Ali və orta ixtisas təhsili müəssisələrində
2009-2010-cu tədris ilinin yay imtahan
sessiyasında tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı və obyektivliyi
təmin etmək, yarana biləcək neqativ halları
aradan qaldırmaq və digər müvafiq tədbirləri
həyata keçirmək məqsədilə
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyində "Qaynar xətt"in
fəaliyyət göstərdiyi nəzərə alınsın (Tel.:
496-34-82, faks: 496-37-61, e-mail:
qaynarxett@edu.gov.az).
2. Ali və orta ixtisas təhsili müəssisələrinin
rəhbərlərinə tapşırılsın:
- 2009-2010-cu tədris ilinin yay imtahan
sessiyasının mövcud normativ sənədlər əsasında
təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində
imtahan qərargahı yaratsınlar;
- qərargaha daxil olan hər bir şikayət barədə
nazirliyin "Qaynar xətt"inə dərhal məlumat
verilməsini təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı və ictimai
nəzarətin gücləndirilməsini təmin etsinlər;
- imtahanların gedişində nöqsanlara, neqativ
hallara yol vermiş şəxslərə qarşı mövcud
qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil
müəssisəsində baş verə biləcək hər bir neqativ
hala görə məsuliyyət daşıyırlar;
- yay imtahan sessiyasının təşkili, keçirilməsi
və nəticələri barədə sessiya bitdikdən sonra 10
gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat
versinlər.
3. Təhsil Nazirliyinin Aparatının rəhbərinə
(İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili
şöbəsinə (İ.Mustafayev) tapşırılsın:
- ali və orta ixtisas təhsili müəssisələrində
yay imtahan sessiyasının monitorinqini təşkil
etsinlər;
- yay imtahan sessiyasının monitorinqinə
nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi
qrupuna daxil olan QHT-lər və ictimaiyyət
nümayəndələrini cəlb etsinlər;
- yay imtahan sessiyasına hazırlıq dövründə və
sessiya müddətində təhsil müəssisələrində baş
vermiş neqativ hallarla bağlı daxil olan
məlumatları operativ araşdırsınlar və onların
yol verilməsində günahı olan şəxslər barədə
tədbir görmək üçün təkliflər hazırlasınlar;
- sessiyanın nəticələrini təhlil edib müvafiq
hesabatı müzakirəyə təqdim etsinlər.
4. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) imtahan sessiyasının gedişi
barədə KİV-ə müntəzəm olaraq məlumat verilməsini
təmin etsin.
5. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc
edilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
21 may 2010-cu il |