Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 İyun 2010 - ¹21

 

Müdrikliklə  əməksevərlik  qovuşanda

Bookmark and Share

Qasım Zülfəli oğlu Hüseynov 25 may 1940-cı ildə Naxçıvan MR-in Şahbuz rayonunda anadan olub. Bölgənin Kükü kənd məktəbində orta təhsil alıb. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

...Hazırda BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının professoru, ali məktəbin nəzdində olan "Gənc istedadlar" liseyinin direktoru vəzifələrində çalışır. 

Elm yollarında 

Günləri ömrün salnamə sətirlərinə çevirib yaşadıqca taleyin qismətimiz olacaq məqamlarına yaxınlaşırıq. Bu yollar heç də rahat və uğurlu olmur. Həyat mövqeyi insandan məqsədyönlü fəaliyyət, bilik və bacarıq, əmək və istedad tələb edir. Üstəlik inam və ümidlə yaşamalısan.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Qasım Zülfəli oğlu Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutuna göndəriləndə artıq məqsədini müəyyənləşdirmişdi. İstirahət günlərində belə kimyəvi elementlərin qarışıq qoxusu əbədi olan laboratoriyalarda çalışdı. 1968-ci ildə "2,5 dialkil - və 2,5 dihalogen tiofenollar və onların S - əvəzli törəmələrinin sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Akademik Əli Quliyevin rəhbərliyi altında Aşqarlar Kimyası İnstitutunda kükürd, azot və oksigen atomu olan yeni üzvi maddələrin alınma üsulları tapıldı, həmin maddələr aşqar, inhibitor və analitik reagent kimi araşdırıldı. O, üzvi kimyanın çox az tədqiq olunmuş tiofenollar və merkartokarbon turşularının reaksiya qabiliyyətləri və kimyəvi xassələrini öyrəndi, kükürdlü birləşmələrin sintezinin yeni prinsiplərini işləyib hazırladı.

Bəzi kükürdlü üzvi maddələrin (sulfid, disulfid və aminosulfidlərin), fenolların tərkibində kükürd atomu olan törəmələrinin, eləcə də heterotsiklik birləşmələrin sintezinin sadə, effektli üsullarını ilk dəfə təklif edən Q.Hüseynov olub. O, həmçinin bir sıra üzvi maddələrin elektronodonor xassələrini, dipol momentlərini və istiliyə davamlılığını, bu maddələrin quruluşları ilə aşqar kimi effektləri arasındakı asılılığı öyrənib əvvəllər məlum olmayan qanunauyğunluğu müəyyən etdi. Aşkara  çıxardı ki, sulfidlərdə kükürd atomuna görə ß-vəziyyətdə mürəkkəb efir qrupunun olması maddənin antikorroziya xassəsini kəskin surətdə yaxşılaşdırır.

Qasım Hüseynovun elmi-tədqiqat işləri sürtkü yağlarının, yanacaqların keyfiyyətini yaxşılaşdıran aşqarların, metalları korroziyadan qoruyan inhibitorların və analitik reagentlərin sintezinə və tədqiqinə həsr olunub. Kimyaçı alim dizel mühərriklərinin işlənmiş qazlarının tüstülüyünü azaldan, keçmiş SSRİ-də ilk dəfə alınan və tətbiqinə dair 1977-ci ildə SSRİ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən qərar verilən İXP-706 aşqarının müəlliflərindəndir. Dizel mühərriklərinin işlənmiş qazlarının tüstülüyünü azaldan və sürtkü yağlarının korroziyaya qarşı davamlılığını xeyli artıran səmərəli aşqarların sintezi üçün elmi prinsiplər müəyyənləşdirən alim yeni perspektiv istiqaməti göstərmiş, aşqarların quruluşu ilə onların effektliliyi arasındakı asılılığı göstərən ümumi qanunauyğunluqları müəyyənləşdirib.Onun "Kobaltın fotometrik üsulla təyini" ixtirası hələ Sovet dövründən - 1986-cı ildən Xarkovdakı zavodda tətbiq olunur.

Q.Hüseynov 1991-cı ildə "Tiollar və fenolların funksional törəmələri sürtkü yağlarına və yanacaqlara aşqar kimi" (neft kimyası üzrə) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Qasım Zülfəli oğlunun elmi-tədqiqat işlərinin nəticələri 175-dən çox elmi əsərdə, o cümlədən 16 müəlliflik şəhadətnaməsində öz əksini tapıb.

O, dəfələrlə beynəlxalq simpoziumlarda Azərbaycan kimya elmini ləyaqətlə təmsil edib. Professor Qasım Hüseynov elmi kadrların hazırlanması sahəsində də bilik və əməyini əsirgəməyib. Onun rəhbərliyi altında 10 nəfər magistr, yaxından iştirakı ilə  7 nəfər namizədlik dissertasiyası müdafiə edib. Professor Q.Hüseynov respublika və xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr olunmuş məqalələrin müəllifidir.

O, Azərbaycan MEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində Dissertasiya Şurasının üzvüdür. 

Ali məktəb müəllimi, rektor 

1977-ci ildə müsabiqə yolu ilə pedaqoji sahəyə keçən Qasım Zülfəli oğlu Naxçıvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent, kafedra müdiri kimi bilik və bacarığını əsirgəməyib. Ali məktəb həyatında bir müəllim-alim kimi təcrübə toplayıb. Və 1989-cu ildə o, Naxçıvan Dövlət Pedaqoji İnstitutunun rektoru təyin edilib. Üzvi kimya fənnini tədris etməklə yanaşı, kimya kafedrasının elmi istiqamətlərindən birinə rəhbərlik edib.

Həmin dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində NDU-da xeyli uğurlar qazanıldı, yeni ixtisaslar açıldı, kafedralar fəaliyyətə başladı.

***

1996-cı ilin oktyabr ayından Qasım müəllim Bakı Dövlət Universitetinin Neft kimyası və kimya texnologiyası kafedrasının professoru vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir. Onun elmi nəticələrindən (üzvi maddələrin dipol momentləri,  elektronodonor xassələri, hidrogen rabitəsi əmələ gətirmək qabiliyyətləri, sürtkü yağlarının və yanacaqların xassələri və s.) ali məktəblərdə tədris prosesində əlavə mənbə kimi istifadə olunur. 

Çoxillik təcrübədən doğan təkliflər 

Professor Qasım Hüseynov ali məktəbdə - BDU-da çalışmaqla yanaşı, bir müddət kimya-biologiya təmayüllü respublika liseyində dərs deyib. Yetirmələri ali məktəblərə qəbul imtahanlarından uğurla çıxıblar. Bu illərdə o, öz yetirmələrinə ekologiya, ətraf mühit və ekologiyanın kimyəvi problemləri mövzularında məruzələr edib; şagirdlərini ali məktəb laboratoriyalarına, Təkamül muzeyinə ekskursiyaya gətirib.

Təbiətən humanist və sadə olan Qasım Hüseynov vətəndaş alim kimi ali və orta məktəblərdə tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflərini hələ on il əvvəl qələmə alıb:

·          Savadlı, öz işinə bağlı müəllimlərin əməyi yüksək qiymətləndirilməlidir; müəllimlərin sosial vəziyyəti yaxşılaşdırılmalı, onlara imtiyazlar verilməlidir.

·          Ali və orta məktəblərin maddi-texniki bazası müasir avadanlıqlarla, cihazlarla və s. möhkəmləndirilməlidir.

·          Hazırkı tələblərə cavab verən dərsliklərin hazırlanmasına xüsusi diqqət və qayğı göstərilməlidir.

·          Tələbə və şagirdlərin biliyinin "5 bal"  sistemi ilə qiymətləndirilməsi ədalətli sayıla bilməz. Ona görə də çoxballı sistemə keçilməsi məqsədəuyğundur.

·          Ali məktəblərdə qüvvədə olan ümumi bərabərçilik prinsipi (eyni vəzifədə çalışan müəllimlərin əməyinin eyni səviyyədə qiymətləndirilməsi)  özünü doğrultmur.

·          Mövcud şərait gənclərin təlim-tərbiyəsinə xüsusi diqqət yetirilməsini tələb edir. Bu işlə təkcə müəllim və valideynlər deyil, bütün ictimaiyyət məşğul olmalıdır.

·          Orta məktəblərdə ayrı-ayrı fənlərin, xüsusən təbiət elmlərinin və riyaziyyatın, həmçinin xarici dillərin tədrisinin yaxşılaşdırılmasına diqqət artırılmalıdır.

·          Müəllimlər öz fəaliyyətlərində gənclərimizin tarixi yaddaşını formalaşdırmaq, onlarda milli mənlik şüurunu inkişaf etdirmək, vətənpərvərlik hissi aşılamaq kimi məsələlərə xüsusi yer ayırmalıdırlar.

·          Kimya fənninin tədrisi prosesində müəllimlər:

a) gənclərdə vətənpərvərlik hissi aşılamaq məqsədilə, keçilən mövzuya uyğun olaraq, Azərbaycan kimyaçılarının elmi nailiyyətləri barədə qısa məlumat verməlidirlər;

b) keçilən mövzuya uyğun olaraq, ekologiyanın kimyəvi problemləri, respublikamızdakı ekoloji vəziyyət barədə məlumat verməlidirlər;

c) çalışmalıdırlar ki, gənclər yaradıcı fikirləşə bilsinlər, məsələnin mahiyyətini başa düşsünlər, Niyə, Nə üçün - suallarına cavab verə bilsinlər. 

Yenidən təhsil müəssisəsinə rəhbərlik: lisey direktorunun fəaliyyəti 

2007-ci ilin 8 iyununda Azərbaycan Təhsil Nazirliyinin 708 nömrəli əmri ilə Bakı Dövlət Universitetinin nəzdində "Gənc istedadlar" liseyi yaradıldı.

Ölkənin ilk universitetinin nəzdində yaradılan bu tədris ocağı dövlət başçısı İlham Əliyevin "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" haqqında Sərəncamı (17.04.2006) ilə yaradılmışdı və məqsəd dərin biliyi və geniş dünyagörüşü olan milli ruhlu gənclər yetişdirməkdi. BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov Qasım Hüseynovun direktor təyin olunmasını məsləhət bildi. Kollektiv işə əzmlə başladı.

Tədris Azərbaycan və rus dillərində aparılan liseyin rəhbərliyi və pedaqoji kollektivinin səmərəli fəaliyyətinin nəticələrindən biri: 2009-2010-cu tədris ilində V sinif üçün nəzərdə tutulan 48 yerə qarşı 734 ərizə verildi...

"Gənc istedadlar" liseyinin pedaqoji kollektivinin keyfiyyət tərkibi bu tip təhsil ocaqları üçün qibtə doğuracaq bir vəziyyətdədir: bir nəfər elmlər doktoru, iyirmi nəfər elmlər namizədi, eləcə də ali kateqoriyalı müəllimlər, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aparıcı ekspertləri, müxtəlif dövrlərdə Bakı üzrə müsabiqələrdə "İlin ən yaxşı müəllimi" nominasiyalarının qalibləri olanlar milli təhsilin uğurlarını dərinləşdirmək naminə əlbir fəaliyyət göstərirlər.

Dünya təcrübəsindən bəllidir ki, cəmiyyətin inkişafı təhsillə bağlıdır. İstənilən bir ölkədə xalqın yolu keçən təhsil sisteminin səviyyəsi cəmiyyətin inkişafına əsaslı təsir göstərir. Məhz buna görədir ki, dünya miqyaslı təhsillə bağlı qurumlar hər hansı bir ölkədə toplanmış qabaqcıl məktəb və müəllim təcrübəsinin öyrənilməsi, ümumiləşdirilib yayılmasına böyük önəm verirlər. Bu baxımdan cəmi 3 illik salnaməsi olan liseyin rəhbərliyi və pedaqoji kollektivinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin 90 illiyinə həsr olunmuş respublika konfransı keçirilməsi təklifi BDU-nun rektorluğu tərəfindən təqdir olundu. BDU-nun rektoru, akademik Abel Məhərrəmovun sədrliyi ilə tanınmış alim və müəllimlərdən ibarət təşkilat komitəsi yaradıldı.

Ümumi orta təhsil əslində ali və orta ixtisas təhsilinin, diplomdansonrakı təhsilin əsasıdır. Ümumi təhsil hazırlığı fasiləsiz təhsilin inkişafında mühüm faktorlardandır. Odur ki, liseyin təşəbbüsü ilə təşkil olunan birinci respublika konfransı "Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda keçirildi. Humanitar, təbiət, riyaziyyat və informatika elmləri bölmələri üzrə təcrübədən bəhs edən çoxlu sayda məruzələr dinlənildi.  

İnsan əməyinin dəyəri: təltiflər, fəxri adlar 

Bəşəriyyətin inkişafına xidmət edən insan əməyi heç vaxt unudulmur. Dünya miqyasında verilən mükafatlardan başlamış hər bir ölkə daxilində mövcud olan dəyərləndirmə, mükafatlandırma formaları özlüyündə insan - alim, müəllim, həkim, yazıçı, jurnalist, mühəndis... əməyinə verilən qiymətdir. Azərbaycan kimya elminin inkişafında, milli təhsilimizin ali təhsil və ümumi orta təhsil pillələri üzrə uğurlarında rektor, lisey direktoru kimi əqli əməyi, təşkilatçılıq fəaliyyəti olan Qasım Hüseynov "Şərəf Nişanı" ordeni (1986), D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Fəxri fərmanı, "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı (2009) ilə təltif olunub, qiymətləndirilib.

***

Hər gün Əhməd Cəmil küçəsi,41a  ünvanında yerləşən "Gənc istedadlar" liseyinə onlarca beşinci sinfə keçmiş məktəblilər gəlirlər. Onlar burada - artıq öz uğurları ilə tanınmış liseydə təhsil almaq istəyirlər. Bu istəyin reallaşması müsabiqə yolu ilə mümkündür. Xalqın gələcəyi olacaq gəncliyin  bilikli və geniş dünyagörüşlü yetişməsi üçün pedaqoji kollektiv, liseyin direktoru, kimya elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi Qasım Hüseynov seçim prosesinə də diqqət və qayğı ilə, dərin məsuliyyət hissi ilə yanaşırlar. Axı uğurlara aparan yollar inam və etibardan keçir... 

Mirzə ALLAHVERDİYEV,
kimya elmləri doktoru, professor, 

Şamxəlil MƏMMƏDOV,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

4 İyun 2010 - ¹21

Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2008-ci il iyunun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il aprelin 7-də Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il martın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Buraxılış imtahanlarından azadolunma barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ölkə məktəblərində "son zəng" çalındı
 
Hamını kövrəldən an
 
Bakıdakı 20 nömrəli məktəbdə möhtəşəm məzun günü keçirildi
 
Liseyin builki məzunları ötənilki uğuru təkrar etmək fikrindədirlər
 
Şirvan şəhərində müşavirə
 
Təhsil Nazirliyində buraxılış imtahanları ilə bağlı iclas keçirilib
 
Uşaqların müdafiəsi daim diqqət mərkəzindədir
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müdrikliklə  əməksevərlik  qovuşanda
 
Buraxılış imtahanlarına start verildi
 
Bəxtiyar Vahabzadənin 85 illik yubileyi qeyd olundu
 
Uşaqlar üçün bayram tədbiri
 
"Təhsilin əsasları" fənni müəllim hazırlığına verilən müasir tələblər baxımından
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün ümumi tarix fənni kurikulumu (VI-XI siniflər)
 
Mahnı teatrında musiqili kompozisiya
 
Səhnəciklər bayram əhvalını yüksəltdi
 
O, yaşıdları arasında ən güclü şahmatçı kimi tanınır
 
Fəridin uğurları
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Sidney Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov