İyunun
2-də Bakı Dövlət Universitetinin (BDU) böyük akt
zalında xalq şairi, dramaturq, ədəbiyyatşünas,
akademik Bəxtiyar Vahabzadənin 85 illik
yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri açan universitetin rektoru, millət
vəkili, akademik Abel Məhərrəmov böyük şairin
həyat və yaradıcılığından danışıb, onun
Azərbaycan xalqı və dövləti qarşısındakı mühüm
xidmətlərini diqqətə çatdırıb. Bəxtiyar
Vahabzadənin Azərbaycanda milli şüur və
təəssübkeşliyin, milli təfəkkür və oyanışın,
vətəndaş mövqeyinin formalaşmasında böyük rol
oynadığını vurğulayan rektor, fəaliyyətinin əsas
hissəsinin Sovet dövrünə təsadüf etməsinə
baxmayaraq, hər zaman milli oyanışı
yaradıcılığının ana xətti kimi qoruyub
saxladığını, "Gülüstan" poemasının məhz bu
dönəmdə yazıldığını və böyük səs-küyə səbəb
olduğunu bildirib: "Bəxtiyar müəllim özü deyirdi
ki, "Gülüstan"dan sonra hər gün evdən çıxanda
düşünürmüş ki, geri qayıtmayacaq. Amma böyük
şairin arxasında güclü bir əl dayanmışdı.
Sonralar məlum olmuşdu ki, bu, ümummilli ilder
Heydər Əliyevin əli imiş". Rektor bildirib ki,
bununla ulu öndər üstüörtülü də olsa milli
oyanışa təkan verib, bu sahədə yazıb-yaradan
insanların əsl himayəçisinə, qoruyucusuna
çevrilib. Ədəbi fikir tariximizin
formalaşmasında müstəsna xidmətləri olan dahi
şairin həyatının 50 ilinin BDU ilə bağlı
olduğunu bildirən akademik Abel Məhərrəmov onun
hər bir şeirində olan sətiraltı mənadan,
fəlsəfədən də danışıb. Böyük şairin 85 yaşının
avqust ayında tamam olacağını bildirən rektor
bugünkü tədbirlə yubiley mərasiminə start
verildiyini söyləyib: "BDU-da Bəxtiyar Vahabzadə
adına təqaüd təsis olunub, yubiley mərasiminə
qədər universitetdəki auditoriyalardan birinə
adının verilməsi qərara alınıb".
Şairin yaxın dostu, əqidə yoldaşı, professor
Şirməmməd Hüseynov isə Bəxtiyar Vahabzadənin
ictimai-siyasi fəaliyyətindən, yaradıcılığından
deyil, vətəndaş mövqeyindən bəhs edib, böyük
dostu ilə bağlı xatirələrindən danışıb.
Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli
səfiri Həsən Həsənov, professor İfrat Əliyeva da
çıxışlarında şairlə bağlı xatirələrini bölüşüb,
yaradıcılığından nümunələr gətiriblər. Tədbirdə
Bəxtiyar Vahabzadənin vaxtilə çalışdığı
filologiya fakültəsinin tələbələri şairin
"Gülüstan" poemasından səhnəcik nümayiş etdirib,
şeirlər söyləyiblər. Tədbirdə xalq artistləri -
Arif Babayev, Flora Kərimova, Nazpəri
Dostəliyeva, muğam müsabiqəsinin qalibi Babək
Niftəliyev şairin sözlərinə yazılmış və sevdiyi
mahnıları ifa ediblər.
BDU-nun Mətbuat və informasiya söbəsi |