Mayın 31-də Bakı Dövlət Universitetinin
nəzdindəki "Gənc istedadlar" liseyində "son
zəng" mərasimi keçirildi. Tədbirdə BDU-nun
rektoru, akademik Abel Məhərrəmov, məktəbin
müəllim-şagird kollektivləri və qonaqlar iştirak
edirdilər.
Tədbiri
giriş sözü ilə açan akademik Abel Məhərrəmov
məzunları təbrik edərək onlara gələcək
həyatlarında uğurlar arzuladı. Qeyd etdi ki,
lisey artıq ikinci ildir məzunlarını Azərbaycan
cəmiyyətinə yola salır. Keçən ilki məzunların
hamısının ali məktəblərə daxil olduğunu deyən
A.Məhərrəmov həmin göstəricinin bu il də təkrar
olunacağına ümid bəslədiyini bildirdi. Liseyin
məzunlarının böyük tarixə malik olan BDU-nun
adını və şərəfini hər yerdə ləyaqətlə
daşıyacaqlarına inandığını vurğuladı. Dövlət
tərəfindən təhsilə göstərilən qayğıdan söz açan
natiq möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi altında ölkədə aparılan islahatları
yüksək qiymətləndirərək məzunlara bu imkanlardan
maksimum dərəcədə faydalanmağı tövsiyə etdi.
Sonra söz liseyin direktoru, kimya elmləri
doktoru, professor Qasım Hüseynova verildi. O,
qonaqları salamlayıb, gənclərə qarşıdan gələn
imtahanlarda müvəffəqiyyətlər arzuladı.
Q.Hüseynov liseyin fəaliyyət göstərdiyi müddətdə
bir çox nailiyyətlər əldə etdiyini və bu
uğurların gələcəkdə də davam edəcəyini bildirdi.
Qeyd edildi ki, ötən ilki məzunlardan Rəcəb
Rəcəbov qəbul imtahanlarında yüksək bal
topladığı üçün Prezident təqaüdünə layiq
görülüb. Bu uğurların bu il də təkrar olacağına
inandığını söyləyən Q.Hüseynov liseyin müəllim
heyətinə minnətdarlığını bildirdi.
Tədbirə Dövlət bayrağı və BDU-nun bayrağı
gətirildikdən sonra Dövlət himnimiz səsləndi.
Şagirdlərin hazırladıqları bədii hissədən sonra
"son zəng" səsləndi.
Niyazi RƏHİMOV |