Son vaxtlar respublikamızda baş vermiş təbii
fəlakətlərin nəticələrinin aradan qaldırılması
ilə bağlı keçirilmiş müşavirələrdə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən müəyyən olunmuş tapşırıqlar həmin
istiqamətdə həyata keçirilən tədbirləri xeyli
sürətləndirmiş, əhali arasında mənəvi-psixoloji
durumun stabilliyinə müstəsna dərəcədə
əhəmiyyətli təsir göstərmişdir.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə
uyğun olaraq, Təhsil Nazirliyi Kür çayı
ətrafındakı rayonlarda təhsilin vəziyyətini
araşdırıb təhlil etmiş, yerli təhsil orqanları
və ümumtəhsil məktəblərinin rəhbərləri, habelə
müəllim və valideynlərlə müvafiq müzakirələr
aparmışdır.
2010-cu il iyunun 2-də Təhsil Nazirliyinin
rəhbərliyinin, Şirvan şəhər, Sabirabad, Saatlı,
Hacıqabul, İmişli, Neftçala, Salyan və Zərdab
rayon təhsil şöbələrinin müdirlərinin iştirakı
ilə Şirvan şəhərində geniş müşavirə
keçirilmişdir. Müşavirədə təhsil şöbə
müdirlərinin yaranmış vəziyyətlə bağlı
hesabatları, o cümlədən buraxılış imtahanlarının
keçirilməsi barədə onların təklifləri
dinlənilmişdir. Yekun olaraq belə bir yekdil
rəyə gəlinmişdir ki, təbii fəlakət nəticəsində
əhali tərəfindən tərk edilmiş yaşayış
məntəqələrindəki ümumtəhsil məktəblərinin
şagirdləri psixoloji sarsıntıya məruz
qaldıqlarına, imtahanlara hazırlaşmaq imkanından
məhrum olduqlarına görə buraxılış
imtahanlarından azad edilsinlər və onlara müsbət
illik qiymətlər əsasında müvafiq təhsil sənədi
verilsin.
Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Aşağıdakı rayonların qeyd olunan
məktəblərinin IX və XI sinif şagirdləri
buraxılış imtahanlarından azad edilsinlər:
1.1. Hacıqabul rayonu Xilə kənd əsas məktəbi,
Abdulabad, Ağacanlı, Meynəman, Talış, Kolanı
kənd orta məktəbləri.
1.2. Saatlı rayonu Dəllər və Novruzlu kənd əsas
məktəbləri, Nərimankənd kənd orta məktəbi.
1.3. Saatlı rayonu Nərimankənd kəndində yerləşən
Cəbrayıl rayonu 2 nömrəli orta məktəb.
1.4. Sabirabad rayonu Əsgərbəyli kənd əsas
məktəbi, Qaragünə kənd 2 nömrəli,
Balahəşimxanlı, Ələmbəyli, Mürsəlli, Qasımbəyli,
Ulacalı, Yuxarı Axtaçı kənd orta məktəbləri.
1.5. İmişli rayonu Allahmədətli kənd əsas
məktəbi, Ağamallar, Əlyetməzli, Məmmədli,
Telişli kənd orta məktəbləri.
2. Bu əmrin birinci bəndində göstərilən
məktəblərin buraxılış sinif şagirdlərinə müsbət
illik qiymətlər əsasında müvafiq təhsil sənədi
verilsin.
3. Əmrin icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
3 iyun 2010-cu il |