Mayın 29-da Rəşid Behbudov adına Mahnı
Teatrında Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsi ilə 46 nömrəli orta məktəbin 28 May
Respublika Gününə həsr olunmuş birgə "Mənim
Azərbaycanım" adlı bayram mərasimi keçirildi.
Tədbir Dövlət himninin ifası ilə başlandı. Sonra
46 nömrəli məktəbin bir qrup istedadlı şagirdi
böyük şairimiz Səməd Vurğunun "Azərbaycan"
şeirini ifa etdi.
Görkəmli müğənni Rəşid Behbudovun əsrarəngiz
səsi salona yayıldı. Unudulmaz sənətkarımızın
ifasında "Azərbaycan" mahnısı səslənirdi.
Səhnəyə çıxan məktəbli aparıcılar 92 il öncə
yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti,
onun fəaliyyət göstərdiyi qısa dövr ərzində
həyata keçirdiyi tədbirlər haqqında danışdılar.
Müstəqilliyimizin yenidən bərpa olunmasında,
demokratik Azərbaycan dövlətinin inkişafında və
dünyada tanınmasında, dövlətçiliyimizin
möhkəmləndirilməsində ümummilli liderimiz Heydər
Əliyevin böyük xidmətləri qeyd olundu. Onun
müdrik siyasətinin bu gün ölkəmizin Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyi vurğulandı.
Sonra yenidən meydan 46 nömrəli məktəbin
şagirdlərinə verildi. Onlar vətənə, torpağa,
müstəqilliyimizə həsr olunmuş şeirlər
söylədilər, mahnılar oxudular. "Azərbaycan
inciləri" ansamblının çıxışı, balaca
istedadların söylədikləri görkəmli
şairlərimiz Məmməd Arazın, Qabilin
"Azərbaycan", "Azərbaycan əsgəri" şeirləri
iştirakçılar tərəfindən alqışlarla
qarşılandı.
Bayram tədbirində iştirak edən Bakı Şəhəri üzrə
Təhsil İdarəsi müdirinin müavini Məhəmməd
Bayramov, 46 nömrəli məktəbin direktoru Sevinc
Budaqova uşaqların çıxışlarını yüksək
qiymətləndirib, tədbirin təşkilatçılarına
minnətdarlıqlarını bildirdilər.
Bayram tədbirinin yüksək səviyyədə
hazırlanması və keçirilməsində Bakı Şəhəri
Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri
Nəcəf Nəcəfovun, 46 nömrəli məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini
Gülüstan Ağazadənin, dil-ədəbiyyat müəllimi
İradə Ağayevanın, Mədəniyyət və Turizm
Nazirliyinin əməkdaşı Zemfira Bağırovanın
zəhmətləri xüsusi qeyd olundu.
Yusif ƏLİYEV |