Misir Mərdanov qonağı səmimi salamlayaraq onu
Təhsil Nazirliyində yenidən görməyinə məmnun
olduğunu bildirib. Nazir Fransa ilə Azərbaycan
arasında təhsil sahəsində mövcud olan
əlaqələrdən söz açıb, bu əlaqələrin inkişaf
etdirilməsi istiqamətində bir sıra məsələlərə
toxunub, ölkəmizin orta məktəblərində fransız
dilinin tədrisi vəziyyəti barədə danışıb. Misir
Mərdanov mövcud olan əməkdaşlıq çərçivəsində
digər əhəmiyyətli layihələrin həyata keçirilməsi
istiqamətində lazımi dəstək göstərməyə hazır
olduğunu qeyd edib.
Fransa Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Qabriel Keller təhsil naziri
Misir Mərdanova səmimi qəbul üçün
minnətdarlığını bildirib. Səfir ölkələrarası
əlaqələrin son illər daha da inkişaf
etdirilməsindən və bu əlaqələrdə təhsil
sahəsinin xüsusi yeri olduğundan söz açıb.
Azərbaycan - Fransız məktəbinin yaradılması ilə
bağlı bir sıra məsələlərə diqqət çəkən qonaq
belə bir məktəbin Gürcüstanda da açıldığını və
"Qafqazın fransız məktəbi" adı altında fəaliyyət
göstərdiyini vurğulayıb. Qabriel Keller,
həmçinin, bu məktəbin Qafqazda yeganə olmaması
arzusunu dilə gətirib və bununla əlaqədar
nəzərdə tutulan məsələləri qeyd edib.
Nazir qonağın bu fikri ilə razılaşaraq onu
dəstəklədiyini, hazırda ölkəmizdə belə bir
məktəbə ehtiyac duyulduğunu bildirib. Misir
Mərdanov bununla bağlı müvafiq sənədin
imzalanması məsələsinə toxunub, təhsil sahəsində
qarşılıqlı əlaqələrimizin daha da
möhkəmlənəcəyinə inamını ifadə edib.
Görüşdə, həmçinin, Fransa universitetlərində
təhsil alan azərbaycanlı tələbələrin
qarşılaşdıqları bir sıra problemlərin aradan
qaldırılması məqsədilə təkliflər səsləndirilib
və bununla bağlı birgə işçi qrupunun yaradılması
qərara alınıb. |