Daşqın və sel sularının yaratdığı təbii
fəlakətdən zərər çəkmiş ərazilərdəki məktəblərin
şagirdləri builki buraxılış imtahanlarından azad
olundular.
İyunun
2-də təhsil naziri Misir Mərdanovun iştirakı ilə
Şirvan şəhərində müşavirə keçirilib. Müşavirədə
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan
Camalov, Təhsil Nazirliyinin müvafiq şöbələrinin
rəhbərləri, Sabirabad, Neftçala, Salyan, Saatlı,
Hacıqabul, Zərdab, İmişli rayonları və Şirvan
şəhəri təhsil şöbələrinin müdirləri iştirak
ediblər.
Müşavirədə adları qeyd olunan rayonların
ümumtəhsil məktəblərində keçiriləcək buraxılış
imtahanlarına hazırlıqla bağlı məsələlər
müzakirə olunub. Təhsil naziri Misir Mərdanov
müşavirənin dövlət başçısının tapşırıq və
tövsiyələrinə uyğun olaraq Kür çayı ətrafındakı
rayonlarda təhsilin vəziyyətinin araşdırılıb
təhlil olunması məqsədilə keçirildiyini
bildirib.
Sonra yaranmış vəziyyətlə bağlı ayrı-ayrı rayon
təhsil şöbə müdirlərinin məlumatları, habelə
buraxılış imtahanlarının keçirilməsi barədə
təklifləri dinlənilib.
Müşavirədə belə bir yekdil rəyə gəlinib ki,
təbii fəlakət nəticəsində əhali tərəfindən tərk
edilmiş yaşayış məntəqələrindəki ümumtəhsil
məktəblərinin şagirdləri psixoloji sarsıntıya
məruz qaldıqlarına, imtahanlara hazırlaşmaq
imkanından məhrum olduqlarına görə buraxılış
imtahanlarından azad edilsinlər və onlara
müvafiq təhsil sənədi illik qiymətlər əsasında
verilsin. Həmin bölgələrin digər məktəblərində
isə imtahanların Təhsil Nazirliyinin xətti ilə
mərkəzləşdirilmiş qaydada aparılacağı diqqətə
çatdırılıb.
İyunun 3-də isə təhsil naziri Misir Mərdanov
qeyd olunan məsələ ilə bağlı "Buraxılış
imtahanlarından azadolunma barədə" əmr
imzalayıb.
|