Montana ştatı (ABŞ) Dövlət Universitetinin
tələbəsi Kolin Daniel Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı (QDİƏT) haqqında kursun əla
səviyyədə hazırlanmasına və aparılmasına görə
2010-cu ildə Heydər Əliyev adına mükafata layiq
görülmüşdür.
Azərbaycana və Avrasiya regionuna həsr edilmiş
tədqiqatlarda xüsusilə fərqlənmiş amerikalı
tələbələr üçün Heydər Əliyev adına illik mükafat
2008-ci ildə Azərbaycanın Los-Ancelesdəki Baş
konsulluğu tərəfindən təsis edilmişdir.
Baş konsul Elin Süleymanov universitetdə olarkən
mükafatı sahibinə təqdim etmişdir. Azərbaycan
təmsilçisi amerikalı tələbələrin məlumatlılıq
səviyyəsinin yüksək olduğunu qeyd edərək
xatırlatmışdır ki, bütün region, o cümlədən
QDİƏT çərçivəsində rifahın yüksəldilməsinə
yönəlmiş əməkdaşlıq ideyaları ümummilli lider
Heydər Əliyevin strateji siyasətinin əsasını
təşkil edirdi. Bu gün Prezident İlham Əliyevin
həyata keçirdiyi regional inteqrasiya
siyasətində də məhz bu yanaşma öz əksini tapır.
Sonra universitetin təhsildə ən çox fərqlənən
tələbələrinə xatirə hədiyyələri təqdim
edilmişdir.
Montana ştatı Dövlət Universitetinin siyasi
elmlər fakültəsində QDİƏT haqqında kursu
professor Tomas Holts tədris edir. Çox populyar
olan bu kursun interaktiv modelləşdirmə
formasında tədris edilməsi tələbələrin regional
mövzuları daha dərindən öyrənmələrinə kömək
edir, diplomatiya və beynəlxalq danışıqlar
sahəsində faydalı vərdişləri inkişaf etdirməyə
imkan verir. Azərbaycanın Los-Ancelesdəki Baş
konsulluğu bu kursun tədris edilməsini
dəstəkləyir.
E.Süleymanov Montanaya səfəri çərçivəsində
universitetin Energetika mərkəzinin müəllim və
tələbələri üçün seminar keçirmişdir. Baş konsul
enerji təhlükəsizliyinin təmin edilməsində
Azərbaycanın rolu, habelə ölkə rəhbərliyinin
alternativ enerji mənbələrinin inkişafına və
ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş
siyasəti barədə söhbət açmışdır. Bu siyasətə
əyani nümunə kimi Prezident İlham Əliyev
tərəfindən elan edilmiş "Ekologiya ili"
çərçivəsində ARDNŞ-in çirklənmiş ərazilərin
təmizlənməsi üzrə fəaliyyəti qeyd edilmişdir.
AzərTAc |