Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 İyun 2010 - ¹21

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə Azərbaycanda məktəb tikintisi, onların təmiri, avadanlıqlarla təchiz edilməsi, istiliklə təminatı məsələləri ilə əlaqədar məlumatları diqqətinizə təqdim etmək istəyirəm.

Məktəb tikintisi. Azərbaycanda ilk dünyəvi məktəblər üçün binalar görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü, vəsaiti hesabına inşa edilmişdir. 1885-1887-ci illərdə Bakıda Mariya qız gimnaziyasının (indiki Azərbaycan İncəsənət Muzeyi), 1898-1901-ci illərdə Bakıda Müsəlman qız məktəbinin (H.Z.Tağıyevin qız məktəbi - indiki AMEA Əlyazmalar İnstitutu) inşa edilmişdir.

Azərbaycanda sovet hakimiyyətinin ilk illərində ən çətin problemlərdən biri məktəb tikintisi, yeni açılan təhsil müəssisələrinin müvafiq bina ilə təmin edilməsi idi. 20-ci illərin əvvəllərində məktəb tikintisi respublikanın iqtisadi potensialının və maliyyə imkanlarının məhdudluğu səbəbindən, demək olar ki, aparılmırdı. Yeni açılan məktəblər başlıca olaraq sovet hakimiyyəti orqanlarının "milliləşdirmə" adı ilə imkanlı, varlı adamların əlindən alınmış tikililərdə (əsasən, şəxsi mülklərdə) və ya uyğunlaşdırılmış köhnə binalarda yerləşdirilirdi. Lakin respublikanın ağır maliyyə çətinliklərinə baxmayaraq, xalq maarifi işçilərinin təşəbbüsü və yerli əhalinin köməyi ilə şəhər və qəzalarda (rayonlarda) əsasən, ibtidai məktəblər üçün yeni məktəb binaları tikilir, yaxud tədrisə yararlı köhnə binalar təmir etdirilirdi. Bunun nəticəsi idi ki, artıq 1923-cü ildə Zaqatala qəzasında on, Ağdaş qəzasında dörd, 1924-cü ildə Gəncə qəzasında iki, Qazax qəzasında beş yeni ibtidai məktəb binası tikilib istifadəyə verilmişdi. Təkcə 1924-25-ci tədris ilində Azərbaycanda 34 yeni məktəb fəaliyyətə başlamış və 13-nün tikintisi başa çatdırılmışdı. Azərbaycanda məktəb tikintisi sahəsində işlər 1928-ci ilə kimi müxtəlif mənbələr əsasında aparılmış, həmin ildən hökumətin qəbul etdiyi beşillik planlar əsasında dövlət vəsaiti hesabına həyata keçirilməyə başlanmışdı. Mənbələr göstərir ki, 1920-24-cü illərdə 41 yeni məktəb binası tikilmişdi. Həmin məktəblərin 40-ı respublikanın müxtəlif şəhər və qəzalarında, 1-i isə Bakı şəhərində tikilmişdi. Məktəb tikintisi üzrə göstərici 1924-28-ci illərdə əvvəlki dörd illə müqayisədə 3 dəfədən çox artaraq 144-ə yüksəlmişdi.

Azərbaycan SSR hökuməti tərəfindən ilk beşillik (1928-1932) planda respublikada 918 məktəb binasının tikintisi nəzərdə tutulsa da, 1928-32-ci illərdə 244 yeni məktəb binası tikilib istifadəyə verilmişdi. Ümumiyyətlə, 1928-29-cu dərs ilindən başlayaraq Azərbaycanın maarif sistemində məktəb tikintisi bütövlükdə respublikada mədəni quruculuğun əsas probleminə çevrilmişdi. Ümumi icbari ibtidai təhsilə keçidi təmin etmək məqsədilə hökumət 1931-32 və 1932-33-cü dərs  illərində  600-dən  çox  yeni  məktəb  binasının  inşasını,  500-dək  binanı məktəb üçün icarəyə götürməyi planlaşdırmışdı.

30-cu illərdən başlayaraq dövlət planına əsasən yeni məktəb binaları təkcə ibtidai məktəblər üçün deyil, həm də natamam orta və orta məktəblər üçün də tikilməyə başlandı. Azərbaycan SSR-də ikinci (1933-1937) beşillikdə 108090 şagird yerlik 336 yeni məktəb binası, üçüncü beşilliyin ilk üç ili (1938-1940) ərzində isə 29530 şagird yerlik 103 yeni məktəb binası tikilib istifadəyə verilmişdi.

Aşağıdakı cədvəldə Azərbaycan SSR-də 1920-1940-cı illərdə məktəb tikintisi haqda statistik məlumat verilmişdir:

 

İllər

Yeni tikilən məktəblərin ümumi sayı O cümlədən: Bakıda
1920-1924 41 1
1924-1928 144 9
1928-1932 244 10
1932-1937 336 62
1938-1940 103 60 (digər şəhərlərlə birlikdə)
Cəmi: 868 142
 

1920-30-cu illərdə məktəb tikintisinin inkişaf dinamikasının təhlili göstərir ki, 20-ci illərin sonu və 30-cu illərdə Azərbaycanda məktəb tikintisinin intensiv artımı, hər şeydən əvvəl, respublikada əvvəlcə ümumi icbari ibtidai təhsilə keçidlə, sonralar isə ümumi icbari yeddiillik təhsilə keçilməsi yolunda aparılan maarifçilik siyasəti və məktəb quruculuğu ilə bağlı olmuşdur.

40-60-cı illərdə Azərbaycan SSR-də məktəb tikintisi respublikanın iqtisadi imkanları daxilində dövlət tərəfindən, eləcə də kənd yerlərində kolxoz və sovxozların vəsaiti hesabına aparılmışdı. 1941-45-ci illərdə məktəb tikintisi müharibənin doğurduğu çətinliklər səbəbindən demək olar ki, tamamilə dayandırılmışdı. Statistik məlumatlara görə, Azərbaycanda məktəb tikintisinə 1946-cı ildən başlanmış, 1946-70-ci illərdə respublikanın şəhər və kəndlərində dövlət və kolxozların vəsaiti hesabına 444 min şagird yerlik 520 ümumtəhsil məktəb binası tikilib istifadəyə verilmişdi.

1970-80-ci illərdə Heydər Əliyevin təhsilə diqqəti və qayğısı nəticəsində respublikada aparılan genişmiqyaslı məktəb tikintisi ümumtəhsil məktəblərində təhsil şəraitinin yaxşılaşdırılmasına gətirib çıxardı. 1970-ci ildə 28300 şagird yerlik 88, 1975-ci ildə 48200 şagird yerlik 100 müasir tipli məktəb binası inşa edilmişdi. Bütövlükdə, 70-80-cı illərdə 683,1 min şagird yerlik 1191 ümumtəhsil məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-70-ci illərdəki müvafiq göstəricidən (520 məktəb) iki dəfə çox idi. Nəticədə 70-ci illərin sonunda gündüz ümumtəhsil məktəblərində təhsil alanların sayı 1436096 nəfərə çatdı ki, bu da respublikada ümumi icbari orta təhsilə tam keçilməsinə imkan verdi. Bu illərdə şagird kontingenti də sürətlə artdı. Belə ki, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1970-ci ildəki 1436000 nəfərdən 1982-ci ilin əvvəllərində 1544000 nəfərədək yüksəldi.

1970-ci ildə Azərbaycanın ümumtəhsil məktəblərində şagirdlərin 40,2 faizi ikinci növbədə oxuyurdu. 1970-1980-ci illərdə respublikada aparılan genişmiqyaslı məktəb tikintisi ikinci növbədə oxuyanlar üzrə göstəricilərin yaxşılaşdırılmasına təkan verdi. Nəticədə şagirdlərin ikinci növbədə oxuma göstəricisi 1978-ci ildə 30,8 faizə, 1980-ci ildə 28,1 faizə, 1985-ci ildə 24,9 faizə çatdırıldı ki, bununla da şagirdlərin 75,1 faizinin birinci növbədə təhsil almaq imkanı təmin edildi.

Həmin illərdə məktəblərin tədris, texniki və elmi-metodiki vasitələrlə təminatı da əsaslı şəkildə yaxşılaşmışdı. Təkcə bir fakt kifayətdir ki, 1978-ci ildə fizika və kimya kabinetləri ilə təminat 92,2 faizə qədər yüksəlmiş, məktəb kitabxanaları ilə təminat 97,9 faizə qalxmışdı.

Müstəqilliyin ilk illərində məktəb tikintisi sahəsində böhranlı vəziyyət hökm sürürdü. 1990-cı ildən 111 təhsil obyektində işlər dayandırılmışdı. 1991-1992-ci illərdə demək olar ki, yeni məktəblər tikilməmişdi. 1993-cü ildə ölkədə 18464 şagird yerlik 37 məktəb binasının tikintisi nəzərdə tutulduğu halda, 13385 yerlik 31 məktəb binası tikilib istifadəyə verilmişdi. 1994-cü ildə isə 28 təhsil obyektində tikinti-quraşdırma işlərinin aparılması planlaşdırılmışdı.

1995-1998-ci illərdə də, demək olar ki, ölkədə məktəb tikintisi sahəsində əsaslı irəliləyişlər baş verməmişdi. 1998-ci ildən başlayaraq bu sahədə dönüş yaranmışdır.

1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında ümummilli lider Heydər Əliyevin məktəb tikintisinə, maddi-tədris bazasının möhkəmləndirilməsinə diqqətin artırılması barədə iş adamlarına çağırışından sonra bu sahəyə maraq artdı, həm dövlət təşkilatları, həm də beynəlxalq təşkilatların qrant və kreditləri, iş adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına yeni məktəb binaları tikildi.

ABŞ-ın humanitar təşkilatları, Yaponiya hökuməti, Səudiyyə İnkişaf Fondu, İslam İnkişaf Bankı, Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft Şirkəti, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və digər təşkilatların maliyyə vəsaitləri hesabına ölkənin müxtəlif regionlarında məktəb binaları inşa edildi.

1998-2002-ci illərdə ümumilikdə 23053 şagird yerlik 139 yeni məktəb binası inşa edilmişdir. Aşağıdakı cədvəldə həmin illərdə məktəb tikintisi barədə məlumat təqdim edilir. 

 

İllər

İnşa edilən məktəblərin sayı Şagird yerlərinin sayı
1998 10 2144
1999 12 2133
2000 30 4822
2001 30 4281
2002 57 9673
Cəmi: 139 23053
 

Bununla yanaşı, 2002-ci ildə Azərbaycanda ümumi təhsil sistemində ən ciddi problemlərdən biri məktəblərin maddi-texniki bazasının yararsız olması ilə bağlı idi. Təsadüfi deyildir ki, həmin dərs ilinin ilk günündə Bakı şəhəri Suraxanı rayonundakı 275 nömrəli məktəbdə olarkən ümummilli lider Heydər Əliyev öz çıxışında "Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm" demiş, bu problemin dövlət üçün prioritet məsələ olmasını vurğulamışdı. Həmin çıxışdan qısa müddət keçdikdən sonra ölkə Prezidenti "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 4 oktyabr 2002-ci il tarixli Sərəncam imzalamışdı. Qeyd edilməlidir ki, həmin Sərəncam milli təhsil sisteminin inkişafında mühüm amil olan ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə etibarlı zəmin yaratdı.

Sərəncamın icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumtəhsil məktəblərində maddi-texniki bazanın monitorinqi aparıldı və nəticələrə əsasən "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram (2003-2007-ci illər)" hazırlandı. Proqram Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli Sərəncamı ilə təsdiq edildi. Proqramda 5 ildə 44698 yerlik 149 yeni məktəbin, 175 məktəbdə 25560 yerlik 1328 sinif otağının inşası, 408 məktəbdə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdu.

Proqramın icrası ilə əlaqədar Təhsil Nazirliyi nəzdində Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsi yaradıldı və iş həcmi həddən çox artdığından, sonradan ştat tərkibi genişləndirildi. Bu idarə ölkədə məktəb tikintisi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsində mühüm rol oynadı və hazırda da öz fəaliyyətini uğurla davam etdirir.

Qeyd edilməlidir ki, Proqramda nəzərdə tutulan tikinti işləri həyata keçirildi və ölkənin bütün regionlarında məktəb infrastrukturunun müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görüldü. Lakin Proqramda nəzərdə tutulan təmir işləri maliyyə vəsaitinin ayrılmaması səbəbindən həyata keçirilmədi və yalnız sonrakı illərdə bu tədbirlər reallaşdırıldı.

2002-2005-ci illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi çalışmış Toşiyuki Fucivara "maarifçi səfir" kimi tanınmışdı. Bu, Fucivaranın digər sahələrlə müqayisədə təhsilə daha çox diqqət yetirməsi və qısa müddət ərzində təhsillə bağlı çoxsaylı layihələrin, xüsusilə də "Ot kökləri və insan təhlükəsizliyi" qrant layihəsi əsasında məktəb tikintisi və təmiri ilə bağlı layihələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin edə bilməsi ilə bağlı olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, həmin layihə çərçivəsində Azərbaycanın regionlarında ümumilikdə 50-dək məktəb tikilmiş və əsaslı təmir olunmuşdur. Hazırda da hər il Yaponiya hökumətinin qrantları hesabına Azərbaycanın regionlarında ən azı 3 məktəb əsaslı təmir və bərpa edilir.

Müstəqil Azərbaycanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almış, Prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək İnkişaf Proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülməkdədir. Bu tədbirlər içərisində təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi də prioritetlər sırasındadır.

Bu istiqamətdə məktəb tikintisini əhatə edən digər proqramlar da təsdiq olundu. Belə ki, "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə Proqram (2006-2008-ci illər)", ayrı-ayrı regionların inkişaf proqramlarına əsasən ölkədə ümumtəhsil məktəblərinin infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi mümkün olmuşdur.

Həmin dövrdə Bakı şəhərində məktəblərin 34 faizi məktəb üçün nəzərdə tutulmayan, müasir tələblərə cavab verməyən, sanitar-gigiyenik normaları ödəməyən uyğunlaşdırılmış binalarda yerləşmişdi. Paytaxtın ümumtəhsil məktəblərinin böyük əksəriyyətində şagird sıxlığı müəyyənləşdirilmiş normadan dəfələrlə artıq idi. Şagird sıxlığının yüksək olması məktəblərdə dərs məşğələlərinin üç, hətta dörd növbədə təşkil edilməsi ilə nəticələnirdi. Son illərdə müxtəlif səbəblərdən baş vermiş miqrasiya prosesləri nəticəsində Bakı şəhərində bir növbədə fəaliyyət göstərən məktəblər 41,0 faizdən 13,0 faizə enmişdi. Həmin dövrdə üç növbədə işləyən məktəblərin sayı da xeyli artmışdı, ikinci, üçüncü və dördüncü növbədə təhsil alan şagirdlər ümumi kontingentin 40 faizini təşkil edirdi. Bakı şəhərində şagird kontingenti 115 min nəfərədək artdığı halda, cəmi 4132 yerlik 7 yeni məktəb binası inşa olunmuşdu ki, bu da mövcud tələbatın yalnız 10 faizini təşkil edirdi.

Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində məktəb tikintisi sahəsində ciddi problemlər aradan qaldırılmış, ümumilikdə 65 min şagird yerlik 140 yeni məktəb binası və mövcud məktəblər üçün əlavə korpuslar tikilib istifadəyə verilmişdir. Bununla da paytaxtda şagird sıxlığı və növbəlilik sahəsində çətinliklər aradan qaldırılmış, birinci növbədə təhsil alan şagird kontingentinin faizi 34-dən 75 faizə yüksəlmişdir.

Məcburi köçkün uşaqlar üçün əlverişli təlim şəraitinin yaradılması məqsədilə 2001-2007-ci illərdə Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkün ailələrindən olan şagirdlər üçün 113 orta məktəb tikilib istifadəyə verilmiş, 470 mövcud məktəb üçün əlavə sinif otaqları inşa edilmişdir.

Son illərdə Azərbaycanda ümumilikdə bir növbədə 550 min şagird yerlik 2000-dək yeni məktəb binasının tikilməsi və əsaslı təmiri çağdaş təhsil tariximizin ən parlaq səhifələrindən biridir.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuş, Fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

Xüsusi qeyd etmək istəyirəm ki, 2005-ci ildə ölkədə inşa edilmiş 49732 şagird yerlik 328 yeni məktəbdən 22060 şagird yerlik 132 məktəb, yəni məktəblərin 40 faizi bilavasitə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı öz coğrafiyasına görə bütün ölkəni əhatə etmişdir. Ən əhəmiyyətlisi odur ki, on illərlə təmir edilməmiş, tam yararsız və qəza vəziyyətində olan, təlim-tərbiyə üçün heç bir şəraiti olmayan məktəblərin yerində müasir standartlara uyğun yeni binalar inşa edilmiş, keyfiyyətli avadanlıqlarla təmin olunmuş və şagirdlərin istifadəsinə verilmişdir.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində ölkə üzrə 1 050 000 şagirdin (bütün şagirdlərin 75 faizi) təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində son 10 ildə ikinövbəli məktəblərin faizi 73,3-dən 44,5-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 21-ə endirilmişdir.

Aşağıdakı diaqramda 2003-2009-cu illərdə məktəb tikintisi barədə məlumat verilmişdir.  

  

Təhsilə investisiya qoyuluşları 2004-cü ildəki 5,8 milyon manatdan 38 dəfə artaraq 2008-ci ildə 220 milyon manata yüksəlmişdir. Bunu aşağıdakı diaqramdan görmək olar.  

  

Bütün bunlarla yanaşı, ölkədə hələ də qəza vəziyyətində olan və yararsız binalarda yerləşən məktəblərin olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin "Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında" 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə 14 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi - texniki bazasının möhkəmləndirilməsi haqqında" 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə 25 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli Sərəncamı ilə 13 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılmışdır.

Eyni zamanda ölkə Prezidenti 2003-2009-cu illərdə təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş məktəblərdə olmuş, hər dərs ilinin ilk günündə müəllimlərlə, şagirdlərlə, valideynlərlə görüşmüşdür ki, bütün bunlar ölkə başçısının təhsilə diqqət və qayğısının bariz nümunəsidir.

Məktəblərin əsaslı təmiri. Məlumdur ki, uzun illər məktəblərin əsaslı təmiri yerli büdcə vəsaiti hesabına yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi. Hər il bu məqsədlə dövlət büdcəsindən müəyyən qədər maliyyə vəsaiti ayrılmış, lakin həmin vəsaitdən səmərəli istifadə edilmədiyindən məktəblərin əsaslı təmiri sahəsində hissolunacaq irəliləyişlər olmamış, nəticədə məktəblərin binaları tədris üçün yararsız vəziyyətə düşmüşdü.

Məhz bu səbəblərdən hökumətin qərarı ilə 2006-cı ildən məktəblərin əsaslı təmiri mərkəzləşdirilmiş büdcə vəsaiti hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilməyə başlandıqdan sonra bu sahədə vəziyyət əsaslı şəkildə dəyişmişdir. Bu istiqamətdə həyata keçirilmiş tədbirlərin nəticəsində son 3 il ərzində 550-dən çox məktəb əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur.

Qeyd edilən əhəmiyyətli nailiyyətlərlə yanaşı, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na əsasən 2009-2012-ci illərdə 390 məktəb üçün yeni binanın inşası, 540 məktəb üçün əlavə korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Əsas hədəf məktəblərdə çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.

Ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunması. Son vaxtlaradək ümumi təhsil sistemində ən ciddi problemlərdən biri də mövcud ümumtəhsil məktəblərinin avadanlıqlarla təchizatı ilə bağlı olmuşdur. Əsaslı təmir kimi, məktəblərin avadanlıqlarla təchizatı da yerli büdcə vəsaiti hesabına həyata keçirilmişdir. Lakin aparılmış monitorinqlər və nəticələrin təhlili bu sahədə də vəziyyətin qənaətbəxş olmadığını göstərirdi.

Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən aparılan təhlillər göstərdi ki, avadanlıq baxımından respublikanın ümumtəhsil məktəblərində şagird masası, sinif lövhəsi, müəllim masası və stuluna daha çox ehtiyac yaranmışdır. Onu da qeyd edim ki, keçmişdə istehsal olunmuş həmin avadanlıqların keyfiyyəti və davamlılığı da qənaətbəxş deyildi.

Zəruri ehtiyac nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)" hazırlandı və Nazirlər Kabinetinin qərarı ilə təsdiq olundu. Proqramın reallaşdırılmasına 2005-ci ildən başlandı. İlk dəfə olaraq mərkəzləşdirilmiş vəsait hesabına Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinə yüksək keyfiyyətli avadanlqlar - şagird masası, yazı lövhəsi, müəllim masası və müəllim stulu verilməyə başlandı. Yeni tikilən və əsaslı təmir edilən məktəblərdən əlavə, son illərdə Proqrama əsasən 708 məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqlarla təchiz edilmişdir.

Aşağıdakı cədvəldə 2005-2009-cu illərdə ümumtəhsil məktəblərinin avadanlıqlarla təminatı barədə məlumat verilmişdir. 

 
Avadanlığın adı İllər üzrə verilən avadanlığın sayı

Cəmi

2005

2006 2007 2008 2009
Şagird masası 17500 56599 65000 68157 27414 234670
Yazı lövhəsi 1500 4880 5000 6520 2315 20215
Müəllim masası 1700 6104 7000 8180

4313

27297
Müəllim stulu 2600 7594 8000 11377 7662 29571
 

Təhlil göstərmişdir ki, 5 illik Proqramın başa çatmasına baxmayaraq, məktəblərin avadanlıqlarla təminatı sahəsində işlərin davam etdirilməsi zəruridir. Bu istiqamətdə 2010-2015-ci illəri əhatə edən yeni proqramın hazırlanması və həyata keçirilməsi mühüm vəzifələrdəndir.

Eyni zamanda təhlil göstərir ki, respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 40,4 faizində fizika kabineti, 55,4 faizində kimya kabineti, 55,9 faizində biologiya kabineti yoxdur. Məktəblərin maddi-tədris bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları ilə təmin olunması üçün müvafiq dövlət proqramının qəbul edilməsi zəruridir.

Məhz bu zərurət nəzərə alınaraq Azərbaycanda müstəqillik illərində ilk dəfə olaraq 119 məktəb müasir kimya və fizika laboratoriyaları ilə təmin edilmişdir, bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Ümumtəhsil məktəblərinin istiliklə təminatı. Ümumtəhsil məktəblərinin istiliklə təminatı sahəsində mövcud olan problemlərin aradan qaldırılması ilə əlaqədar 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən proqram həyata keçirilməyə başlanmışdır. İlk növbədə, Bakı şəhərinin bütün məktəblərində istilik sisteminin vəziyyəti araşdırılmış, hər bir məktəbdə problem və onun aradan qaldırılması üçün görüləcək tədbirlər, tələb olunan maliyyə vəsaiti əhatə olunmaqla proqram hazırlanmışdır. Eyni zamanda  bu  məsələ  Bakı  şəhərinin  bütün məktəblərinin rəhbərlərinin iştirakı ilə nazirliyin kollegiya iclasında geniş müzakirə olunmuşdur.

Təhsil Nazirliyi və "Azəristiliktəchizat" Açıq Tipli Səhmdar Cəmiyyətinin birgə proqramlarına əsasən 2007-2009-cu illərdə ölkə üzrə istilik sistemi bərpa edilmiş məktəblərin sayı 700-ə çatmışdır. 2007-ci ildə 250 məktəbin istilik sistemi bərpa edilmişdir ki, onlardan 128-i Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdir. 2008-ci ildə istilik sistemi bərpa edilmiş 350 məktəbdən 206-sı Təhsil Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına olmuşdur. 2009-cu ildə isə 100 məktəbin istilik sistemi əsaslı təmir olunmuşdur. Bu illər ərzində Bakı şəhərinin 301 ümumtəhsil məktəbinin istilik sistemi əsaslı təmir və bərpa olunmuşdur ki, bu da paytaxtda məktəblərin qızdırılması sahəsində problemlərin tam həlli deməkdir.  

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

4 İyun 2010 - ¹21

Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2008-ci il iyunun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il aprelin 7-də Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2010-cu il martın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Buraxılış imtahanlarından azadolunma barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ölkə məktəblərində "son zəng" çalındı
 
Hamını kövrəldən an
 
Bakıdakı 20 nömrəli məktəbdə möhtəşəm məzun günü keçirildi
 
Liseyin builki məzunları ötənilki uğuru təkrar etmək fikrindədirlər
 
Şirvan şəhərində müşavirə
 
Təhsil Nazirliyində buraxılış imtahanları ilə bağlı iclas keçirilib
 
Uşaqların müdafiəsi daim diqqət mərkəzindədir
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müdrikliklə  əməksevərlik  qovuşanda
 
Buraxılış imtahanlarına start verildi
 
Bəxtiyar Vahabzadənin 85 illik yubileyi qeyd olundu
 
Uşaqlar üçün bayram tədbiri
 
"Təhsilin əsasları" fənni müəllim hazırlığına verilən müasir tələblər baxımından
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün ümumi tarix fənni kurikulumu (VI-XI siniflər)
 
Mahnı teatrında musiqili kompozisiya
 
Səhnəciklər bayram əhvalını yüksəltdi
 
O, yaşıdları arasında ən güclü şahmatçı kimi tanınır
 
Fəridin uğurları
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Sidney Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov