Bakıdakı 31 nömrəli orta məktəbdə
1941-1945-ci illər Böyük Vətən müharibəsində
qələbənin 65-ci ildönümünə həsr olunmuş
tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan
məktəbin direktoru Şükufə Məmmədsalahova faşist
Almaniyası üzərində çalınan qələbənin təkcə
bizim üçün deyil, dünyanın bütün sülhsevər
insanları üçün tarixi hadisə olduğunu diqqətə
çatdırdı.
Sonra məktəblilər vətən, müharibə, sülh,
torpaq haqqında şeirlər söylədilər, mahnılar
oxudular, rəqs etdilər, səhnəciklər göstərdilər.
Söz veteranlara verildi. Azərbaycan
Respublikası Veteranlar Şurasının sədri İslam
Əfəndiyev, 416-cı Taqanroq diviziyasının
döyüşçüsü Əmiralı Əmiralıyev və Qarabağ
müharibəsi veteranı, gənclərin çağırışaqədərki
hazırlıq üzrə rəhbəri Novruz Babayev
müharibənin ağrılı - acılı günlərindən,
keçdikləri şərəfli döyüş yolundan, şahidi
olduqları bir çox dəhşətli anlardan bəhs
etdilər.
Sonda Əmiralı Əmiralıyev qələbənin əldə
edilməsində Azərbaycan xalqının
qəhrəmanlığını özündə əks etdirən "Mənalı ömür
yolu" kitabını məktəbin pedaqoji kollektivinə
hədiyyə etdi. Veteran onlara göstərdiyi diqqət
və qayğıya görə bütün veteranlar adından dövlət
başçısı İlham Əliyevə öz minnətdarlığını ifadə
etdi.
Sifai SƏFƏROVA |