Mayın 31-də Gənc Tamaşaçılar Teatrında 1 İyun
Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş
"Sülh göyərçiniyik biz" adlı bayram tədbiri
keçirilib. "Uşaqların xoşbəxt gələcəyi" İctimai
Birliyinin Təhsil Nazirliyi ilə birgə təşkil
etdiyi tədbirdə təhsil naziri Misir Mərdanov,
millət vəkilləri, tanınmış alimlər və
ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir
açıq elan edilib, Dövlət himni ifa olunduqdan
sonra təhsil naziri Misir Mərdanov təbrik nitqi
söyləyib.
Mərasim iştirakçılarını salamlayan nazir 1 İyun
Uşaqları Beynəlxalq Müdafiə Gününün artıq 60
ildir ki, dünyanın hər yerində bayram kimi qeyd
olunduğunu bildirib və əziz bayramları
münasibətilə uşaqları səmimi-qəlbdən təbrik
edib. Dünyanın bütün uşaqlarına həmişə açıq səma
altında böyüməyi, daim valideynlərinin və
doğmalarının diqqəti və qayğısı altında olmağı,
hər bir uşağa səmərəli və yaxşı mühitdə təhsil
almaq imkanlarının verilməsini arzu edən təhsil
naziri onlara öz millətləri, vətənləri üçün
uğurlu bir həyat yolu keçməyi, təhsildə
qazandıqları uğurları artırmağı, valideynlərini,
müəllimlərini sevindirməyi, vətənpərvər olmağı
tövsiyə edib.
Misir Mərdanov müstəqillik illərində ölkəmizdə
uşaqlara xüsusi diqqət yetirildiyini bildirib.
Qeyd edib ki, təhsilə və uşaqlara qayğı bu gün
dövlətimizin başçısı, möhtərəm Prezident İlham
Əliyevin siyasətinin prioritetlərindəndir. Son
illər ölkəmizdə uşaqların sağlam böyüməsi,
inkişafı, problemlərinin həlli baxımdan uğurlu
addımlar atılıb. Ölkə Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamları ilə ondan çox
dövlət proqramı təsdiq olunub, onların həyata
keçirilməsi üçün dövlət büdcəsindən xeyli vəsait
ayrılıb. Təhsil naziri son bir neçə il ərzində
respublikamızda 2000-dən çox məktəb, uşaq
bağçası və digər təhsil müəssisələri üçün yeni
binaların və əlavə tədris korpuslarının
tikilməsi və əsaslı təmir olunmasını təhsilə və
uşaqlara göstərilən qayğının bariz nümunəsi kimi
dəyərləndirib, həmin işlərin görülməsində
beynəlxalq təşkilatlarla, xüsusən də YUNİSEF,
YUNESKO, İSESKO və digər humanitar qurumlarla
əməkdaşlığın, birgə həyata keçirilən tədbirlərin
əhəmiyyətini qeyd edib. Nazir təbrik nitqində
həmçinin ölkəmizdə uşaqlarla, gənclərlə,
təhsilin, mədəniyyətin inkişafı ilə bağlı
qeyri-hökumət təşkilatlarının yaranıb
formalaşdığını, onlarla birgə həyata keçirilən
tədbirlərin böyük fayda verdiyini diqqətə
çatdırıb, gördüyü işlərə görə onlara, habelə
tədbirin təşkilində əməyi olanlara təşəkkür
edib.
Mərasimdə "Uşaqların xoşbəxt gələcəyi" İctimai
Birliyinin sədri Nərgiz Kazımova çıxış edərək
uşaqlara təbriklərini çatdırıb, onlara qayğının
hər zaman vacibliyini vurğulayıb, bu baxımdan
ölkəmizdə dövlətin və qeyri-hökumət
təşkilatlarının fəaliyyətinin səmərəli nəticələr
verəcəyinə inandığını bildirib.
Bayram tədbirində uşaq evlərinin və internat
məktəblərin yetirmələri musiqi və rəqs nömrələri
ilə çıxış edib, şeirlər söyləyiblər. Azərbaycan
Respublikasının əməkdar artisti Tünzalə Ağayeva
uşaqları mahnıları ilə sevindirib və onlara ən
xoş arzularını çatdırıb.
Tədbirdə habelə "Aqlamur" modalar evi tərəfindən
10 uşaq üçün son dəbdə tikilmiş paltarlar
nümayiş olunub, uşaqlara bayram hədiyyələri
paylanıb.
Yusif ƏLİYEV |