Elşən
Elman oğlu Xəlilov Gəncə şəhərindəki C.Cabbarlı
adına 6 nömrəli məktəbin 7-ci sinfində oxuyur.
2003-cü ildən idmanla müntəzəm məşğul olur.
Əvvəllər idmanın taekvando növünə maraq göstərən
Elşən müxtəlif yarışlarda mükafatçılar sırasına
çıxıb, fəxri fərmanlarla təltif edilib. 2008-ci
ildən isə məşqçi Mirağa Ağayevin təkidi ilə
Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman
Məktəbində ağırlıqqaldırma ilə məşğul olur.
İdmana həvəsi, məşqçilərin verdiyi tapşırıqları
inamla yerinə yetirməsi qısa zamanda yüksək
nailiyyətlər qazanmağına zəmin yaradıb. Belə ki,
Azərbaycan Respublikasi Təhsil Nazirliyinin
"Təhsil" Respublika İdman Mərkəzinin Gəncə
filialının ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr olunmuş ağır atletika üzrə
turnirində 62 kq çəki dərəcəsində iki hərəkətin
cəminə görə 106 kq nəticə göstərərək I yerə
layiq görülüb.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin
təşkilatçılığı ilə keçirilən şəhər
birinciliyində 69 kq çəki dərəcəsində 125 kq
nəticə göstərərək I yer, Gəncə şəhər 2 nömrəli
UGİM-in yeniyetmələr və gənclər arasında
keçirilən birinciliklərində müvafiq olaraq iki
hərəkətin cəminə görə 125 kq və 135 kq nəticə
göstərərək yarışların qalibi olub.
Elşənin uğurları bütün bunlarla qurtarmır. Şəhər
birinciliklərinin qalibi olduqdan sonra məşqçisi
Mirağa müəllim öz yetirməsini respublika
əhəmiyyətli yarışlarda da sınamaq qərarına
gəlir. "Zirvə" idman klubunun təşkil etdiyi ağır
atletika üzrə zona birinciliyində yeniyetmələr
arasında 62 kq çəki dərəcəsində çıxış edən Elşən
127 kq nəticə göstərərək turnirin qalibi olub.
Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyi Respublika UGİM ötən il və cari ildə
keçirdiyi respublika oyunlarında Elşən 104 kq və
131 kq nəticə ilə II yerə layiq görülüb, kubok
və medalla təltif edilib.
Elşən
Xəlilovun uğurlarında məşqçisi M.Ağayevin xüsusi
əməyi var. İdmana dövlət qayğısının gündən -
günə artdığını, yeni olimpiya kompleksləri,
idman saraylarının tikildiyini deyən Mirağa
müəllim yetirməsini həmişə tapşırıqları səylə
yerinə yetirdiyini, Elşənin gələcəkdə yaxşı
idmançı olacağına inandığını vurğuladı.
Elşən idmandakı uğurları ilə yanaşı, məktəbdə
təhsilini də yaddan çıxarmır. Sinif rəhbəri
Təranə Yusibova E.Xəlilovun dərslərini "əla" və
"yaxşı" qiymətlərlə oxuduğunu, nizam-intizamı
ilə həmişə yoldaşlarından fərqləndiyini dedi.
Qarşıdakı məsul yarışlara hazırlaşan Elşən
Xəlilov Avropa və dünya çempionatlarında iştirak
etmək və qalib olmaq arzusundadır. Orta məktəbi
bitirdikdən sonra isə Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasında təhsilini
davam etdirmək niyyətindədir. Zirvələrə aparan
yolda hələ kövrək addımlarını atan gənc Elşənə
gələcək idman və təhsil həyatında uğurlar
arzulayırıq.
Qabil YUSİFOĞLU |