edir, təhlillər aparır və öz
mülahizələrini bildirir;
·
tarixi mövzulardakı dialoqlarda, keçmiş və
müasir dövrün hadisə və proseslərinin
müzakirəsində öz mövqeyini bildirir və
əsaslandırır;
·
cəmiyyətlərin inkişafında islahat və
inqilabların rolunu fərqləndirir, onlara öz
münasibətini bildirir;
·
aqrar (ənənəvi), sənaye və informasiya
cəmiyyətlərini müqayisə edir, onların xarakterik
cəhətlərini izah edir;
·
tarixi proseslər və hadisələr arasında
səbəb-nəticə əlaqələrini müəyyənləşdirir;
·
müasir dövrün qlobal problemlərini şərh edir,
onların aradan qaldırılması ilə bağlı öz
fərziyyələrini bildirir.
1.2. Fənnin məzmun xətləri və onların
əsaslandırılması
Ümumi tarix fənninin məzmunu onun məzmun xətləri
əsasında qurulur. Məzmun xətləri fənn üzrə ümumi
təlim nəticələrinin reallaşdırılmasının
istiqamətlərini müəyyən edir.
Ümumi tarix fənni üzrə ümumi və tam orta təhsil
pillələri üçün ümumi olan aşağıdakı məzmun
xətləri müəyyənləşdirilmişdir:
1. Tarixi zaman
2. Tarixi məkan
3. Dövlət
4. Şəxsiyyət
5. Mədəniyyət
Ümumi tarix fənnindən hər sinifdə şagirdin
fəaliyyətinin səviyyəsi məzmun xətləri üzrə
standartlara uyğun olaraq inkişaf etməkdə davam
edir. Hər bir sonrakı sinifdə şagird əvvəlkinə
nisbətən daha mürəkkəb zehni, əməli,
kommunikativ fəaliyyətləri icra etməli olur,
yəni şagirdlərin fəaliyyətinə verilən tələblər
sinifdən sinfə keçdikcə mürəkkəbləşir.
Tarixi zaman
Tarixi fakt müəyyən bir zaman çərçivəsində baş
verir. Hadisənin baş verdiyi vaxtı müəyyən
etməklə onun özündən əvvəlki və sonrakı
hadisələrlə əlaqəsini, səbəb və nəticələrini
müəyyən etmək olar. Məktəblinin zamanla bağlı
təsəvvürü yoxdursa, onda onun tarixlə bağlı
təsəvvürləri tarixi bilik deyildir. Tarixi
faktları zamanla əlaqədə götürmədən düzgün
tarixi biliyə malik olmaq qeyri-mümkündür.
Tarixin mənimsənilməsində xronologiyanın böyük
rolu vardır. Xronologiyanın mənimsənilməsi
tarixi yadda saxlamağa, tarixi hadisələrin
ardıcıllığını müəyyənləşdirməyə, onların
arasındakı əlaqəni ortaya çıxarmağa imkan verir.
Xronoloji və sinxron məsələlərin həlli tarixi
faktın ardıcıl və şüurlu mənimsənilməsində,
onlar arasındakı əlaqənin müəyyənləşdirilməsində
əhəmiyyətli rol oynayır, tarix materialının
ümumiləşdirilməsinə, dərk olunmasına imkan
yaradır.
Tarixi məkan
Tarixi proses zamanla yanaşı, məkan daxilində də
baş verir. Konkret məkanla əlaqədə götürülməyən
tarixi fakt real məzmundan uzaq, mücərrəd bir
təsəvvür hesab edilir. Faktların məkan əlaqələri
onların mənimsənilməsinin ən zəruri şərtlərindən
biri kimi çıxış edir.
Məkanın müəyyən edilməsi təbiətlə cəmiyyət
arasındakı əlaqəni aşkara çıxarmağa, onların
qarşılıqlı təsirini görməyə imkan verir.
İnsanlar, xalqlar, dövlətlər, cəmiyyətlər
bir-birlərindən təcrid edilmiş vəziyyətdə uzun
müddət yaşaya bilməzlər. Onlar inkişaflarını
təmin etmək üçün bir-biri ilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərirlər. Bu əlaqələrin sabitliyi,
dinamikliyi, yaxud qısamüddətliliyi onların
yerləşdiyi məkanın xarakterindən, orada baş
verən hadisələrdən asılı olur. Tarixi məkanın
xalqların, dövlətlərin və cəmiyyətlərin həyatına
təsirini nəzərə almaqla onların inkişaf
xüsusiyyətlərini müəyyən etmək mümkündür. Bütün
bunlar isə tarixi faktların məkan əlaqələrinin
öyrənilməsini və qiymətləndirilməsini zəruri
edir.
Dövlət
Ən qədim dövrlərdən insanlar özlərinin maddi
tələbatlarını ödəmək üçün öz aralarında müəyyən
münasibətlərə girmiş, istehsal fəaliyyətlərini
təkmilləşdirmişlər. İstehsalın inkişafı insanlar
arasında iqtisadi münasibətlərin xarakterinə də
təsir göstərmişdir.
İqtisadi həyatda baş verən proseslər cəmiyyətin
təşkili formalarının dəyişməsinə, sosial
qrupların, təbəqələrin yaranmasına gətirib
çıxarır. Dəyişikliklərdə sosial hərəkatlar
əhəmiyyətli rol oynayır. Cəmiyyətin inkişafı
prosesini öyrənmək və dərk etmək üçün onun
sosial-iqtisadi həyatı haqqında biliklərə
yiyələnmək və onları qiymətləndirmək zəruri
hesab edilir.
İnsanların daxil olduğu ən mürəkkəb və eyni
zamanda sabit qurum dövlətdir. Tarix təlimində
məktəblilərin dövlətin yaranması prosesi, onun
tipləri, idarəçilik formaları ilə tanış olmaları
dövlətin siyasi quruluşu ilə ölkənin
sosial-iqtisadi, mədəni həyatı arasındakı
əlaqəni görməyə, dövlətin cəmiyyətin həyatındakı
rolunu başa düşməyə kömək edir.
Şəxsiyyət
Tarixi şəxsiyyətlərin fəaliyyəti tarixi
hadisələrin gedişinə müəyyən təsir göstərir.
Onların fəaliyyətinin təhlil edilməsi və
qiymətləndirilməsi tarixi inkişaf prosesində
görkəmli şəxsiyyətlərin rolunu müəyyənləşdirməyə,
hadisələrin səbəb-nəticə əlaqələrini müəyyən
etməyə imkan verir. Bu mənada şagirdlərin tarixi
inkişafın müxtəlif mərhələlərində görkəmli
şəxsiyyətlərin rolunu başa düşmələri üçün onları
dünya tarixinin görkəmli şəxsiyyətləri ilə bağlı
məlumatları öyrənməyə, müzakirə etməyə,
nəticələr çıxarmağa sövq etmək böyük əhəmiyyət
daşıyır.
Mədəniyyət
Tarix təlimində ayrı-ayrı tarixi dövrlərin
mədəniyyəti barəsində biliklərə yiyələnmək
mədəniyyətin təşəkkülü və inkişafı ilə siyasi,
sosial-iqtisadi həyat arasındakı əlaqəni görməyə,
qiymətləndirməyə imkan verir. Mədəniyyət
tarixinin öyrənilməsi həm də xalqların və
sivilizasiyaların dünya mədəniyyətinin
zənginləşməsindəki rolunun dərk olunmasında,
mədəniyyətlərarası və sivilizasiyalararası
münasibətlərin dünyanın sonrakı inkişafına
təsirinin müəyyənləşdirilməsində əhəmiyyətli rol
oynayır.
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri
üzrə təlim nəticələri
1.Tarixi zaman
Şagird:
- tarixi dövrləri xarakterik əlamətlərinə görə
fərqləndirir;
- hadisə və faktları dövr baxımından
qiymətləndirir və onlara münasibət bildirir;
- tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı
dövlətlərin inkişaf xüsusiyyətlərini müqayisə
edir, mülahizələrini bildirir.
2. Tarixi məkan
Şagird:
- tarixi məkana görə ictimai, iqtisadi, siyasi
və mədəni prosesləri müqayisə edir və
mülahizələrini bildirir, nəticələri təqdim edir.
3. Dövlət
Şagird:
- ayrı-ayrı dövlətlərin yaranması və inkişafı
xüsusiyyətlərini, ictimai, iqtisadi və siyasi
prosesləri müqayisə edir, mülahizələrini
açıqlayır;
- dövlətlərə aid müxtəlif tarixi mənbələri
araşdırmaqla lazımi materialları toplayıb
sistemləşdirir və təqdim edir.
4. Şəxsiyyət
Şagird:
- tarixi şəxsiyyətləri dövr baxımından
qiymətləndirir, onlara münasibət bildirir;
- mənbələri araşdırmaqla tarixi şəxsiyyətlərə
dair materiallar toplayır, təqdimatlar edir.
5. Mədəniyyət
Şagird:
- mədəniyyətləri və sivilizasiyaları xarakterik
əlamətlərinə görə müqayisə edir və fərqləndirir;
- müxtəlif xalqların mədəni nailiyyətlərinə dair
araşdırmalar aparır, təqdimatlar edir.
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə
təlim nəticələri
1. Tarixi zaman
Şagird:
- mənbələr əsasında müxtəlif tarixi dövrləri
təhlil edir, onların oxşar və fərqli cəhətlərini
izah edir, tezis, referat, məruzə hazırlayır;
- tarixi hadisə, proses və təzahürlərin
səbəb-nəticə əlaqələrini müəyyən edir və tarixi
dövr baxımından qiymətləndirir;
- dünya tarixinin hadisə və proseslərini
Azərbaycan tarixinin eyni dövrləri ilə müqayisə
edir və təhlillər aparır, mülahizələrini
bildirir.
2. Tarixi məkan
Şagird:
- müxtəlif tarixi hadisələri konkret məkan
baxımından müqayisə edir və mülahizələrini
bildirir;
- aqrar (ənənəvi), sənaye və informasiya
cəmiyyətlərini məkana görə müqayisə edir,
onların xarakterik cəhətlərini izah edir.
3. Dövlət
Şagird:
- cəmiyyət və dövlətlərin inkişafında islahat və
inqilabların rolunu fərqləndirir, aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərini müqayisə
edir və münasibət bildirir;
- bəşəriyyəti narahat edən qlobal problemlərin
həllində dövlətin rolunu şərh edir;
- mənbələr əsasında müxtəlif dövlətlərin
tarixinə dair təhlillər aparır, referat, məruzə
və tezislər hazırlayır.
4. Şəxsiyyət
Şagird:
- tarixi hadisə və proseslərin gedişində
şəxsiyyətlərin rolunu qiymətləndirir,
mülahizələri əsasında təqdimatlar edir;
- tarixi şəxsiyyətlərə dair tədqiqatlar aparır,
mövqeyini bildirir və əsaslandırır.
5. Mədəniyyət
Şagird:
- aqrar (ənənəvi), sənaye və informasiya
cəmiyyətlərində mədəniyyətin inkişaf
xüsusiyyətlərini müqayisə edir və əsaslandırır;
- müasir dövrün qlobal problemlərinin həllində
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqların roluna dair materiallar toplayır,
məruzə və referatlar hazırlayır.
1.4. Fəaliyyət xətləri
Ümumi tarixdə fəaliyyət xətləri biliklərin əldə
olunması və istifadəsi yollarını
müəyyənləşdirmək, onları təsvir etmək məqsədi
daşıyır. Məzmun xətləri ilə fəaliyyət xətləri
üst-üstə düşdüyü üçün məzmun standartlarının
müəyyənləşdirilməsi zamanı onların fəaliyyət
xətləri ilə əlaqəsi nəzərə alınmışdır.
·
Tarixi bilik mənbələrindən məlumatların
toplanması və sistemləşdirilməsi.
·
Tarixi materialın təhlili, sintezi və
ümumiləşdirilməsi.
·
Tarixi faktların müqayisəsi.
·
Nəticə çıxarılması və əsaslandırılması.
·
Yekun nəticənin təqdim edilməsi.
·
Qiymətləndirmə.
1.5. Siniflər üzrə məzmun standartları
VI SİNİF
VI sinfin sonunda şagird:
·
tarixdə il hesabından istifadə edir;
·
mühüm hadisələrin xronoloji çərçivəsini müəyyən
edir;
·
qədim insanların həyatında təbii-coğrafi
şəraitin rolunu müəyyənləşdirir;
·
dövlətlərin yaranmasını, onların siyasi
quruluşunu, sosial-iqtisadi münasibətləri tarixi
bilik mənbələri əsasında izah edir;
·
tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini
təsvir edir;
·
mədəniyyətin yaranması və inkişafını insanların
həyatında baş verən dəyişikliklərlə
əlaqələndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini
anladığını nümayiş etdirir.
1.1.1.Tarixdə il hesabından istifadə edir.
1.1.2. Quldar dövlətlərin (Misir, Şumer, Babil,
Aşşur, İskit, Midiya, Əhəməni, Hun, Çin,
Hindistan, Parfiya, Yunanıstan və Roma) meydana
gəlməsi, inkişafı və tənəzzülü dövrlərini
fərqləndirir.
1.1.3.Müxtəlif ölkələrdə baş vermiş mühüm hadisə,
proses və təzahürlərin xronoloji çərçivələrini
müəyyən edir.
2. Tarixi məkan
Şagird:
2.1. Tarixi hadisə, proses və təzahürlərin baş
verdiyi təbii-coğrafi şəraitlə bağlı bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Ən qədim insan məskənlərinin, ilk
sivilizasiyaların və dövlətlərin yaranmasını,
inkişaf amillərini izah edir.
2.1.2. Təbii-coğrafi şəraiti əks etdirən xəritə
əsasında hadisələrin baş verdiyi tarixi məkanı
təsvir edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin yaranması, inkişafı və
tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. Qədim dövlətlərin (Misir, Şumer, Babil,
Aşşur, İskit, Midiya, Əhəməni, Hun, Çin, Parfiya,
Hindistan, Yunanıstan və Roma) yaranmasını,
idarəetmə qaydalarını, sosial-iqtisadi
münasibətləri təsvir edir.
3.1.2. Mənbələr əsasında qədim dövlətlərlə bağlı
məlumatlar toplayır və təqdim edir.
4. Şəxsiyyət
Şagird:
4.1.Tarixi şəxsiyyətləri dövr baxımından
qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (I Tutmos, III
Tutmos, II Ramzes, Hammurapi, Aşşurbanipal, II
Sarqon, II Kir, I Dara, Mete xaqan, İskəndər,
Sin Şixuandi, Aşoka, Solon, Mitridat, Perikl,
Yuli Sezar, Oktavian Avqust, Konstantin)
müəyyənləşdirir.
4.1.2. Mənbələr əsasında qədim dövr tarixi
şəxsiyyətləri haqqında məlumatlar toplayır,
təqdim edir.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Mədəniyyətin ayrı-ayrı sahələrinin
insanların həyat tərzi ilə əlaqələrini izah edir.
5.1.2. Mədəniyyətlərarası və
sivilizasiyalararası əlaqələrə münasibət
bildirir.
5.1.3. Mədəniyyətlərə, mədəniyyətlərarası
əlaqələrə dair məlumat toplayır, təqdim edir.
VII SİNİF
VII sinfin sonunda şagird:
·
tarixi faktları davametmə müddətinə görə
fərqləndirir, onların xronoloji ardıcıllığını və
sinxronluğunu müəyyənləşdirir;
·
xalqların və dövlətlərin ərazi məkanında baş
verən dəyişiklikləri xəritə əsasında izah edir;
·
erkən feodal dövlətlərin idarəçilik formalarını
və sosial-iqtisadi münasibətlərini müqayisə edir;
·
dövlət və mədəniyyətlərin inkişafında tarixi
şəxsiyyətlərin rolunu izah edir;
·
erkən orta əsrlərdə mədəniyyətlərin inkişaf
istiqamətlərini və xüsusiyyətlərini izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini
anladığını nümayiş etdirir.
1.1.1. Mühüm tarixi faktları davametmə müddətinə
görə fərqləndirir.
1.1.2. Müxtəlif ölkələrdə baş vermiş ayrı-ayrı
tarixi faktların sinxronluğunu müəyyənləşdirir.
1.1.3. Tarixi faktları xronoloji ardıcıllıqla
düzür.
2.Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən tarixi hadisə, proses və
təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş
etdirir.
2.1.1. Feodal münasibətlərinin yaranmasını
dövlətlərin və xalqların geosiyasi məkanında baş
verən dəyişikliklərlə izah edir.
2.1.2. Dövlətlərin və xalqların ərazi məkanında
baş verən dəyişiklikləri xəritələrdəki
məlumatlar əsasında təhlil edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin yaranması, inkişafı və
tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. Erkən feodal dövlətlərinin (Çin, Sasani,
Qafqaz, Ağ Hun, Qərbi Hun, Göytürk, Uyğur, Xəzər,
Avar, Bulqar, Hindistan, Ərəb xilafəti, Frank,
Bizans, Slavyan dövlətləri, Oğuz, Samani,
Qaraxanlı, Qəznəvi, Xarəzmşahlar) yaranması,
idarəçilik formaları və sosial-iqtisadi
münasibətlərini müqayisə edir.
3.1.2. Erkən feodal dövlətlərinin oxşar və
fərqli cəhətləri ilə bağlı cədvəl və diaqramlar
hazırlayır.
4.Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından
qiymətləndirir.
4.1.1. Dövlətlərin və mədəniyyətlərin
inkişafında şəxsiyyətlərin (Atilla, Bumın xaqan,
Mahmud Qəznəvi, Məhəmməd peyğəmbər, Xlodviq,
Böyük Karl) rolunu izah edir.
4.1.2. Dövlətin və mədəniyyətin inkişafında
tarixi şəxsiyyətlərin rolu ilə bağlı məlumatlar
toplayır və təqdimatlar hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Avropa və Şərq mədəniyyətinin inkişaf
xüsusiyyətlərini izah edir.
5.1.2. Şərq mədəniyyətinin dünya mədəniyyətinə
təsirini müəyyən edir.
5.1.3. Mədəniyyətlərin inkişafı ilə bağlı
materiallar toplayır.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
·
hadisə, proses və təzahürlər arasında
səbəb-nəticə əlaqələrini ifadə edən xronoloji
cədvəllər hazırlayır;
·
feodal münasibətlərinin inkişafı və dağılmasını
xalqların və dövlətlərin geosiyasi məkanında baş
verən dəyişikliklərlə əlaqələndirir, həmin
dəyişiklikləri kontur xəritəyə köçürür;
·
mərkəzləşmiş feodal dövlətlərinin yaranmasını və
inkişaf xüsusiyyətlərini təhlil edir;
·
tarixi şəxsiyyətləri oxşar və fərqli cəhətlərinə
görə fərqləndirir;
·
Şərqdə və Qərbdə intibah mədəniyyətlərinin
inkişaf xüsusiyyətlərini, onların qarşılıqlı
təsirini izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini
anladığını nümayiş etdirir.
1.1.1. Oxşar tarixi faktların baş verdiyi
zamandan irəli gələn fərqli cəhətlərini izah
edir.
1.1.2. Oxşar proses və hadisələri əlaqələndirən
sinxron cədvəllər tərtib edir.
1.1.3. Hadisə, təzahür və proseslər arasında
səbəb-nəticə əlaqələrini müəyyənləşdirən
xronoloji cədvəllər tərtib edir.
2. Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən hadisə, proses və
təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş
etdirir.
2.1.1. Feodal münasibətlərinin inkişafını və
dağılmasını xalqların və dövlətlərin geosiyasi
məkanında baş verən dəyişikliklərlə
əlaqələndirir.
2.1.2. Dövlətlərin və xalqların həyatında baş
verən ərazi dəyişikliklərini xəritə və
sxemlərdəki məlumatlar əsasında kontur
xəritələrə köçürür.
3.Dövlət
Şagird:
3.1. Dövlətlərin yaranması, inkişafı və
tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. Mərkəzləşmiş feodal dövlətlərinin (İngiltərə,
İspaniya, İtaliya, Almaniya, Fransa, Rusiya,
Səlcuq, Monqol, Səfəvi, Ağqoyunlu, Qaraqoyunlu,
Qızıl Orda, Osmanlı, Teymuri, Böyük Moğol)
yaranmasını, idarəçilik formalarını,
sosial-iqtisadi münasibətləri təhlil edir.
3.1.2. Mərkəzləşdirilmiş feodal dövlətləri ilə
bağlı esse yazır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından
qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (Alp Arslan, Məlik
şah, Çingiz xan, Qara Yusif, Uzun Həsən, Batı
xan, Fateh II Mehmet, Əmir Teymur, Sultan
Süleyman Qanuni, Əkbər şah, Şah İsmayıl, I
Təhmasib, Oranlı Vilhelm, İvan Qroznı) müqayisə
edir.
4.1.2. Tarixi şəxsiyyətlərin oxşar və fərqli
cəhətləri ilə bağlı cədvəl hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Şərq və Qərbdə intibah mədəniyyətinin
xüsusiyyətlərini izah edir.
5.1.2. Elmi kəşf və ixtiraların dünya
mədəniyyətinin inkişafına təsirini izah edir.
5.1.3. Dünya mədəniyyətinin nailiyyətlərinə dair
cədvəl və qrafiklər hazırlayır.
IX SİNİF
IX sinfin sonunda şagird:
·
müxtəlif ölkələrdə baş verən oxşar tarixi hadisə
və faktları dövr baxımından qiymətləndirir;
·
kapitalist münasibətlərinin yaranmasını, dünya
ölkələrində baş verən dəyişiklikləri məkanla
əlaqədə izah edir;
·
dünya ölkələrinin inkişafındakı
qeyri-bərabərliyi onların siyasi quruluşu ilə
əlaqələndirir;
·
tarixi şəxsiyyətləri dövr baxımından
qiymətləndirir;
·
mədəniyyətləri, sivilizasiyaları xarakterik
əlamətlərinə görə fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini
anladığını nümayiş etdirir.
1.1.1. Müxtəlif ölkələrdə oxşar tarixi faktların
müxtəlif zamanlarda baş verməsinin səbəb və
nəticələrini izah edir.
1.1.2. Oxşar tarixi faktlarla baş verdiyi tarixi
şərait arasındakı fərqi müəyyən edir.
1.1.3. Mühüm tarixi faktların zaman əlaqəsini
göstərən sinxron cədvəllər hazırlayır.
2. Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən hadisə, proses və
təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş
etdirir.
2.1.1. Kapitalist münasibətlərinin yaranmasını,
dünyada baş vermiş iqtisadi, sosial və siyasi
dəyişiklikləri məkanla əlaqədə izah edir və
təqdimatlar hazırlayır.
2.1.2. Dövlətlərin ərazi dəyişikliklərini əks
etdirən cədvəl və qrafiklər hazırlayır.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin yaranması, inkişafı və
tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. Dövlətlərin (İngiltərə, Fransa, Rusiya,
ABŞ, Osmanlı, İran, Çin, Hindistan, Mərkəzi
Asiyanın türk dövlətləri, Qazaxıstan, Krım,
Sibir, Volqaboyu, Qafqaz xalqları) qeyri-bərabər
inkişafını, Avropada və Amerikada yeni tipli
dövlətlərin yaranması prosesini və onların
siyasi, sosial quruluşunu təhlil edir.
3.1.2. Yeni tipli dövlətlərin tarixinə dair
təqdimatlar hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından
qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətlərin (Oliver Kromvel,
Maksimilian Robespyer, I Pyotr, II Yekaterina,
Corc Vaşinqton, Benjamin Franklin, Köprülü
Mehmet paşa, III Səlim, Nadir şah, Ağa Məhəmməd
şah Qacar) fəaliyyətini sosial qrupların
mənafeyi baxımından təhlil etməklə onlara
münasibət bildirir.
4.1.2. Topladığı materiallar əsasında tarixi
şəxslərə dair esse və hekayələr yazır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Mədəniyyətlərin inkişafına təsir edən
amilləri izah edir.
5.1.2. Mədəniyyətlərarası və
sivilizasiyalararası qarşılıqlı təsiri və
ziddiyyətləri izah edir.
5.1.3. Mədəniyyətlərarası və
sivilizasiyalararası əlaqələrə dair esse və
hekayələr yazır.
X SİNİF
X sinfin sonunda şagird:
·
ölkələrdə baş verən dəyişiklikləri tarixi zaman
baxımından qiymətləndirir;
·
dünyada və Azərbaycanda baş verən hadisə, proses
və təzahürlər arasında əlaqələri tarixi zaman
baxımından izah edir;
·
ölkə və xalqların sosial-iqtisadi və mədəni
həyatında baş verən dəyişiklikləri məkan
baxımından qiymətləndirir;
·
geosiyasi dəyişikliklərin cəmiyyətin
sosial-iqtisadi, siyasi həyatına təsirini təhlil
edir;
·
tarixi şəxsiyyətləri mənsub olduqları
dövlətlərin mənafeyi baxımından qiymətləndirir;
·
ənənəvi və sənaye cəmiyyətlərini mədəniyyətin
inkişafına və mədəniyyətlərarası münasibətlərə
görə qiymətləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Tarixi faktları tarixi zamanla əlaqədə
qiymətləndirir.
1.1.1. Asılı və müstəmləkə xalqlarının
milli-azadlıq hərəkatını tarixi zamanla əlaqədə
dəyərləndirir.
1.1.2. Ölkələrdə baş verən oxşar sosial-iqtisadi
hadisə və prosesləri zaman baxımından tarixi
şəraitlə əlaqədə müqayisə edir və dəyərləndirir.
1.1.3. Ölkələrdə baş verən oxşar mədəni hadisə
və prosesləri baş verdiyi tarixi zamanla əlaqədə
dəyərləndirir.
1.1.4. Dünyada və Azərbaycanda baş verən hadisə,
proses və təzahürlər arasında əlaqələri tarixi
zaman baxımından izah edir.
2. Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən hadisə, proses və
təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş
etdirir.
2.1.1. Kapitalist münasibətlərinin inkişafı ilə
bağlı ölkələrin və xalqların sosial-iqtisadi və
mədəni həyatında baş verən dəyişiklikləri
məkanla əlaqədar qiymətləndirir.
2.1.2. Dünya ölkələrində baş verən geosiyasi
dəyişiklikləri müxtəlif formalarda (xəritə, sxem,
cədvəl) təqdim edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin inkişafını siyasi,
sosial-iqtisadi münasibətlərin xarakterinə görə
qiymətləndirir.
3.1.1. Dövlətlərin (Avropa dövlətləri və Rusiya,
ABŞ və Latın Amerikası ölkələri, Türk dünyası və
Qafqaz xalqları, Asiya, Afrika ölkələri)
yaranması və inkişafı prosesini, geosiyasi
dəyişiklikləri izah edir.
3.1.2. Geosiyasi dəyişikliklərin cəmiyyətin
sosial-iqtisadi həyatına təsirini şərh edir.
3.1.3. Mənbələr əsasında dövlətlərin tarixinə
dair materiallar toplayır və məruzələr
hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından
qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (I Napoleon, Cüzeppe
Haribaldi, I Aleksandr, Sultan II Əbdülhəmid,
Otto Bismark, Avraam Linkoln) mənsub olduqları
dövlətlərin mənafeyi baxımından qiymətləndirir.
4.1.2. Tarixi şəxsiyyətlərin fəaliyyətinə dair
məruzə və referatlar hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin
mədəniyyətlərin inkişafına təsirini izah edir.
5.1.2. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin
mədəniyyətlərarası və sivilizasiyalararası
əlaqələrə təsirini əsaslandırır.
5.1.3. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin
mədəniyyətlərarası və sivilizasiyalararası
əlaqələrə təsiri ilə bağlı referat və məruzələr
hazırlayır.
XI SİNİF
XI sinfin sonunda şagird:
·
ölkədə baş verən siyasi, sosial-iqtisadi və
mədəni faktları onun inkişafının müəyyən dövrü
ilə əlaqədə dəyərləndirir;
·
dünyada və Azərbaycanda baş verən hadisə, proses
və təzahürlər arasında əlaqələri tarixi zaman
baxımından qiymətləndirir;
·
ölkə və xalqların həyatında, beynəlxalq
münasibətlərdə baş verən dəyişiklikləri məkan
baxımından qiymətləndirir;
·
aqrar (ənənəvi), sənaye və informasiya
cəmiyyətlərində dövlətin rolunu qiymətləndirir;
·
tarixi şəxsiyyətləri mənsub olduqları ölkənin
daxili və beynəlxalq həyatına təsiri baxımından
qiymətləndirir;
·
aqrar (ənənəvi), sənaye və informasiya
cəmiyyətlərində mədəniyyətin inkişafını və
mədəniyyətlərarası münasibətləri qiymətləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Tarixi faktları tarixi zamanla əlaqədə
qiymətləndirir.
1.1.1. Ölkədəki sosial-iqtisadi həyat faktlarını
onun iqtisadi inkişafının müəyyən mərhələsi ilə
əlaqədə dəyərləndirir.
1.1.2. Ölkədəki siyasi həyat faktlarını onun
siyasi inkişafının müəyyən mərhələsi baxımından
qiymətləndirir.
1.1.3. Ölkədəki mədəni həyat faktlarını onun
mədəni inkişafının müəyyən mərhələsi ilə əlaqədə
dəyərləndirir.
1.1.4. Dünyada və Azərbaycanda baş verən hadisə,
proses və təzahürlər arasında əlaqələri tarixi
zaman baxımından qiymətləndirir.
2.Tarixi məkan
Şagird:
2.1 Məkanda baş verən hadisə, proses və
təzahürlərlə bağlı bilik və bacarıqlarını
nümayiş etdirir.
2.1.1. Ölkələrin və xalqların sosial-iqtisadi və
mədəni həyatında, beynəlxalq münasibətlərdə baş
verən dəyişiklikləri, inteqrasiya prosesi ilə
bağlı informasiyaları məkan baxımından
qiymətləndirir.
2.1.2. Ən yeni dövrdə baş verən geosiyasi
dəyişiklikləri müxtəlif formalarda (xəritə, sxem,
cədvəl, diaqram) təqdim edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin inkişafını siyasi,
sosial-iqtisadi münasibətlərin xarakterinə görə
qiymətləndirir.
3.1.1. Dövlətləri (Almaniya, İngiltərə, Fransa,
ABŞ, SSRİ, Rusiya, Türkiyə, Yaponiya, Çin,
Koreya, Hindistan, İran, Qafqaz, Mərkəzi Asiya,
Krım, Volqaboyu, Sibirin türk xalqları, ərəb
ölkələri) siyasi quruluşuna, aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərində
vəzifələrinə görə dəyərləndirir.
3.1.2. Qlobal problemlərin həllində dövlətlərin
rolunu şərh edir.
3.1.3. Mənbələr əsasında dövlətlərin tarixinə
dair təhlillər aparır, referat və tezislər
hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından
qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (Franklin Ruzvelt,
Vladimir İliç Lenin, İosif Vissarionoviç Stalin,
Mustafa Kamal Atatürk, Sun Yatsen, Şarl de Qoll,
Konrad Adenauer, Turqut Özal, Mao Tszedun,
Cəvahirləl Nehru, Heydər Əliyev) mənsub
olduqları ölkələrin daxili və beynəlxalq
həyatına təsiri baxımından qiymətləndirir.
4.1.2. Tarixi şəxsiyyətlər haqqında araşdırmalar
aparır, təqdimatlar edir.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Aqrar (ənənəvi), sənaye və informasiya
cəmiyyətlərinin mədəniyyətin inkişafına təsirini
izah edir.
5.1.2. Aqrar (ənənəvi), sənaye və informasiya
cəmiyyətlərinin mədəniyyətlərarası və
sivilizasiyalararası əlaqələrə təsirini
əsaslandırır.
5.1.3. Mədəniyyətlərarası və
sivilizasiyalararası əlaqələrə dair referat və
tezislər hazırlayır.
(Ardı var) |